"ABŞ-ın SSRİ-yə qəfil nüvə-raket hücumu hazırlığı planı
yox idi".
Axar.az "Gordon.ua"-ya istinadən xəbər verir ki, bu sözlər
hazırda Amerikada yaşayan məşhur iqtisadçı, KQB-nin keçmiş agenti
Yuri Şveçin müsahibəsində yer alıb.
O, SSRİ rəhbərliyinin sadəcə marionetka olduğunu
bildirib:
"Niyə 1953-cü ildə Nikita Xruşşovu SSRİ Mərkəzi Komitəsinin
Birinci katibi təyin etmişdilər? Axı o, Stalin dövründə əsil "çmo"
idi. Amma onun arxasında ciddi adamlar dayanmışdı və marionetka
kimi bu vəzifəyə təyin etmişdilər. Leonid Brejnev də SSRİ-ni
müəyyən müddətlik idarə etməli idi. Bir neçə il sonra isə onun
ağıllı "dəmir Şurik" – Aleksandr Şelepun əvəz etməli idi. Amma hər
kəsə marionetka lazım idi və ona görə də dəyişiklik olmadı.
Beləliklə, bu bir neçə il 18 illik Brejnev epoxası ilə başa çatdı.
Putinlə də həmin tarix təkrarlanır. Mən Putinin prezident olmasında
az rol oynamayan Boris Berezovski ilə bunu müzakirə etmişəm. Boris
deyirdi ki, "Mənə bir televiziya verin və mən növbəti Rusiya
prezidenti üçün kreslo hazırlayım". Bax, Putinin necə qalxmasının
cavabı buradadır. Bu gün Kremldə saray çevrilişi etmək mümkündür.
Çünki Kreml elitasının biznesi Qərb sanksiyalarından əziyyət çəkir.
Krım və ya Donbas onların vecinə deyil. Xalqın qiyamından qorxmaq,
Moskva elitasının xroniki xəstəliyidir. SSRİ çökən zaman KQB-yə,
bizim yanımıza hər gün bir məmur gəlirdi. Onlar deyirdilər ki,
"uşaqlar siz bizi hakimiyyətdə saxlamalısınız, yoxsa hamımızı
1956-cı ildə Budapeştdəki kimi işıq dirəklərindən asacaqlar".
Nüvə müharibəsi - Satana
İqtisadçı Putinin nüvə savaşını başlatmayacağını deyib:
"Putin nüvə silahından istifadə etməyəcək. Mən ABŞ və SSRİ
arasında soyuq müharibə dövründə olan hərbi-strateji problematika
ilə professional şəkildə məşğul olmuşam. Nüvə müharibəsini başlamaq
nə deməkdir? Bu, ilk zərbəni endirməklə həddən çox yerüstü raket
sistemlərini məhv edib və əvəzində ona qarşı yönəldilən raketlərin
qarşısını almaq deməkdir. SSRİ-nin heç bir zaman ilk nüvə zərbəsi
endirmək potensialı olmayıb. Rusiyanın isə, ümumiyyətlə, yoxdur.
Rusiyada döyüş başlıqlarının demək olar ki, yarısı SS-18 və ya
"Satana" raketlərinin üzərində yerləşdirilib. Bunlar 60-cı illərin
məhsuludur və heç bir dəqiqliyə malik deyillər. Raketlər yalnız
meydana zərbə endirmək üçündür. Daha dəqiq desək, rus raketləri Nyu
York, San Fransiskonu məhv edə bilər, amma ABŞ-ın raket şaxtalarını
sıradan çıxara bilməz. Əvəzində isə zəmanətli cavab zərbəsi
alacaqlar ki, bu da bütün Rusiyanı bürüyəcək. Putin fəxr edirdi ki,
o, Qara dənizdəki ABŞ gəmilərini qorxudub. Amma nədənsə heç kim
Putinə başa salmır ki, rus gəmilərinin atəş məsafəsi 250
kilometrdir, amma Amerika gəmilərindəki qanadlı raketlər 2500
kilometr məsafəni vurmaq məsafəsindədirlər. Əgər müharibə başlasa,
o zaman ABŞ-ın Aralıq dənizindəki 6-cı donanması Qara dənizə
girmədən rahat müharibə apara bilər".
SSRİ-də yeraltı savaşlar
Eks-kəşfiyyatçı Moskvada güc orqanlarının ABŞ-ın adından
istifadə edərək, büdcədən külli miqdarda pul götürdüyünü
vurğulayıb:
"Vaşinqtonla Moskvanın indiki savaşı 1970-cı illərdəki ABŞ-SSRİ
münasibətlərinə bənzəyir. O zaman ABŞ-a Cimmi Karter rəhbərlik
edirdi. O hər kəslə dost şəklində yaşamaq istəyirdi. SSRİ bundan
istifadə etmək əvəzinə ABŞ üzərinə yürüyüb, Əfqanıstana girdi və
ardınca SS-20 raketlərini Avropaya tərəf yönəltdi. 1981-ci ildə
prezident olan Reyqan isə buna son qoymaq qərarı aldı. O,
silahlanmaya maliyyəni artırdı. Bu zaman sovet generalları Siyasi
Büronu tərpətməyə başladılar ki, amerikalılar SSRİ-yə ilk zərbəni
hazırlayırlar. Əslində isə Reyqan bunu planlaşdırmırdı. 1985-ci
ildə məni TASS agentliyinin müxbiri kimi Vaşinqtona göndərdilər.
Tapşırıq isə ABŞ-ın SSRİ-yə qəfil nüvə-raket hücumuna hazırlığına
baxmaq idi. Bu cür tapşırıqları mənim siyasi kəşfiyyat xəttindən
olan bütün həmkarlarım da almışdı. Üç ay bəs etdi ki, mən bunun boş
bir şey olduğunu anlayım. Həmin zaman mən rezidenturanın digər
əməkdaşlarına müraciət etdim, amma onlar da mənimlə razılaşdılar.
Baş Kəşfiyyat İdarəsinin analitikləri də belə hesab edirdilər. Amma
hər kəs Moskvaya dostcasına Pentaqonun Moskvaya zərbə vuracağı
hazırlığı raportunu göndərirdilər. Siyasi Büroda hər zaman
xalçaaltı savaş gedirdi. 1970-ci illərin sonunda SSRİ Müdafiə
Nazirliyinin rəhbərliyi və KQB ortaq olaraq, ABŞ-dan qəfil
nüvə-raket zərbəsi təhdidi olduğunu yaratdılar. Səbəb isə Siyasi
Büronun üzvlərini qorxutmaq idi. Bunların böyük hissəsini isə 80
yaşlı qocalar təşkil edirdi. Nəticədə güc orqanları büdcədən xeyli
pul, ulduz, mükafatlar almağa başladılar. Sovet kəşfiyyatçılarından
ABŞ-ın raket zərbəsi vurmağa hazırlaşdığı haqqında informasiya
tələb edirdilər. Əgər sən bunu təsdiq etməyən raport
göndərmişdinsə, o zaman Moskvaya geri qaytarılacaqdın".
Raketlər Avropada – Moskva hədəfdədir
Şveç SSRİ-də hərbi qanadın hakimiyyətdə güclənməsinin Andropov
dövründən başladığını söyləyib:
"SSRİ-nin çöküşünə səbəblərdən biri də yuxarıları virtual təhdid
axtarışı ilə məşğul olduğu zaman iqtisadiyyatın dağılması oldu.
Nəticədə 1991-ci ildə ölkə süqut etdi. Eyni ssenarini Rusiya təkrar
edir. Onu da güc orqanları parçalayır. Hər şey KQB sədri Yuri
Andropov və Müdafiə naziri Dmitri Ustinovdan başlamışdı. Onların bu
təşəbbüsünə Andropovun yaxın tərəfdaşı olan Vladimir Kryuçkov da (o
zaman SSRİ Xarici Kəşfiyyatına rəhbərlik edirdi) dəstək verirdi.
Yazova qədər olan bütün müdafiə nazirləri bu sui-qəsddə iştirak
etmişdilər. 1970-ci illərin ikinci yarısında SSRİ orta mənzilli
SS-20 raketlərini ixtira etmişdi. Heç bir konkret hədəf və məqsəd
yox idi. Brejnevin şəxsi məsləhətçisi səfirlikdəki qapalı brifinqdə
bir dəfə bunun haqqında danışdı. Brejnev harasa xaricə gedir və
Siyasi Büro üzvləri onu yola salırdılar. Birdən Brejnevə Müdafiə
naziri Ustinov yaxınlaşır. O deyir ki, "biz raket hazırlamışıq,
amma onlar ABŞ-a çata bilmir və əvəzində Avropanı örtə bilər.
Bununla bağlı pul xərcləmişik, amma hara yönəldəcəyimizi bilmirik.
Bəlkə onları Qərbi Ukrayna və Belorusda yerləşdirək? Qoy elə orada
qalsınlar". Qocalmış Brejnev sadəcə "elə, Dima, elə" deməklə
kifayətlənir. Bax, bu cür real şeylərdən uzaq səbəblərdən SSRİ
SS-20 raketlərini Avropaya yönəltdi. ABŞ isə Moskvanı 8-10 dəqiqəyə
vura biləcək "Perşinq-2" raketlərini Avropaya gətirdi. Putin bunu
anlamalıdır. Əgər Qərb həmin raketləri Baltikyanı ərazilərə
yerləşdirsə, o zaman Moskvanı 2-2,5 dəqiqəyə vurmaq olacaq. Bu isə
bütün nüvə müharibəsinin taleyinin həll edilməsi deməkdir?"
Qeyd edək ki, Yuri Şveç 1980-ci illərdə Vaşinqtonda KQB agenti
kimi çalışıb. 1990-cı illərdə o, KQB-dən öz istəyi ilə gedib. Məhz
Şveç Federal Təhlükəsizlik Xidmətinin öldürülmüş zabiti Aleksandr
Litvinenkonun Sergey İvanov və Putin haqqında lazımlı sənədlər
toplamasına yardım etmişdi.