Ermənistan Prezidenti Serj Sərkisyan elektrik enerjisi
tariflərinin artırılmasına etiraz olaraq İrəvanda davam edən
fasiləsiz aksiyalarla bağlı ilk dəfə ictimaiyyətə müraciət
edib.
Virtualaz.org saytı xəbər verir ki, Sərkisyan iyunun 27-də axşam
saatlarında iqtisadiyyata cavabdeh nazirlərlə və digər rəsmilərlə
müşavirə keçirərək həm aksiyalara, həm də elektrik enerjisinin
bahalaşması qərarına münasibətini açıqlayıb.
Ermənistan prezidenti deyib ki, dünən baş nazirlə bu məsələni
uzun-uzadı müzakirə edib. Bu gün isə qərara alıb ki, müzakirələrin
nəticəsini ictimaiyyətə elan etmək lazımdır.
Sərkisyan demokratiya, vətəndaş cəmiyyəti barədə uzun-uzadı
danışıb, aksiyaların dinc xarakter daşımasını Ermənistan
cəmiyyətinin nailiyyəti adlandırıb. Nümayişçilərlə hüquq-mühafizə
orqanları arasında etimad yarandığını vurğulayıb və deyib ki, bu,
dünyanın çox yerində mümkün olmur.
Daha sonra Sərkisyan Ermənistanın elektrik enerjisi şəbəkəsinin
operatoru, Rusiyanın "İnter RAO EES" şirkəti tərəfindən tariflərin
artırılmasına dair müraciətin tam əsaslı olduğuna əminliyini
bildirib.
Ermənistan prezidenti deyib ki, əgər tariflər artırılmasa,
ölkənin energetika sistemi çökə bilər. Sərkisyan Ermənistanın
enerji təhlükəsizliyinin daha etibarlı təmin olunması üçün Avrasiya
İttifaqının yeni formalaşan müvafiq strukturları ilə danışıqların
aparılmasına dair tapşırıq verdiyini deyib.
Sərkisyan kompromis variant kimi təklif edib ki, aksiyaçıların
nümayəndələrinin də iştirakı ilə beynəlxalq audit şirkəti seçilsin.
Bu şirkət elektrik enerjisinin bahalaşması qərarının nə dərəcədə
əsaslı olduğunu və tariflərin artırılmayacağı təqdirdə ölkənin
elektrik enerjisi sistemini nə gözlədiyini müəyyən etsin.
"Həmin müddətdə tariflərin artırılmasına görə xərcləri hökumət
üzərinə götürəcək. Əgər audit müəyyən etsə ki, tariflərin
artırılması əsassızdır, o zaman elektrik enerjisi operatoru həmin
vəsaiti hökumətə qaytaracaq və məsul şəxslər cəzalanacaq. Yox, əgər
audit müəyyən etsə ki, bahalaşma qaçılmazdır, o zaman audit
aparıldığı müddət ərzində köhnə tariflərlə yeni tariflər arasında
yaranan fərqi əhali ödəyəcək", - deyə Sərkisyan bildirib.
Sərkisyan deyib ki, polis istənilən tapşırığı yerinə yetirə
bilər, ancaq bu, məqsəd deyil. O, aksiya iştirakçılarına müraciət
edərək İrəvanın mərkəzini iflic etməməyə və Baqramyan prospektindən
çəkilməyə çağırıb.
"Allah xatirinə, şəhərin mərkəzini iflic etdiyiniz bəsdir, bizim
hamımızın çiyininə məsuliyyət düşür və bu məsuliyyət artacaq. Daha
sakit metodlara keçin, Baqramyan prospektini azad edin və qərar
qəbulu mərhələsinə kömək göstərin, bu həll yoluna etimad
yaradılmasına çalışın", - deyə Sərkisyan bildirib.