Ötən il 106 min nəfər Azərbaycan vətəndaşı Rusiyada əmək
fəaliyyəti ilə məşğul olmaq üçün patent alıb. APA-nın Moskva
müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının
"Ədalətli Rusiya" fraksiyasından olan deputatı, MDB işləri,
Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin
üzvü Tatyana Maskalkova bu gün dumada keçirilən Azərbaycan-Rusiya
münasibətlərinə həsr olunan dəyirmi masada bildirib.
Onun sözlərinə görə, 2015-ci il yanvar ayının 1-dən Rusiyada
miqrasiya qanunvericiliyi daha da sərtləşdirilib: "Bu addım artıq
öz bəhrəsini verib, effektivliyini göstərib. Qanunvericiliyə
dəyişikliklər edilərkən mövcud vəziyyət öyrənilib, ətraflı
araşdırılıb. Əlbəttə ki, miqrantlar sosial gərginliyi artırır.
Ölkənin titulu xalqı ilə gəlmələr arasında iş yerləri barəsində
rəqabət artır. Əgər MDB ölkələrindən gələn vətəndaşlar olmasaydı
Rusiyanın bir çox sahələri bu gün olduğu qədər inkişaf edə
bilməzdi. Bunu qeyd etmək çox vacibdir. Təkcə ötən ildə 106 min
nəfər Azərbaycan vətəndaşı Rusiya ərazisində əmək fəaliyyəti ilə
məşğul olmaq üçün patent alıb. Bu olduqca böyük rəqəmdir".
Rusiyalı deputat Azərbaycanlı gənclərin Rusiyada təhsil alması
məsələsinə də toxunub. O, Rusiyanın ali təhsil məktəblərində
Azərbaycan üçün ayrılan kvotanın sayının ildən ilə artdığını da
qeyd edib.