Eynşteyn haqqında, daha doğrusu, onun beyninin ölümündən
sonra çıxarılması və oğurlanması haqqında yəqin ki, bir çoxlarınız
oxuyub. Doğurdanmı, bu dahinin beyni oğurlanıb, ya bütün bunlar
şayiələrdir?
Buna cavab vermək çox maraqlı olardı və biz də "Axar.az" olaraq
bunu nəzərə alıb kiçik bir araşdırma apardıq. Bəlli oldu ki...
Səyahət edən beyin
Dahi alim 1955-ci il aprelin 18-də, 76 yaşında vəfat edib. Onun
ölümündən sonra adətə uyğun olaraq bədənin otopsi edilməsi üçün
Prinseton xəstəxanasında hazırlıqlara başlanılır. Bunu edən həkim
Tomas Harvey belə bir insanı otopsi edəcəyindən o qədər
həyəcanlanır ki, hətta lazım olandan çox araşdırma aparır və bəlli
olur ki, Eynşteynin beyni normal kişi beyni kimidir və onun
ağırlığı 1230 qramdır.
Lakin iş bununla qalmır və Tomas Harvey beyni çıxarıb bir
bankaya qoyur, hətta bununla da qalmır. O Eynşteynin gözlərini də
çıxarıb onun göz həkimi olan Henri Abramsa verir.
Eynşteynin beyni olan şüşə bankanı evinə gətirib yazı stolunun
altına qoyur. Bir müddət sonra alimin şəxsi doktoru Harri Zimermana
bu haqda xəbər verir. Bundan həyəcanlanan Zimerman mətbuatda çıxış
edərək yaxın zamanda alimin beyni ilə bağlı məlumatların veriləcəyi
haqqında açıqlama verir. Bu acıqlamadan sonra Eynşteynin oğlu Hans
əsəbi halda xəstəxanaya gəlir və buna etiraz edir. Amma bu artıq
bir nəticə vermir, edəcək bir şey də yoxdu, çünki alim dəfn
edilmişdi.
Beyin üzündən Harveyin ailəsində mübahisələr yaranır və arvadı
stolun altındakı beyni atacağını deyəndə onu da alıb evini tərk
edən həkim Kanzas əyalətində yaşamağa başlayır.
İllər keçir, amma beyin hələ də bankada qalmaqdadır, ondan bu
haqda soruşanlarasa araşdırma apardığını deyən Harvey əslində, bu
sahədə uzman olmadığından heç bir nəticə əldə edə bilmir.
1985-ci ildə Kaliforniya Universitetindən olan Mariyan Diamond
beyinlə maraqlanır və Harvey ona beyindən bir parça verir. Bundan
sonra beynin adi insan beynindən fərqli olması haqqında yazı ilə
çıxış edən Mariyan Diamondun yazısı səs salsa da, araşdırmada kobud
səhvlər olduğundan bir azdan onun məqaləsi unudulur.
1990-cı ildə Harvey bu qəribə adam beynin qalan hissələrini alimin
nəvəsinə bağışlamaq istəyir. Bunun üçün o uzun bir yolçuluq edir,
amma nəvə babasının beynindən imtina etdiyindən əlindəki banka ilə
yenidən evinə geri dönür.
Beləcə, dahi alimin beyni hələ də səyahət edir və bu səyahətlər
içində ən qəribəsi onun Yaponiyaya gedib çıxmasıdır.
Belə ki, yapon alimi, Eynşteynin heyranı olan Siqimoti Kenji
ondan bir parça almaq üçün 1994-cü ildə artıq 82 yaşı olan Harveyi
tapır və beyindən bir parça ona verməsini xahiş edir. Nə baş verir?
Beyindən ona verməyə razılıq verən həkim mətbəxə keçir, əlində bir
taxta, bıçaq və içində Eynşteynin beyni olan banka ilə qayıdır,
artıq kirlənmiş bankanın qapağını güclə qaldırıb çıxardığı beyni
taxtanın üstünə qoyub bıçaqla ondan bir parça kəsərək bütün baş
verənləri heyrətlə izləyən yaponiyalı alimin əlinə verir.
2007-ci ildə ölümündən az əvvəl o əlində olan beyni Prinseton
Universitetinin professoru Eliot Krausa verir.
Eynşteynin beyninin səyahəti nəhayət 2010-cu ildə ailəsinin qalan
hissələri Mariylan əyalətindəki tibb muzeyinə bağışlaması ilə sona
çatır.