ABŞ Dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Maykl Uolts Prezident Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığının detallarına dair bəyanat yayıblar.
Axar.az xəbər verir ki, bəyanatda tərəflərin Kurskdakı vəziyyəti nəzərdən keçirdiyi və döyüş meydanında vəziyyətin inkişafı ilə bağlı müdafiə qərargahları arasında sıx məlumat mübadiləsi aparmaq barədə razılaşdığı qeyd edilib.
Bəyanata əsasən, iki lider enerji infrastrukturuna qarşı qismən atəşkəs haqqında razılığa gəliblər. Həmçinin qeyd olunub ki, texniki qruplar atəşkəsin Qara dənizə qədər genişləndirilməsini müzakirə etmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşəcəklər. Tərəflər bunun müharibənin tam başa çatması və təhlükəsizliyin təmin edilməsi istiqamətində ilk addım ola biləcəyinə dair razılaşıblar.
Zelenski ABŞ prezidentinə minnətdarlığını bildirib və tam atəşkəs əldə etməyə hazır olduğunu bir daha təsdiqləyib.
“Prezident Tramp Ukraynanın elektrik təchizatı və atom elektrik stansiyalarına dair müzakirə aparıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlar elektrik enerjisi və kommunal xidmətlər sahəsində təcrübəsi ilə bu stansiyaları işə salmaqda çox kömək edə bilər. Amerikanın həmin stansiyalara sahib olması infrastruktur üçün ən yaxşı müdafiə və Ukraynanın enerji infrastrukturuna böyük dəstək olar”, - deyə açıqlamada qeyd olunub.