Ölkənin cənub bölgəsinə olan
səfərimdə redaksiyanın
maraqları mənim üçün öndə oldu. Yol boyu müşahidələrimi yazmaq,
yazın gəlişinin əyalət adamlarında hansı qayğıları yaşatdığını da
qələmə almaq keçdi içimdən. Niyyətimi gerçəkləşdirmək üçün elə uzaq
yolun yolçusunu tapmaq da kifayət edərdi...
Bakı–Astara yolunun üstündə yerləşən Binə ticarət mərkəzinin
yaxınlığındakı dayanacaq qələbəlikdir. Rayonlara gedən insanlar
gedəcəkləri istiqamətə maşın gözləyir. Yol yoldaşımı götürmək
istəyi ilə maşını saxlayıram. Tələsik maşına yaxınlaşan
sərnişin-müştərilərə "Cəlilabada gedən bir nəfər lazımdır", -
deyirəm. Yorğun görkəmli, sifətində illərin əzabı yuvalamış bir
gənc:
- Dayı, neçəyə aparasan?- soruşur.
- Gəl otur, - deyirəm. Tərəddüd edir. Təkrar
çağırıram.
Oturur. Yol uzunu xeyli susur. Hiss olunur ki, yorğundur.
Mürgüləyir. Doğrusu, dilxor oluram. Mən yolu qısa etmək,
darıxmamaq, həm də növbəti yazımın qəhrəmanı kimi bu adamı
götürmüşdüm.
Ələt qəsəbəsində yanacaqdoldurma məntəqəsində yuxudan
ayılır.
- Dayı, su alım sənə? – maşından düşür.
- Yox.
Tosif daima əziyyət içində yaşayacaqdı
Söhbətimiz alınmağa başlayır. Adını soruşuram.
- Tosif.
- Bəlkə Yusif?
- Yox, Yusif böyük qardaşımın adıdır.
- Əgər sən tez doğulsaydın, Tosif qardaşının adı
olacaqdı.
- Xeyri yoxdur, yenə də sənin yol yoldaşın Tosif olacaqdı. Yusif
anamın ilki olduğuna görə, ikinci uşaq qardaşım olsa da, Tosif
daima əziyyət içində yaşayacaqdı.
Deyəsən söhbətim alınır. Maraqlı müsahibdir, – düşünürəm. Məlun
olur ki Tosifin 24 yaşı var. Hərbi xidmətdə olub, istəyib Rusiyaya
işləməyə getsin, evdəkilər mane olub:
- "Duxlu" cayıl, elə burda da qazana bilər, düzdü dayı? – deyir
və məndən təsdiq alır. - Göy-göyərti gətirirəm 8-ci kilometr
bazarına. İki gündən bir gəlirəm. Bütün xərclərim çıxandan sonra
35-40 manat qalır. Allah bərəkət versin.
- Neçəyə alıb - satırsan?
- Bir yerdən verirəm. Daimi müştərilərim var. Dəstəsi 4 qəpiyə.
Almıram, özümüz əkirik. Həyətimiz böyükdür. Pay torpaqlarımız da su
ayağındadı.
Tosifdən kəndlərinin adını soruşuram.
- Suluçeşmədən o tərfədir kəndimiz, - deyir. Kəndlərinin adını
çəkmir.
- Yəni Başsızdan o tərəfə? Qarayardan?
- Yox, o kənddən yox. Demək istəmir. Mən də üstünə getmirəm.
Bizdə başçı yoxdur
- Suluçeşmənin niyə "Başsız" adlandırılmasının səbəbini
bilirsənmi? - soruşuram.
- Nə bilim hərə bir söz deyir. "Suluçeşmə" daha yaxşıdır.
Bilirsən, dayı, bizim kənd suyun mənbəyindədir də...
- Hə, elə bu ad da suyla bağlıdı.
Ruslar Azərbaycana sürgün olunandan sonra onların rayonun aran
kəndlərində yola, stansiyaya, rayon mərkəzinə yaxın yerlərdə
yerləşdirildiyindən danışıram:
- Ruslar yuxarı dağ kəndlərindən saxsı borularla
aşağıdakı yaşayış məskənlərinə su çəkirmiş. Suluçeşmə kəndinin
ərazisində iş görüləndə kənd əhli ayağa qalxır. İcazə vermirlər
suyun kəndin içərisindən çəkilməsinə. Tələbləri də bu olur ki,
bizim ərazimizdən o şərtlə su aparıla bilər ki, gərək biz də o
sudan istifadə edək. Ruslar razılaşmır. Qarşıdurma böyüyür.
Layihəni dəyişmək isə çoxlu maliyyə itkisi demək idi. Məsələni
yoluna qoymaq üçün kəndin başbilənini, böyüyünü, başçısını danışığa
çağırırlar: "Başçınız kimdir, o gəlsin", - deyirlər. "Bizdə başçı
yoxdur, deyir" sizinkilər. Bax onda, bu kəndin adına "Başsız"
deyirlər. Amma bu, yanlış da ola bilər..."
- Dayı, mən bunu bilmirdim.
Kəndləri haqda danışdıqlarım Tosifə xoş olur.
- Bəs bilirsən "Tikalovka" kəndinin adı necə qoyulub,
eşitmisən?
Tosif bu kəndi tanımadığını deyir.
- Hə indi o kənd yoxdur. 30-cu illərdə o kəndi və digər
2 kəndi bizim Sabirabad kəndinə köçürüblər. Qəbiristanlıqları
durur. Danışım bil.
Tosifin yuxusu tamam qaçıb. Yanpörtü oturub maraqla qulaq
asır.
O boyda "Rusyətdən" gəlib, özünü bambılı kimi
aparır
- Demək, yenə də həmin vaxtlar olur. Peterburqdan bir
topoqraf mühəndis gəlir. Kəndləri gəzib, xəritə tərtib edirmiş. Nə
isə, bir kəndli həmin kənddən olur, at-araba ilə gəlib bunu
stansiyadan götürüb həmin kəndə aparırmış. Mühəndisin gözəl xanımı
da yanında. Bizim bu həmkəndli də ömründə belə donda, səliqədə,
yaraşıqda qadın görməyibmiş. Demək, araba təpənin yanındsan keçir.
Hər tərəf gül-çiçək. Qadın ərinə bu güllərin, çiçəklərin
gözəlliyindən danışır. Rus mühəndis işarə edir ki, saxla. Düşür
xanımı üçün gül toplamağa. Başı çiçəklərə qarışır və arabadan
uzaqlaşır. Bunu görən kəndli qadına arabadaca təcavüz edir. "Nə
ola-ola" fikirləşir. Mühəndis qadının kömək çağırışına gələndə
artıq hər iki tərəf bu "təcavüzün" həzzindən bihuş vəziyyətdə olur.
Mühəndis sadəcə, "Vı, dikiy narod", deməklə yerə düşmüş "papağının"
qisasını alır. Amma tərtib etdiyi xəritədə kəndin adını "Dikalovka"
yazır. Amma başqa mənbə də var ki, deyir, guya bu kəndin adını
təyyarəçi Çkalovun şərəfinə belə adlandırıblar. Amma bu kənd
dağılıb Sabirabada qarışanda Çkalov qəhrəman kimi
tanınmırdı.
Adam da arvadını çölün ortasında yad kişiylə tək
qoyar?
Tosif xeyli həmin kəndçimizin "qəhrəmanlığını" tərifləyir:
- Yaxşı edib, bacarana can qurban. Bu birinə bax e, o boyda
"Rusyətdən" gəlib, özünü bambılı kimi aparır, gül yığır.
Siqaret yandırıb, dərin qullab vurur, xeyli dinmir. Gözaltı
baxıram. Mənə dönür:
- Denən, ay oğraş, adam da arvadını çölün ortasında yad kişiylə
tək qoyar?
Söhbətin axarı yenə də dolanışığa gəlir. Yol yoldaşım deyir ki,
adam var, dolanışığın yolunu tapıb. Orqan işçiləri ilə də əlbir,
dilbir olublar:
- Bizim dağ kəndlərindən birində bir oğlan var. Beləsuvar polisi
ondan 10 tona yaxın at əti tutdu. 4-5 gün saxladılar, buraxdılar.
Demək, dağlardan atı oğurlayıb kəsir, ətini Bakıya aparırmış.
Dayıcanı, donuzu əskikdir.
Sonra zəmanəni, bəzi məmurları pisləyir. Salyan Xalacına
çatmamış yol polisi əl edir. Saxlayıram.
Tosif: - Sən nə etdin ki, ay dayı, o saxladı? - soruşur.
Cavab vermirəm. Düşüb özümü təqdim edirəm. Polis heç bir söz
demədən əl verir, yaxşı yol diləyir. Maşına qayıdıram. Dostumun
əhvalında dəyişiklik hiss edirəm.
- Sən ona nəsə göstərdin, heç nə demədi. Sistemdə işləyirsən,
dayı?
- Oxşayıram?
- Yox, – deyir. Ardınca: - Nə bilim vallah, mən də nə gəldi
danışdım.
Gülürəm. Amma onu da intizarda saxlayıram.
Tosif Cəlilabada qədər susmağa üstünlük verir. "Armudu stəkan"ın
yanında onu düşürürəm. Pul vermək istəyir. Götürmürəm:
- Yolda darıxmayım deyə götürdüm səni. Pula aparsaydım,
əlavə də 3 nəfər götürərdim.
Təşəkkür edir:
- Orqan işçiləri qaraqabaq olur, sən amma yaxşı kişisən,
dayı...
Amma Tosifin çaşqın qalması da ürəyimcə olmur. Ona orqan işçisi
olmadığımı deyirəm.