Bu günlərdə yaz-yay balıqartırma mövsümünə start
verilib. Bu münasibətlə bir qrup media nümayəndəsi Xıllı
Nərəbalıqartırma zavodunda olub. Beləliklə də, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin mətbuat xidmətinin təşkilatçılığı ilə media
mənsubları da bu maraqlı prosesin şahidinə çevrilib.
Qeyd edək ki, körpələrin dənizə buraxılması avqustun
əvvəllərinədək davam edəcək. Bu müddət ərzində çəkisi 1-1.2 qrama
çatan 2 aylıq balıq körpələri çaya buraxılacaq. Daha böyük çəkiyə -
150 qramadək böyüdülən balıq körpələri isə oktyabrda çaya
buraxılır.
Balıq
körpələri çayın mənsəbinə buraxılır
Yoldan gələn
mətbuat nümayəndələrini Zavodun direktoru Z.Salmanov elə qapıda
qarşıladı. Yoldan gələn mətbuat nümayəndələri həftənin və yolun
yorğunluğunu da müəssisənin yeməkxanasında atdı. Qeyd edək ki,
müəssisədə nəinki balıq yetişdirməyə, elə qonaq qarşılayıb yola
salmağa da şərait var.
Zavodla tanışlığa isə dairəvi hovuzların yerləşdiyi sexdən
başladılar. Məlumat üçün bildirək ki, burada inkubasiya dövrünü
başa vuran balıq körpələri saxlanılır. Balıqlar hovuzlarda şərti
körpə çəkisinə (100-150 mq) çatdıqdan sonra diametri 4 metr olan
dəmir-beton hovuzlara köçürülür. Burada isə normativ buraxılış
çəkisinə çatdırılır. Jurnalistlər məhz bu çəkiyə malik balıq
körpələrinin törədicilərin daşınmasında istifadə olunan xüsusi
nəqliyyat vasitələri ilə aparılıb Kür çayının mənsəbinə
buraxılmasının şahidi oldu.
Körpələrin
yaşama ehtimalı
Nərəkimilərin
dünyada 27 növünə rast gəlinir. Onlardan 5-i Xəzər və Kür çayı üçün
endemikdir. Əvvəlcə kələmo, daha sonra isə bölgə balığının ovuna
qadağa qoyulan ölkəmizdə hazırda nərəcinslilərin 4 növü
yetişdirilir. Şimali Xəzərə aid olan rus nərəsinin isə şəraitə
uyğunlaşmadığından yetişdirilməsi mümkün deyil.
Bölgə, nərə, kələmo və uzunburun balıqların süni yolla
artırılması prosesinə başlanandan ötən 11 il ərzində bu sahədə
xeyli yol qət edilib. Artıq Təmir-törədici fondunda 5000 ədəddən
artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlar saxlanılır.
Xıllı Nərə Balıqartırma Zavodunun direktoru Zaur Salmanovun
sözlərinə görə, zavodda yaradılan şərait saxlanılan balıqların
sayının 10000 ədədə çatdırılmasına imkan verir: "Belə bir
infrastrukturun yaradılması öz növbəsində yaxın gələcəkdə nəinki
Xıllı Nərə Balıqartırma zavodunu və respublikamızda fəaliyyət
göstərən digər balıqartırma zavodlarını keyfiyyətli törədicilərlə
təmin etməyə imkan verər, eyni zamanda ölkədə balıqçılıq və
akvakultura sahəsinin inkişafına da böyük dəstək olar".
Z.Salmanov zavodun istehsalat infrastrukturunda gözlənilən
dəyişiklilərə də toxunub: "2007-ci ildən başlayaraq yaz-yay
balıqartırma mövsümündə yetişdirilmiş nərə cinsli balıq
körpələrinin bir qismi zavod şəraitində yetişdirilərək, daha yüksək
kütləyə (80-150 qram) malik olduqdan sonra Kür çayının mənsəbinə
buraxılır. Son illərin təcrübəsi göstərir ki, ənənəvi normativ
çəkidən (1-1,2 qram) daha yüksək çəkidə körpələrin təbii ərazilərə
buraxılması daha effektiv olur, yəni nərə körpələrinin yaşama
ehtimalı xeyli yüksəlir. Bunu nəzərə alaraq, zavodun istehsalat
infrastrukturunda müvafiq dəyişiklərin edilməsi və bununla da
istehsal olunan, yüksək çəkiyə malik nərə cinsli körpə balıqların
sayının bir neçə dəfə artırılması nəzərdə tutulub. Bu məqsədlə
yaxın vaxtlarda zavodda 4 ədəd 10-80 metr ölçülərdə torpaq
hovuzların rekonstruksiyası və bu hovuzların bazasında müstəqil su
təchizatının təmin olunması ilə yeni bir bölmənin yaradılmasına
başlanacaq".
Balıqlar üçün
canlı qida
Maraqlı
məqamlardan biri də odur ki, zavodda yalnız nərəkimilər deyil,
onların qidası da yetişdirilir. Belə ki, süni, hazır qidalardan
savayı balıqlar canlı qidalarla da yemlənir. Bəs canlı qidaları
hardan əldə edirlər? Z.Salmanov nərəkimiləri xırda xərçəngkimilərlə
qidalandırdıqlarını söylədi. Bu növdən olan artemiya salina və
dafniya maqna nərəkimilərin ləziz təamıdır. Zavod həmin növlərin
yumurtalarını gətirdərək elə buradaca yetişdirir.
Tətbiq edilən
yeniliklər uğurlu nəticə verir
Xıllı
Balıqartırma Zavodu fəaliyyətə başlayandan mütəmadi olaraq
yeniliklər tətbiq edir və hər birindən də uğurlu nəticə alır.
Məsələn, 2010-cu ildən Azərbaycanda ilk dəfə olaraq məhz Xıllı Nərə
Balıqartırma zavodunda bir neçə nərə balığından onları öldürmədən
"yumurtalıq yolunun kəsilməsi" üsulu ilə yetkin kürü alınır. Qeyd
edək ki, kürüsü öldürülmədən alınmış törədici nərə balıqları
reabilitasiya məqsədilə 3-5 gün plastik hovuzlarda saxlandıqdan
sonra ehtiyat nohura köçürülür. Qeyd olunan metodla kürünün
alınması təcrübəsinin gələcəkdə nəsli kəsilmək təhlükəsi olan nərə
cinsli balıq növlərinə də (kələmo, bölgə) şamil edilməsi
planlaşdırılır.
Z.Salmanov uğurlardan danışarkən 2013-cü ilin nəticələrini də
xatırladıb: "Azərbaycanda süni balıqartırma tarixində ilk dəfə
olaraq kürüdən kürüyə prinsipi qorunaraq zavodda saxlanılan və
təmir törədici fondunun tərkibinə daxil edilən törədici balıqlardan
cinsi məhsullar alınıb. Eyni uğuru bu il də təkrarladıq".