Günümüzün
qadınlarını kosmetik vasitələr qane etmir. Onlar gözəlləşmək üçün
qurban verməyə belə razı olurlar. Bu gün təkcə dünya ulduzları
deyil, sadə qadınlar da botoks, silikon protez üçün estetik
cərrahlara müraciət edir. "Brifinq"in budəfəki qonağı Türkiyənin
məşhur plastik, rekonstruktiv, estetik və əl cərrahı, kök
hüceyrələr vasitəsi ilə xəstəliklərin müalicəsini aparan Əli Rza
Erçöçendir.
"Kiçik metodlarla maksimum gözəlliyə nail olmaq
mümkündür"
Faina Hənifəyeva: Əli Rza bəy, son illər, qadınlar
qocalmaq istəmir və bu tendensiya getdikcə daha çox yayılır. Vaxt
gələcək, nənə ilə nəvəni bir-birindən ayıra bilməyəcəyik. Həkimlər
bu möcüzəni yarada bilirlər. Siz həkim kimi yox, sadə insan kimi
qadınları 25 ildən sonra necə təsəvvür edirsiniz?
- Əvvəllər orta yaş həddi 50-ni keçmirdi. Amma indi orta
statistik yaş həddi 70-ə qədər hesab olunur. İnkişaf edən bütün
ölkələrdə orta yaş həddi yüksəlir. Plastik cərrahiyyənin əsas
vəzifəsi yaşa dolanda yaranan problemləri aradan qaldırmaqdan
ibarətdir. Bununla bağlı keçmişdə ənənəvi tibbi üsullar tətbiq
olunurdu.
Əsas məqsəd qadınların təbii və daha gözəl yaşlanmasını təmin
etməkdir. Hamımızın "anti-aging" (yaşlama əleyhinə) haqqında az da
olsa, məlumatı var. Əslində, "anti-aging" deyilən şey yoxdur. Yəni
yaşlılığı dayandırmaq mümkün deyil. Sadəcə, təzyiq qalxanda onu hər
hansı dərmanla aşağı sala bilərsiniz. Buna anti-hipertansiv
deyilir. "Anti-aging" dedikdə yaşlılığı donduran üsullar nəzərdə
tutulur. Yaşlılığı donduran bir şey mövcud olmadığı üçün dolayısı
ilə onu ancaq gözəlləşdirib sağlam formaya sala bilərsiniz. Estetik
cərrahiyyənin əsas məqsədi təbii və gözəl qocalmanı təmin etməkdir.
Estetik cərrahiyyədə artıq xəstəxanada uzun müddət yataq
vəziyyətində olmağa ehtiyac yoxdur. Kiçik metodlarla maksimum
gözəlliyə nail olmaq mümkündür.
Aytən Əliməmmədova: 50 yaşında bir qadının 10-20 yaş
cavanlaşmaq arzusunu reallaşdırmaq mümkündürmü və bu nə dərəcədə
sağlam üsuldur?
- Mümkündür, toxumanı gəncləşdirmirik, sadəcə, gənc görünməsini
təmin edirik. Alın, saç, qaşlar, göz qapaqları, göz ətrafı
qırışları, burun skeletləri və qığırdaqlara qədər hər birinin
üzərində mərhələli şəkildə işlənilir. Təkcə göz qapaqlarını, ya da
qaşları qaldıranda üzdə azca dəyişiklik olur, amma gənc qadın
görüntüsü yarada bilməzsiniz. Yanaqlarda, boyunda yaşlılıq
əlamətləri qaldığı zaman həmin insan yenə yaşlı görünəcək. Üz
ifadələrinin, dodaqların və gözlərin əvvəlki, formasını qoruyub
saxlamaqla 20 il əvvələ qaytarmaq mümkündür.
A. Əliməmmədova: Bir insanı neçə dəfə estetik əməliyyat
etmək olar?
- Kiçik izlərlə çox yerə müdaxilə edərək bir neçə dəfə əməliyyat
etmək olar. Göz qapaqlarını, yanaqları əvvəlki vəziyyətinə
qaytarmaqla bir insanı ömür boyu xoşbəxt etmək mümkündür.
A. Əliməmmədova: Yəni məhdudiyyət yoxdur?
- Bu cür əməliyyatlarda yoxdur. Amma köhnə, klassik metodlarda
toxumalar aşırı dərəcədə zədələndiyi üçün düzü, həmin hissəni
yenidən açmaq mümkün deyil.
A. Əliməmmədova: Artıq neçə müddətdir ki, Azərbaycanda
da fəaliyyət göstərirsiniz. Müraciət edənlərin sayı çoxalırmı və ən
çox nə ilə bağlı müraciət edirlər?
- Əməliyyatdan sonra xəstələrin vəziyyətinə nəzarət etdiyimiz
üçün hər ay Azərbaycana gəlirəm və tələbin getdikcə artdığını
müşahidə edirəm. Məsələn, burada varikoz xəstəlikləri çox artıb.
Niyə? Çünki insanlar çox işləyir və ayaq üstə çox dayanırlar. Tələb
olunan əməliyyatlar içərisində burun əməliyyatı üstünlük təşkil
edir. Biz burnu kiçiltməklə insanları sosial mühitə qaytarırıq.
Bizim irqdə göz qapaqları çox pərdəli olduğu üçün buna aid
tələblər də artır. Çoxuşaqlılıq ənənəsi bizdə hələ də davam edir,
doğuşdan sonra sinələrdə sallanma və çatlar əmələ gəlir, ya da
əksinə, həcmini itirir.
A. Əliməmmədova: Viktoriya Bekhem sinəsini bir neçə dəfə
böyüdüb və kiçildib. Sinənin dəfələrlə böyüdülüb-kiçildilməsi
təhlükəli ola bilərmi?
- Şou-biznes aləminə daxil olan sənətçilər arasında iri sinə
dəbdədir. Dolayısı ilə iri protezlərdən istifadə edirlər. Böyük
protezlərdən istifadə edildiyi zaman sinənin dərisi öz keyfiyyətini
itirir. Bu zaman yenidən forma verilir və kiçildilir. Amerikada
Kanadada, Danimarkada araşdırma qrupu 10 min nəfər üzərində təcrübə
aparıb. Araşdırmanın nəticəsində işçi qrupuna istehsal olunan
silikon protezlərin xərçənglə heç bir əlaqəsinin olmadığına dair
təhlükəsizlik sertifikatı verilib. Ümumilikdə hər 10 qadından
birində xərçəng riski var. Mütəmadi olaraq mamoqrafiya və
ultrasondan keçmək lazımdır. Silikon protez taxanlara 2 ildən bir
maqnit rezonans tomoqrafiyası çəkdirmək tövsiyə edilir. Xərçənglə
əlaqəsi olsaydı, ümumiyyətlə, istifadə edilməzdi, belə bir şey
mümkün deyil.
Nərgiz Ehlamqızı: Sizə dini inancı olan insanlar
müraciət edir?
- Həm Azərbaycanda, həm də Türkiyədə kifayət qədər dini inancı
olan xəstələrimiz var.
N.Ehlamqızı: Amma Allahın yaratdığı canlını
dəyişdirirsiniz. Bu, günah sayılır...
- Belə bir hökm, qadağa yoxdur. Spirtli içki və digər vasitələr
kimi əməliyyatı da pis məqsədlə istifadə etmək qadağan olunub.
Məsələn, ehtiyacı olmadığı halda dəb xətrinə əməliyyat etdirmək
istəyənlər olur. Bunlar insanın psixoloji durumundan qaynaqlanır.
Dodağının qalınlığı normal olan insan böyük ölçüdə dodaq istəyirsə,
əlbəttə, din bunu yasaqlayır. İfrata varmaq olmaz. Məsələn, qəzadan
sonra burun əyriliyi insan psixologiyasına təsir edə və onu
depressiyaya sala bilər.
Mən 2 il Yaponiyada işləmişəm. Orada qadınlar bədənində
dəyişiklik üçün nadir hallarda müraciət edirlər. Buddizmin Yaponiya
qolunda insanın öldükdən sonra ruhun başqa canlıya köçdüyünə
inanırlar. Başqa bir canlı donunda - quş, ağac kimi doğulacaqlarını
düşünürlər. Bizdəki cənnət, cəhənnəm inancı onlarda yoxdur. Yapon
qadınları hesab edirlər ki, bugünkü vücud keçicidir.
N.Ehlamqızı: Bəs dəb üçün müraciət edənləri əməliyyat
edirsiniz?
- Şəxsən mən dəb üçün müraciətləri qəbul etmirəm. Sadəcə, xəstə
deyil, həkim də əməliyyatın yaxşı olmasını istəyir. Nəticə ürəyimcə
olmazsa, özümü günahkar hiss edərəm. Xəstələr adətən, fotoşəkillə
gəlirlər ki, Ancelina Colinin dodaqlarını istəyirəm. Türkiyədə
manekenlərin burunları kimi burun istəyənlər çoxdur. Belə istək
doğru deyil. Barmaq izi kimi insan üzü də fərqlidir. Dolayısı ilə
kiminsə burun, dodaq forması başqasına yaraşmaya bilər. Burun
əməliyyat nəticəsində özlüyündə gözəl görünə bilər, amma üzə
yaraşmaz. Elə xəstələr də var ki, bədənini bəyənmir. Van Qoq kimi
qulağını kəsən adamlar olub. Bu kimi psixiatrik xəstəliklər var.
Bunu müəyyənləşdirə bilməriksə, onsuz da ən böyük xəta etmiş
olarıq. Qaşları yuxarı olan qadın gəlib yenə yüksəyə qaldırmaq,
balaca burnunu kəsdirmək istəyirsə, deməli, bu insan özünü
bəyənmir. Biz onu əməliyyat etsək, yenə üzündəki hansısa orqanı ilə
razılaşmayacaq, sabah başqa bir şey üçün müraciət edəcək. Elə
insanlar var ki, 30-40 dəfə əməliyyat olunub, öz təbii cizgilərini
itirib.
Mövlud Mövlud: Yəni o xəstəni estetik cərrahın deyil,
psixiatrın yanına göndərmək lazımdır?
- Bəli, eynilə o cür etmək lazımdır. O cür xəstələri dərhal
psixiatr yanına yollayırıq.
F.Hənifəyeva: Redaksiyada gözəl qızlardan biri Aytən
Əliməmmədovadır. O, əməliyyat üçün müraciət etsə, qəbul
edərsiniz?
- Aytənin üzündə hansı dəyişikliyi etsək, gözə daha xoş gələr?
Məsələn, gəlin bir sorğu keçirək.
F.Hənifəyeva: Mən çənəsində bir az qüsur
görürəm...
A.Əliməmmədova: Gözümün altı çox qaradır...
- Bunun səbəbi göz qapağının dərisinin çox incə olmasıdır. Təbii
ki, genetik təsirlər də var.
F.Hənifəyeva: Müraciət edənlər sırasında hansı xahiş
sizi şoka salıb?
A.Əliməmmədova: Məni başdan yarat deyən
olubmu?
- Olub. Absurd tələb və xahişlər sırasında kiçik döş qəfəsi olan
insanın daha böyük ölçüdə sinə istəməsidir. Dünyagörüşü olan insan
belə bir xahişlə həkim yanına gəlməz.
N.Ehlamqızı: Bir çox ölkədə çalışdığınızı dediniz. Hansı
ölkənin qadınları daha kaprizlidir?
- Türkiyə, Azərbaycanda yaşayan qadınlar əməliyyatdan öncə heç
bir sual vermir. Amma əməliyyat başa çatdıqdan sonra çoxlu suallar
yaranır. Məsələn, burun əməliyyatına girməzdən əvvəl burun
dərisinin qalın olduğunu başa salırsan, amma dinləmirlər.
Əməliyyatdan sonra gəlirlər ki, burnum niyə qalındır, şiş var? Başa
salırsan ki, 3 ay sonra düzələcək, amma yenə başa düşmürlər.
Davamlı olaraq izahatlar olur.
Mən xəstələrlə çox danışıram. Adətən, həkimlər çox danışmır.
Müəllimlərimdən öyrəndiyim ilk şey xəstəni dinləməkdir. Xəstə
dinlədikcə, daha çox başa salıram. Türk qadınlarının ortaq özəlliyi
odur ki, bir ayaqqabı alanda 40 dükan gəzib sonra alırlar. Amma
burun əməliyyatına gəlincə, həyati bir məsələyə etinasız
yanaşırlar. Avropada isə qadınlar fərqlidir, öncədən hazırladıqları
suallarla həkimin yanına gəlirlər. İnternetdə əməliyyat barədə
məlumatlar toplayıb dəftərçədə suallarını qeyd edirlər.
A.Əliməmmədova: Avropada da əməliyyat etdirmək istəyən
qadınlar çoxdur?
- Uzaq Şərqdə dinlə əlaqədar müraciətlər azdır, sadəcə, şou
aləmindəki insanlar əməliyyat etdirirlər. Qərbdə müraciətlər həddən
artıq çoxdur. Botoks Amerikada ən çox istifadə olunan üsuldur. Bu,
ucuzdur, tez-tez istifadə oluna bilər, əks-təsiri yoxdur və s.
Botoksun yerinə bir müddət sonra yeni üsul ortaya çıxa bilər.
N.Ehlamqızı: Rəsmilərdən kimsə əməliyyat üçün sizə
müraciət edib?
- Keçmiş nazirlərdən olub. Rifah Yolu hökuməti dövründəki
nazirlər müraciət edib. "Bayandır" Xəstəxanasında ən çox xəstələr
Türkiyə Böyük Millət Məclisindəndir. Nazirlərdən məmuradək bizim
xəstəxanada əməliyyat olunanlar var. Məclislə xəstəxananın sığorta
ilə bağlı anlaşması var deyə, orada çalışanlar birbaşa bizim
xəstəxanaya müraciət edirlər.
F.Hənifəyeva: Azərbaycanda hansı məşhuru əməliyyat
etmisiniz?
- Onu deyə bilmərəm. Biz xəstələrin adlarını özləri deməyənə
qədər açıqlamırıq. Bu, həkim-xəstə əlaqəsidir. Xəstənin izni
olmadan fotosunu da yayımlamaq yasaqdır.
A.Əliməmmədova: Öz qohumlarınızdan kimisə əməliyyat
etmisiniz?
- Həyat yoldaşımı, qaynanamı, qardaşımı əməliyyat etmişəm. Həyat
yoldaşımı övladımızı dünyaya gətirəndən sonra yağlanma ilə bağlı
əməliyyat etdim, ehtiyac olduqca botoks da edirik.
Leyla Əliyeva: İnsanların yanlış bilgilərlə əlaqədar
estetik əməliyyata qarşı fobiyası var. Məsələn, burun əməliyyatında
sümük qırırsınız?
- Sümük qırmırıq. Burun əməliyyatında ilkin uğursuz əməliyyatdan
sonra ikinci əməliyyata girməyə çox qorxurlar. Çünki ikinci
prosedurun daha pis olacağını düşünürlər. Əldəki imkanlarla
düzəlməyən heç nə yoxdur. Biz 7-8 dəfə əməliyyat olunmuş insanların
problemlərini düzəldə bilirik. Azərbaycanda plansız girən həkimlər
var. Təkcə bu hal Azərbaycanda deyil, Türkiyə, başqa ölkələrdən də
gəlib insanları əməliyyat edirlər, amma xəstələri sonradan
nəzarətdə saxlamırlar. Həkimlər arasında pul üçün əməliyyata
girənlər var. Təcrübə ilə təcrübə qazanılmaz. Hippokratın cərrahlar
üçün təməl sözü odur ki, əvvəlcə zərər vermə. Zərər verməməyi
öyrənəndə düzəltməyi də öyrənirsən.
"Burun əməliyyatında bir maestro olur"
F.Hənifəyeva: Cərrah burun əməliyyatına "lor"la birgə
girməlidir?
- Xeyr, burun əməliyyatını mən özüm edirəm. Bəzən məcburən
yardım da alıram. Bir orkestrin iki şefi olmaz. Burun əməliyyatında
bir maestro olur. Əməliyyatda bıçaqla qoyduğunuz iz çox önəmlidir.
Ortaq əməliyyatlarımız çoxdur. Bu yaxınlarda döş xərçəngiylə
əlaqədar ortaq əməliyyat həyata keçirdik.
F.Hənifəyeva: Burun əməliyyatlarında minimum və maksimum
qiymətlər neçədir?
- Anastezisiya ilə birlikdə minimum qiymət 1500 manat, maksimum
isə qiymət 3 min manatdır. İkinci dəfə əməliyyat üçün xəstələr
gəlir, ilkin əməliyyatında 10-20 min manat pul xərcləyib. Türkiyə,
Avstraliya və digər ölkələrə gedib, biz son əməliyyatını həyata
keçirdik. Həyat yoldaşı son əməliyyatına girəndə dedi ki, gözəl
olmasan, evə gəlmə. O, həyat yoldaşından bezməyib, sadəcə, o qədər
əməliyyat üçün bu ölkədən, o ölkəyə gedib ki, psixoloji olaraq
bezib. Üstəlik, nə qədər də pulu gedib. O xanımı əməliyyat etdik,
indi işində-gücündədir, özü də həmin xanım iş adamı idi.
M.Mövlud: Cinsiyyət dəyişdirilməsi ilə bağlı şəxsi
düşüncələriniz necədir? Bu, günah sayılır...
- Bunun dinlə bağlı tərəfi də var. Lakin günah deyil. Çünki bəzi
anormallıqlar, anatomik və psixoloji problemlər var. Biz belə
adamlara normal cinsi əlaqəsi olsun deyə vagina qoyuruq. Belə
əməliyyatı 1994-cü ildə Ankarada etmişik. Kişilərdə də hermofrodit
insanlar var. Əməliyyatdan əvvəl hormonal və psixoloji testlər
aparırıq.
F.Hənifəyeva: Öz arzusuna da önəm verilir?
- Əlbəttə, əslində, bu tip insanlar çox gec, yetkinlik vaxtında
gəlirlər. Mənim bir xəstəm vardı, hermofrodit idi. Ailə onu 18
yaşına qədər qız kimi böyütmüşdü. Biz psixoloji test də etdik,
cinsiyyət xromosomu təyinatında kişi cinsinə mənsub idi. Onunla
söhbət apardıq, dedi ki, kişi cinsindənəmsə, əməliyyat edin.
Yumurtalıqlarının işlək olmadığını, saxlanarsa, xərçəngə
çevriləcəyini, bunun üçün yumurtalıqlarını çıxaracağımızı söylədik.
Amma xarici cinsiyyət orqanlarını bərpa edəcəyimizi dedik.
Əməliyyatdan sonra ailəsi onu rədd etdi. Çünki 18 ildir həmin şəxsi
qız kimi böyütmüşdülər. Bu məsələdə psixoloji məsələ yalnız xəstə
ilə əlaqədar olmur, ətrafdakı insanların da psixoloji təpkisi
önəmlidir. Biz pasportunu düzəltdik. Həmkarımın yaxınlarının dönər
kafesi vardı, orda dönərçi ustası kimi çalışmağa başladı. İş tapdı,
evləndi də. Xəstəxanaya gəlib gedəndə bir qızla tanış olmuşdu,
onunla da ailə həyatı qurdu.
M.Mövlud: Yəqin onun həyat yoldaşına övladının ola
bilməyəcəyi deyildi...
- Əlbəttə, xanıma hər şey dedik. Neçə il boyunca təkrar
müayinəyə gələndə o cütlüyü görürdüm. Erkən yaşda yumurtalıqlar
qarın içində endirilsəydi süni mayalanma ilə mümkün ola bilərdi.
Amma yaş keçdikcə xərçəng riski olur deyə təmizləyirik.
Transseksualizm qrupu da var ki, o uşaqlar özlərini ya qız, ya
oğlan kimi qəbul edirlər. Adətən, kişidən qadına keçid tez-tez baş
verir. Bunun genetik və psixoloji səbəbi ilə yanaşı bir səbəbi də
fahişəlik sektorudur. Taylandda bu, çox yayılıb. Həmin ölkədə
iqtisadi və sosial böhranın da səbəbi budur. Tibbdə də qeyri-qanuni
cərrahiyyə, əməliyyatla kişinin qadına çevrilməsi və bu sektora
cəlb edilməsi prosesi gedir. Biz bunun tərəfdarı deyilik. Bunun da
qanuni proseduru var. Psixoloji hesabatı götürüb məhkəməyə baş
vururuq. Digər uroloji və endokrinoloji hormon müalicəsi üçün fikir
mübadiləsi aparırıq, qadının kişiyə, kişinin qadına çevrilməsi
proseslərini həyata keçiririk. Ya xəstənin öz toxumasından istifadə
edirik və ya başqa yerdən toxuma köçürərək cinsi dəyişilmə həyata
keçirilir. Sadəcə, cinsi orqan deyil, almacıq sümüyündən tutmuş döş
qəfəsinə qədər qadın fiquru ilə kişi fiquru arasındakı fərqləri
aradan qaldıraraq əməliyyat keçiririk. Sadəcə, cinsəl orqanın
dəyişimi ilə bu iş bitmir.
"1300 Qəddafi qurbanını əməliyyat etmişəm"
N.Ehlamqızı: Misirdə, Liviyada, hazırda Suriyada
müharibələr gedir. Müəmmar Qəddafi və ya Bəşər Əsəd qurbanları Sizə
müraciət edib?
- Yaralı liviyalıları ilk dəfə biz əməliyyat etmişik. "Bayandır"
xəstəxanasının Xarici İşlər Nazirliyi və Liviya səfirliyi ilə
səhiyyə sahəsində anlaşması var. Almaniya, Hollandiya və bir neçə
ölkə ilə bu saziş imzalanıb. Yəni həmin ölkələrin vətəndaşlarının
başına bir hadisə gələndə xərclər səfirlik vasitəsilə ödənilir.
Liviyada ilk yaralanan 300 xəstə təyyarələrlə Ankara və İstanbula
gəldi. İzmirə, dövlət xəstəxanalarına da gəlirdi. Amma özəl
xəstəxanalar içərisində yaralılar "Bayandır" xəstəxanasına daşındı.
2011-ci ildə oktyabr ayından etibarən 1300 liviyalını əməliyyat
etmişəm. Barmaq əməliyyatından tutmuş, çənə əməliyyatına qədər
hamısını həyata keçirdik. 6-ya yaxın insanın alt çənəsi tamamilə
dağılmışdı. Raket və silahlardan açılan atəşlərdən
zədələnmişdilər.
N.Ehlamqızı: Daha çox Liviyadan xəstə
gəldi?
- İraqdan da gələnlər var. İraq Səhiyyə Nazirliyi ilə də keçən
il saziş imzalamışıq. İraqdan bir polkovnik gətirilmişdi, iflic
olmuşdu.
N.Ehlamqızı: Bəs Suriyadan?
- Suriyadan özəl xəstəxanalara gələnlər yoxdur. Amma sərhədə
yaxın ərazilər Səhiyyə Nazirliyinin nəzarətindədir. Onlar pasportla
gəlmirlər. Pasportları olmadığı üçün belə xəstələri Səhiyyə
Nazirliyi öz üzərinə götürür. Adana və Mersin xəstəxanalarında
xəstə gətiriləndə Səhiyyə Nazirliyi bu xəstələrin xərclərini özü
qarşılayır.
Sevinc Fədai: Orqanizmdə olan hansı problem və ya
xəstəlik estetik əməliyyata mane olur?
- Bizim üçün risk faktoru olan xəstəliklər var. Yaranın
sağalması üçün şəkərli diabed, ürək-damar xəstəliyi, siqaretdən
damar tıxanıqlığı olanlar, böyrək çatışmazlığı olan xəstələrdə bu,
problem yaradır.
A.Əliməmmədova: Bəs xərçəng?
- Biz artıq xərçəng xəstəliyini də əməliyyat edirik. Xərçəngin
bütün vücuda yayılma təsiri yoxdursa, problem yoxdur. İki həftə
öncə dəri xərçəngini əməliyyat etdik. Siqaret yaranın sağalmasına
imkan verməyən ən önəmli faktordur. Əməliyyatdan iki həftə əvvəl və
iki həftə sonra siqaretdən istifadəyə icazə vermirik.
F.Hənifəyeva: Kök hüceyrə üzrə araşdırmalarınız var. Kök
hüceyrə botoksu nə zaman əvəz edə bilər?
- Kök hüceyrənin varlığı çox adama məlum olmayan bir şeydir. İlk
araşdırmalar 1950-ci illərdə başlayıb. 1980-ci illərdən yapon
həkimlərinin işləri var. Nobel üzrə keçən il tibb mükafatını kök
hüceyrə çalışmaları aldı. Kök hüceyrənin toxumalara, yağlara,
protezə alternativ olması mümkündür. Döş protezinə alternativ
tətbiqetmə də budur. Hər kişi və qadının artıq yağı olur. Vücuddan
2 litrə yaxın yağ alırıq, 600 qr yağın quru kütləsini hər döş üçün
300 qram olmaqla əməliyyat üçün saxlayırıq. Yerdə qalan qatı 1400
qr yağ xüsusi aparatlar vasitəsi ilə alınır. Bu yağlar enzimatik
sistemlərlə (fermantativ) alınır. Enzimatik sistemdən sonra əldə
edilən emal bəlli bir temperaturda və heç əl dəyməyən xüsusi
qabların içinə yerləşdirilir. Qarından alınan yağ konister sistemi
ilə içinə enzimi verilir və həmin anda qabın içinə çökür.
Çalxalayıcı və isidici sistemdə hüceyrələr bir-birindən ayrılır.
Ondan sonra yuma emalı, ardından isə çox yüksək dövrlü santrifüj
sistemindən keçirilir. 10 dəqiqədə 15-20 min dövr edir. Bu zaman
kök hüceyrələri dibdə yığılır. Bunun üzərindəki bütün artıq
toxumalar isə atılır. 1400 ml-dən təxminən 20 qram kök hüceyrə əldə
edilir. Hər bir döş üçün ayrılmış 300 qram yağ 10 qram kök hüceyrə
ilə zənginləşdirilir və vurulur.
Bu metodun 11 illik qalıcılıq nəticələri əldə edilib. Döşdəki
həcm 11 il ərzində 80 faiz öz qalıcılığını qoruyub saxlayıb. Nəticə
etibarı ilə döşləri böyütmək və dikləşdirmək üçün protezə ehtiyacı
qalmır (Teleqraf.com).