Astma dünyada böyük tibbi problemlərdən biri sayılır. Bu
xəstəlik insanların sağlamlıq statusuna zərbə vuran problemlərdən
biridir. Astma qlobal problem kimi
qiymətləndirilməlidir.
Bunu APA TV-nin "Öncə sağlıq" proqramında Azərbaycan
Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının, Tədris
Terapevtik Klinikasının əməkdaşı, tibb elmləri doktoru Əlizamin
Sadıqov deyib.
Mütəxəssis bildirib ki, bu gün dünyada 12 böyükdən, 11 uşaqdan
biri astma xəstəsidir: "Yəni bu, qlobal problemdir. Dünyada 340
milyona yaxın insanın astma xəstəsi olduğu bildirilir. Hərçənd, mən
düşünmürəm ki, bu, real rəqəmdir. Yəqin ki, əslində qeydə alınmayan
şəxsləri də nəzərə alsaq, daha çox insanın astmadan əziyyət
çəkdiyini demək olar. 2025-ci ilə qədər isə bu rəqəmin daha yüz
milyon nəfər artacağı gözlənilir. Azərbaycanda isə təxminən 400
mindən çox insanda astmaya rast gəlinir, bu da kifayət qədər böyük
rəqəmdir".
O, astmanın xroniki problem olduğunu, eyni zamanda genetik bir
xəstəlik kimi səciyyələndirildiyini deyib: "İrsən meylli olan
insanlara xarici mühit faktorlarının təsiri müəyyən zamandan sonra
bronx divarlarında iltihab yaradır. Bu proses periodik olaraq davam
edəndə həmin iltihab adi iltihablardan fərqlənir və bronxial astma
inkişaf edir. Bronxlarda həssaslıq artır, adi bir qıcıq, məsələn,
soyuqdəymə, siqaret tüstüsü, kəskin qoxular, iqlim dəyişikliyi
xəstələrdə vəziyyətin dəyişməsinə, astma tutmalarına səbəb
olur".
Astmanın əsas əlamətinin öskürək, boğulma, sinədə sıxıntı,
gərginlik olduğunu deyən mütəxəssis qeyd edib ki, Azərbaycanda
xəstəliyin başlanğıcında astma özünü daha çox öskürəklə büruzə
verir: "Bakıda daha çox bizə astma ilə bağlı öskürək əlamətləri ilə
müraciət olunur. Bu öskürək çox zaman həkimlərimizi çaşdırır. Lazım
olmayan antibiotik müalicələrinə başlanır. Təbii ki, bu, riski bir
qədər də ağırlaşdırır və xəstəliyin demək olar ki, idarə olunmaz
bir həddə çatmasına səbəb olur. İlk növbədə öskürəyin nəyə görə
uzun zaman davam etməsi araşdırılmalıdır.
Bu gün dünyada qəbul olan qaydalara görə, öskürək, soyuqdəymə
əlamətləri 10 gündən çox davam edirsə, deməli, bu problem
soyuqdəymə ilə bağlı deyildir. Ona görə də əhalimiz də,
həkimlərimiz də bu məqamlarda diqqətli olmalıdırlar. Bizim həkimlər
çox zaman hər şeyi soyuqdəymə faktoru ilə əlaqələndirirlər və bu
zaman sanki antibiotiklər yaxın köməkçiyə çevrilir. Amma hər
öskürək antibiotik təyini üçün əsas deyil".
Ə. Sadıqov bildirib ki, başlıca məsələ öskürəyin səbəblərini
araşdırmaqdır: "Biz düşünürük ki, öskürəklə müraciət edən 10
xəstədən beşində bu, allergik mexanizmlərlə bağlı olur".
Həkim deyib ki, uşaqlar, qadınlar, qara dərili insanlar daha çox
astmaya meyllidirlər. Astmanın müalicəsinin olduğunu deyən Ə.
Sadıqov "Amma buna tam müalicə demək olmaz. Kimsə deyirsə ki, astma
tam müalicə olunur, bu, düzgün deyil", - deyə bildirib.
Onun sözlərinə görə, astma əsasən genetik problem olduğu üçün
onun tam müalicəsi mümkün deyil.
Astmanın xroniki problem olduğunu, ömür boyu davam etdiyini
vurğulayan pulmonoloq deyib ki, ona görə də müalicə daimi
olmalıdır. Xəstəlik nəzarətdən çıxan kimi kəskinləşmə yarana bilər:
"Hazırda təxminən 10 faiz astma xəstəsinə təyin olunan dərmanların
heç bir əhəmiyyəti olmur. Müəyyən yanaşı problemlərin də təsiri
nəticəsində ağırlaşmalar qeydə alınır və dərmanın təsiri, yəni
müalicənin nəticəsi olmur.
Təxminən 5 astma xəstəsindən ikisi gündəlik həyati
keyfiyyətlərini itirirlər, onlardan yararlana bilmir, fiziki
aktivliyin məhdudlaşması ilə üzləşirlər. Yaşlı xəstələrdə təxminən
30-40 faiz hallarda heç bir izahı olmayan, səbəbi bilinməyən,
genetik sayılmayan astmaya rast gəlinir. Belə hallarda həkimlər
müalicə ilə bağlı çətinliklə üzləşirlər".
Mütəxəssis qeyd edib ki, qeyri-steroidlər, iltihab əleyhinə olan
preparatlar da astmanı kəskinləşdirə bilir.
Onun sözlərinə görə, astma öskürək tutması daha çox otağa daxil
olanda, yatağa uzananda, allergenlərlə təmasda olanda baş verir:
"Xəstələr deyirlər ki, bayıra çıxanda özümü daha yaxşı hiss edirəm.
Amma soyuqdəymə təsiri varsa, insan isti mühitdə özünü daha yaxşı,
soyuq mühitdə isə pis hiss edir və öskürək tutmaları yaranır.
Bunlar fərqli məqamlardır.
Ə. Sadıqov onu da bildirib ki, 80 faiz hallarda allergik
rinitdən sonra astmanın başlanma ehtimalı var: "Və ya əksinə, astma
olan pasientlərdə sonradan 40-50 faiz hallarda rinit yarana bilir.
Eləcə də atopik dermatit də astma üçün risk faktoru sayılır".
Qadınlar arasında astma xəstəliyinə daha çox rast gəlindiyini
açıqlayan həkim bildirib ki, uşaq yaşlarında oğlanlarda problemə
daha çox rast gəlincə də, sonradan say fərqi dəyişir: "Bu, o demək
deyil ki, oğlanlar böyüdükcə problem tam sağalır. Sadəcə, oğlan
uşaqları yetkinlik dövrünə çatandan sonra inkişaf çox sürətlə
getdiyi üçün birdən-birə bronxların genişlənməsi baş verir və artıq
eyni mühitdə, eyni dozada olan allergen spazma törədə bilmir və bu
uşaqlar sanki astmadan xilas olurlar. Əslində sonradan həmin
şəxslərə yenidən astma əlamətlərinin üzə çıxması mümkündür.
Ona görə də bu kimi hallarda astma ilə bağlı profilaktika
olduqca önəmlidir. Virus infeksiyalarından, allergenlərdən qorunmaq
nə qədər çətin olsa da, mümkün qədər təmasdan yayınmaq, siqaret
çəkməmək, gigiyena qaydalarına əməl etmək mühüm məsələdir. İstər
uşaqlar, istər böyüklər maksimum fiziki aktiv olmalıdırlar.
Üzgüçülük, gəzinti, qaçış astma xəstəliyinin profilaktikasında
mühüm əhəmiyyət kəsb edir".
Astma xəstələrinə, astma riski olanlara ev heyvanlarından,
itlərdən, pişiklərdən mümkün qədər uzaq durmağı tövsiyə edən
pulmonoloq deyib ki, pişiklərdə olan allergenlər itlərdə olan
allergenlərdən iki dəfə çoxdur: "Əgər nəzarətdə saxlansa, astma çox
rahatlıqla idarə olunan xəstəlikdir. Hətta astması olan şəxslər heç
özlərini xəstə kimi hiss etməyə də bilərlər".