"Maddi təzminat davamızı cinayət işinin məhkəməsindən
sonra qaldırmağı nəzərdə tuturuq".
Bunu AzNews.az-a Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist
Anar Niftəliyev deyib.
O bildirib ki, Bakı Şəhər
Prokurorluğunda istintaq yekunlaşıb: "Vəkillə birgə istintaq
materialları ilə tanış oluruq. İş Nəsimi məhkəməsinə göndərilib.
Hesab edirəm ki, Nəsimi Prokurorluğunda aparılan istintaqdan fərqli
olaraq, Bakı Şəhər Prokurorluğunda aparılan istintaq daha vicdanlı
oldu və bir çox məqamlar üzə çıxdı.
Təəssüf edirəm ki, qanunvericilik həkimlərin hamısının layiq
olduqları cəzanı almasına imkan vermir. Bu barədə həm müstəntiqlə,
həm də vəkillərimizlə müzakirələr aparmışıq. Hazırda müstəntiq
onkoloq həkimin kənarda qanunsuz əməliyyatının vergi
qanunvericiliyi ilə tənzimlənmədiyini aşkarladığı üçün onun işini
həm də Bakı Şəhər Vergilər departamentinin istintaq idarəsinə
göndərib. Həmçinin əməlində dələduzluq olan digər həkim asissenti
Fərəcullah İdrisovla bağlı da Nəsimi polisinə iş materialları
göndərilir. Bu həkim bizi pula görə aldadaraq əməliyyatın
keçirilməsinə inandırıb və heç bir texniki imkanları olmayan "Medi
Sina" klinikasına gətirib. Digər maddi və mənəvi təzminat
məsələləri isə məhkəmənin predmeti olacaq".
Hazırda mənəvi təzminat
davasının apelyasiya mərhələsində olduğunu deyən Anar Niftəliyevin
sözlərinə görə, artıq sənədlər imzalanıb və yaxınlarda apelyasiya
şikayətinə baxılacaq:
"Bildiyiniz kimi, Elnarə
Tofiqqızının ölümü ilə bağlı mənəvi təzminat tələbimizi təmin
etməyən və onkoloqla asistenti təmizə çıxaran, onlara mələk donu
geyindirən Yasalam Rayon Məhkəməsinin hakimi ağır xəstəlik
aşkarlandığı üçün xaricdədir və təəssüf ki, bu da apelyasiya
şikayətimizin gedişinə ləng təsir göstərir".
Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il
sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb
Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.
Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki,
E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı
aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o,
tənəffüs çatışmazlığından vəfat edib.
Ötən il sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla
bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi
açılıb. Hadisə ilə bağlı saxlanılan yoxdur.