Broyler toyuqları hazırda
dünyada insanların qida rasionunun əsas elementlərindən birinə
çevrilib. İnsanların sağlamlığı üçün təhlükə törədən bu toyuqlar
dünyada hələ ötən əsrin ilk yarısından istifadə edilməyə
başlayıb.
Axar.az-ın məlumatına görə, 1930-cu illərdən bu yana dünyada ən
çox quşçuluq məhsullarının geni dəyişdirilib. Əgər 1957-ci ildə bu
toyuqların çəkisi 905 qram idisə, 2005-ci ildə broyler toyuqları 4
kq ağırlığına çatıb.
Adam boyda hinduşka
Hinduşkalarla bağlı vəziyyət də faciəlidir. Əgər 1929-cu ildə
geni dəyişdirilmiş hinduşkaların çəkisi 6 kq idisə, bugünkü
ağırlığı 13 kilodur. İngiltərənin "Ekonomist" jurnalının
araşdırmasına görə, hinduşkaların geni bu şəkildə dəyişdirilməyə
davam edərsə, 6 min il sonra bir hinduşkanın boyu bir insan boyu
ilə eyni olacaq.
Azərbaycanın broylerlərini fərqləndirən
cəhət
Broyler toyuqları genetik modifikasiya olunmuş (GMO) qida növü
hesab olunur. Bu toyuqlar aldığı qida maddələrinin hamısını ətə
çevirirlər. Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidirsə, fabrikdə
5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur. Azərbaycanın
broyler müəssisələrini fərqləndirən bir cəhət də odur ki, toyuq 40
gündən tez kəsilmir. Türkiyədə isə bu rəqəm 28 gündür. Toyuqlar
kəsilən kimi 20 dərəcədə dondurulur. Buna şoklama deyilir. Bu zaman
heç bir keyfiyyət fərqi baş vermir.
Bəzi dövlətlər GMO-ların müəyyən faizlə tətbiqinə imkan
verirlər. Azərbaycanda isə bununla bağlı hər hansı bir qayda və ya
qanun mövcud deyil. Əksinə, "Ekoloji təmiz kənd təsərrüfatı
məhsulları haqqında" qanuna görə, Azərbaycanda hər cür GMO-dan
istifadə oluna bilər.
Dərman sayı: 59
Amerika alimlərinin apardığı araşdırmalara görə, bütün dünyada,
eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında
istifadə edilən yemlərin tərkibinə çoxsaylı dərman vurulur. Hətta
bu dərman sayının 59 olduğu bildirilir. Standartlara görə, ətlik
toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı
qidaların verilməsi dayandırılmalıdır. Buna səbəb insanların
sağlamlığını nəzərə almaqdır. Broyler toyuqlarına vurulan
antibiotiklərin 15-26% onların canlarında qalır. Müəssisələr bu
qalıqları toyuqlardan təmizləmək üçün təbii yemlərdən istifadə
etməli olurlar.
Kökəlmə, onurğa yırtığı, şəkər, xərçəng...
Bir sıra Rusiya və Türkiyə mənbələrinin yazdığına görə, broyler
toyuqlarının yeminə antibiotik və hormonal preparatların qatılması
onların ətlənməsinə və müxtəlif xəstəliklərdən müdafiə olunmasına
xidmət edir. Elə bu səbəbdəndir ki, əhali arasında kökəlmə, onurğa
sütunu yırtığı, şəkərli diabet, mədə-bağırsaq problemləri, sümük
boşluğu və digər xəstəliklər çoxalır. Həmçinin bir neçə il öncə
İstanbul Universitetinin Tibb fakültəsinin Onkologiya şöbəsinin
müəllimi Yavuz Dizdar xərçəng xəstəliyinin yayılmasının əsas
səbəblərindən birinin broyler toyuqları ilə bağlı olduğunu
açıqlayıb.
Görünən odur ki, broyler toyuqları hələlik dünyada insanların
quş ətinə olan tələbatını ödəməyə qadirdir. Eyni zamanda ekoloji
vəziyyətin gündən-günə gərginləşməsi toyuqların təbii yemlərini
təhlükə altına atır və bu da broyler məhsullarının gələcəkdə əsas
qida rasionuna çevrilməsinə aparır.
İnsanların sağlamlığına ciddi təhlükə törədən broyler
toyuqlarının iynə vurularaq şişirdilməsini əks etdirən daha bir
videonu təqdim edirik. Qeyd edək ki, görüntülər Rusiyadakı broyler
müəssisələrindən birində çəkilib və ciddi ajiotaja səbəb olub.