Yuxarı

İlin ən uğurlu və uğursuz siyasətçiləri – Siyahı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il dünya əhəmiyyətli siyasi hadisələrlə yadda qaldı. Bu il bir çox dünya liderinə öz hakimiyyətini gücləndirməkdə kömək etdi, bəzilərinin isə kürsüsünü laxlatdı.

Axar.az fərqli ölkələrdən olan politoloq və analitiklər arasında “ilin ən uğurlu və uğursuz siyasətçiləri”nin kimliyi haqda sorğu keçirib.

Amerikalı ekspert, Kaliforniya Universitetinin Siyasi Elmlər professoru Stiven Fiş:

“Məncə, ilin ən uğurlu siyasətçisi Hindistanın Baş naziri Narendra Modi oldu. O, həmçinin, ən bədnam siyasətçilərdən də biridir. Hindistanda keçirilən son seçkilərdə mandatını yeniləməsi dünyanın ən böyük demokratik ölkələrindən birini fəlakətli yola sürükləyir.

İlin ən uğursuz siyasətçisi isə zənnimcə, Hindistan Milli Konqresinin sədri Rahul Qandi oldu. Onun rəhbərliyi altında bir vaxtlar Hindistanı böyük qələbələrə istiqamətləndirən partiya praktik olaraq məhv edildi. Onun Modiyə məğlub olması 2019-cu ilin ən böyük uğursuzluğudur”.

Baltik Təhlükəsizlik Fondunun prezidenti, latviyalı analitik Olev Nikers:

“Düşünürəm ki, ilin ən uğurlu siyasətçisi Avropa Komissiyasının prezidenti olmağa nail olduğu üçün Ursula fon der Leyendir.

İlin ən uğursuz siyasətçisi isə impiçmentə məruz qaldığı üçün ABŞ Prezidenti Donald Trampdır”.

Koreya Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik Məsələləri üzrə professoru Yançun Kim:

“İlin ən uğurlu siyasətçiləri Boris Conson, Nensi Pelosi, Kim Çen İndir. Uğursuzluğa düçar olan siyasətçilər isə ABŞ Prezidenti Donald Tramp, Keri Rem, Ceremi Korbindir”.

Rus hərbi ekspert İqor Pankratenko:

“Şərq üzrə ixtisaslaşdığım üçün fikrimi bu region haqqında bildirsəm, yəqin ki, daha məntiqli olar. 2019-cu ildə ən uğurlu siyasətçi, şübhəsiz ki, Çin Prezidenti Si Szinpindir. Bu il o, həqiqətən ABŞ ilə ticarət müharibəsi qurdu və Çin əleyhinə qüvvələrin şiddətli müqavimətinin əksinə olaraq uğurla davam edən “Bir kəmər, bir yol” təşəbbüsünü uğurla təbliğ etdi.

2019-cu ilin luzer-siyasətçisinə gəlincə isə belə bir əsaslandırma ilə İran Prezidenti Həsən Ruhaniyə müraciət edərdim: İlin sonunda, o, İrandakı kütləvi etirazlara səbəb olan “yanacaq islahatı” ilə uğursuzluqlarını daha da artırdı”.

“Kafkassam”ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Əmrah Qaya:

“İlin ən uğurlu siyasətçi Yeni Zelandiyanın Baş naziri Casinda Arderndir. Ən uğursuz isə Boliviya Prezidenti Evo Moralesdir. Çünki Ardern terror hücumundan sonra ölkəsindəki böhranı çox yaxşı bir şəkildə idarə etdi və ən az ziyanla öhdəsindən gəldi. Morales isə seçkilərdə hiylədən istifadə etməyə çalışsa da, bir uğur əldə edə bilmədi və ölkəni tərk etdi”.

Gürcü ekspert və politoloq Gela Vasadzade:

“Bütövlükdə siyasətçilərə çox şübhə ilə yanaşdığımı nəzərə alsaq, “ən uğurlu” əsassız nikbinlik olardı. Təqribən 15 il əvvəl Tengiz Gudava yazırdı ki, dünyamız Roma İmperiyasının süqutundan bəri ən bacarıqsız insanlar tərəfindən idarə olunur. Təəssüf ki, bu günə qədər yaşamadı, əks təqdirdə o zaman bunun yalnız başlanğıc olduğuna əmin olardı”.

Hindistanlı siyasi ekspert, Manipal Akademiyası rektorunun elmi işlər üzrə müavini Moniş Turanqbam:

“Bu suala dünyanın müəyyən siyasi şəxsiyyətlərini qeyd etməkdənsə, daha geniş baxımdan cavab vermək istərdim.

2019-cu ildə baş verən hadisələr və qlobal siyasət özündə geniş yayılmış bir qeyri-müəyyənlik əks etdirdi. Honq-Konqdakı uzun sürən etirazlardan tutmuş Hindistanın Vətəndaşlıq Dəyişiklikləri Aktı (CAA) üzərində başlayan etirazlara, İngiltərədəki Breksit və Boris Consondan Trampın ABŞ-dakı impiçment məhkəməsinə qədər hazırda dünyada qatı açılmaqda olan heç bir hadisə sadə və düzxəttli deyil. ABŞ-Çin ticarət müharibəsindən İŞİD-in Bağdadinin öldüyü dövrdən sonrakı gələcəyinə, iqlim dəyişikliklərinə qarşı beynəlxalq kooperasiyalarındakı tələlərdən iqtisadiyyatın qlobal səviyyədə çöküşü ilə bağlı geniş yayılmış narahatlıqlara qədər olan proqnozlar xeyli dumanlı və yaxın gələcəkdə istiqamətsizlik hiss etdirəcək şəkildədir. Qlobal maliyyə və təhlükəsizlik nizamının zəiflədiyini açıq şəkildə görürük, lakin bu keçidin bizi hansı istiqamətə apardığı aydın görünmür. Dünyadakı liderlər populist siyasətin seçki cazibəsinə əl atır və bu müddətdə ölkələrindəki sosial-iqtisadi nöqsan xətlərini genişləndirirlərmi? Dünya qloballaşma dövrünə, qoruyucu iqtisadiyyatlara və sərt sərhəd nəzarətinə girirmi? Seçkilər yolu ilə və ya başqa bir şəkildə güclərini birləşdirən dünya liderləri siyasi nəticələri öz xeyrinə dəyişə və idarə edə bildilərmi? Cavab sadəcə “bəli” və ya “xeyr”dən daha mürəkkəbdir. Dünya 5G texnologiyaları ilə bağlı mübahisələrə və iqtisadiyyatdan təhlükəsizliyə gedən təsirlərə keçdikdə, böyük və kiçik ölkələr nəticələrlə üzləşməyə hazırdırlarmı? Biz daha cəsur bir dünyanın üfüqlərinə doğru baxdıqca dünya liderləri kritik suallardan yayınmaq üçün dəvəquşu yanaşmasından istifadə edirlərmi? Nəticə etibarı ilə sonda 2019-cu ilin qalibi və ya məğlubu kimdir sualına cavab verməyə çalışmamışam. Daha çox bu sual üstündə baş sındırmışam: Görəsən biz gəlib keçən hər ildən nələrsə öyrənib gələcəkdə birgə qalib gəlməyə hazırlaşırıqmı? Yoxsa tarixin daha qaranlıq təzahürlərinə göz yumub, müəyyən müddət ərzində bizə əl eləyən gələcəyi itiririk?”

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu:

“Artıq neçə zamandır ki, dünyanın diqqəti məhz Yaxın Şərqdə cəmləşdiyindən və orada baş verən proseslərin əslində planetin istənilən nöqtəsinə ciddi təsir etməsi səbəbi ilə mən məhz bu bölgə üzrə ilin ən uğurlu və uğursuz siyasətçilərinin adlarını çəkmək istərdim. Məsələ bundadır ki, 2019-cu il sözün həqiqi mənasında Yaxın Şərqdə baş verən bir çox proseslərlə sanki yerni məcraya qədəm qoydu. Bölgənin ayrı-ayrı ölkələrində baş verən proseslər həm siyasi, həm iqtisadi nöqteyi-nəzərdən çox təsirli idi və qarşıdan gələn il bu təsir özünü daha açıq şəkildə göstərəcək.

Hesab edirəm ki, bu mənada ilin ən uğurlu siyasətçisi Türkiyə Prezidenti Ərdoğanı hesab etmək olar. Suriyanın şimalında uğurlu anti-terror əməliyyatlarının aparlması və faktiki olaraq qarşıya qoyulan əsas hədəfə - təhlükəsizlik bölgəsinin formalaşmasına müəyyən qədər nail olmaq mümkün oldu. Rəsmi Ankara eyni zamanda Rusiya ilə münasibətlərinə yeni çalar gətirə bildi və əslində bu əməkdaşlığın yalnız Suriya məsələsi ilə deyil, hərbi əməkdaşlıqdan tutmuş bir çox siyasi-sosial və iqtisadi sahələri əhatə etdiyini ortaya qoydu. Xarici siyasətdə manevr imkanları qazanması, Suriya və İraq cəbhəsində faktiki olaraq mövqelərini gecləndirməsi növbəti ildə də rəsmi Ankara üçün əlavə dividendlər qazandıra bilər.

İlin ən qeyri-müəyyən ölkəsi İran, lideri isə Prezident Ruhani oldu. ABŞ-ın kifayət qədər geniş və çoxşaxəli basqıları, iqtisadi sanksiyalar faktiki olaraq rəsmi Tehrana ciddi şəkildə silkələyə bildi. İlin son aylarında baş verən kütləvi ixtişaşlar, eləcə də il boyu İranın sistemli şəkildə Yaxın Şərqdəki nüfuz dairələrindən sıxışdırılaraq çıxarılması, İraqda, Yəməndə, hətta Suriyanın özündə belə bu ölkənin maraqlarına cavab verməyən proseslərin getməsi gələn ildə də cənub qonşumuz üçün yaxşı nəsə vəd etmir. Ölkənin içində də mühafizəkarlarla islahatçılar arasında gedən gərgin mübarizə, Prezident Ruhaninin manevr imkanlarını daraltmaqla yanaşı, onun gedişlərini də təsirsiz etməkdədir.

İlin uğursuz siyasətçisi isə verdiyi açıqlamalarda kifayət qədər ziddiyyətli məqamlarla yadda qalan və faktiki olaraq Yaxın Şərq siyasətində son illərin ən uğursuz zolağına düşən ABŞ Prezidenti Donald Trampı hesab etmək olar. İstər Türkiyə siyasətində uğursuzluqlar, istərsə də ərəb müttəfiqlərindən faktiki olaraq gözlənilən aktiv dəstəyi ala bilməyən Trampın builki ən böyük uğursuzluğu rəsmi Ankara ilə Moskvanın müttəfiq halına gəlməsi oldu. Ümumiyyətlə, ABŞ xarici siyasətdəki uğursuzluqlar və bununla əlaqədar olaraq adminstrasiyanın özündə baş verən etiraz istefaları, Avropa - əsasən də Almaniya və Fransa ilə münasibətərində qeyri-müəyyənliklərlə də yadda qaldı”.

Tarix
2019.12.25 / 12:17
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Çavuşoğlu Azərbaycana gəlir - Tarix

70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?

Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla