Yuxarı

Azərbaycan ordusunun imkanları... - Felgenhauer

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:42

Tanınmış hərbi ekspert Pavel Felgenhauer “Rosbalt” saytına Ermənistanın Tovuz təxribatı ilə bağlı müsahibə verib.

Axar.az sözügedən müsahibəni təqdim edir:

– Ermənistanla Azərbaycan arasındakı silahlı qarşıdurmanın gərginləşməsi ilk dəfə deyil. Bunun əvvəlkindən daha ciddi hərbi əməliyyatlara keçmək perspektivləri barədə nə düşünürsünüz?

– Orada baş verənlər artıq müharibəyə doğru gedir və bəlkə də müharibə qaçılmazdır.

– Niyə belə düşünürsüz?

– Çünki bu problem heç bir şəkildə həll olunmur və həlli üçün (hətta nəzəri) heç bir perspektiv də yoxdur. Hazırda iki variant var: ya döyüşmək, ya da dondurulmuş konflikti “nə sülh, nə müharibə” ruhunda davam etdirmək. Bu kimi dondurulmuş konfliktlər isə – xüsusilə mütəmadi olaraq itkilər və atışmalar olduqda – adətən müharibəyə gətirib çıxarır. Bu, 1973-cü ildən bəri heç bir atışma baş verməyən Kiprdəki Türkiyə-Yunanıstan qarşıdurması deyil. Bu, hətta İsrail-Livan sərhədindəki konfliktdən də pisdir. Çünki burada anlayırlar ki, nəsə baş verərsə belə, bu, heç bir tərəfin xeyrinə olmayacaq. Burada, Ermənistan-Azərbaycan sərhəddində, gördüyümüz kimi, tərəflərdən heç biri özünü saxlamaq istəmir. Və bu artıq təkcə Qarabağ konfliktini əhatə etmir, gördüyümüz kimi, məsələ Azərbaycan Ermənistan sərhədini əhatə edir. Ümumiyyətlə, burada heç kim döyüşmək istəmir, gərginliyi saxlamaq, silahlanmaq başqa məsələdir. Hər iki tərəf bunu edir.

– Bəs beynəlxalq ictimaiyyət?

– Beynəlxalq ictimaiyytə gəldikdə, NATO, Avropa, Amerika, Çin liderləri, görünür, indi Ermənistanla Azərbaycanın hayında deyil. Görünür, bu iki ölkə öz şirəsində qaynayır, beynəlxalq müşahidəçilər yoxdur, silahsız zonalar yoxdur, silah məhdudiyyəti də yoxdur. Yəni bu çox qeyri-sabit bir atəşkəsdir. Kiprdə və ya Koreyada olduğu kimi on illərlə davam edən atəşkəslərdən deyil, bu, fərqli bir atəşkəsdir. Hər iki tərəf müharibəyə hazırlaşır, buna görə gec-tez maharibə baş verəcək. İyulun 12 və 13-dəki kimi toqquşmalar idarə oluna bilməyən eskalasiyaya gətirib çıxara bilər. Müharibə təhlükəsi burada daimi olaraq mövcuddur və onun yeni ciddi başlanğıcı demək olar ki, qaçılmazdır. Moskva, Vaşinqton, Ankara, Tehran bu işə qarışdıqda isə çox gec ola bilər...

– Artıq bəzi paytaxtların adını çəkdiniz. Böyük güclərdən başqa, bu münaqişədə regional oyunçular nə dərəcədə iştirak edirlər?

– Türkiyə işin içindədir, amma hazırda özünün xeyli problemləri var. Bundan əlavə, İran və İsrail. Sonuncu Azərbaycanla fəal şəkildə əlaqəlidir. İsrailin ümumiyyətlə bu ölkədə ciddi hərbi mövcudluğu var. Onun podratçıları, Azərbaycan silahlı qüvvələrini yetişdirən mütəxəssisləri var.

– Bəs İsrailin Azərbaycanda hansı marağı var?

– Bu ölkə İranın şimalında yerləşir və buna görə də israillilərin Azərbaycanda olması vacibdir. Eyni zamanda, Ermənistanın bölgədəki əsas müttəfiqi İrəvan və Qərb arasında gərginlik yaradan İrandır, halbuki indiki Ermənistan rəhbərləri Qərb tərəfə daha çox baxır. Ancaq İran bu gün Ermənistanın əsas iqtisadi tərəfdaşıdır. Onların ortaq bir sərhədi var ki, bu sərhəd vasitəsilə ciddi ticarət gedir. Eyni zamanda İranda çox böyük və nüfuzlu erməni diasporu var. Ermənistan Rusiya ilə ticarət edə bilər, ancaq bu, Gürcüstan üzərindən keçir və olduqca əlverişsizdir. İndi ABŞ-ın sanksiyaları altında olan Tehran üçün də Ermənistanla ticarət vacibdir. Türkiyə, NATO və ABŞ-a gəldikdə isə dediyim kimi, onlar indi Ermənistanla Azərbaycan hayında deyillər.

– Moskvanın Rusiya hərbi-sənaye kompleksinin məhsullarını almaq üçün Ermənistandan daha çox pulu olan Azərbaycanı silahlandırdığı barədə bir fikir var...

– Azərbaycanda əsas amil İsraildir. İsrail, həqiqətən də, Rusiyanın təqdim edə biləcəyindən daha müasir silahlarla Bakını yaxşı silahlandırır. Deyə bilərik ki, Azərbaycan silahlı qüvvələri keyfiyyətcə hətta ruslardan da üstündür. Məsələn, müasir dronlarda. Üstəlik, İsrail pilotsuz təyyarələrini bizə satmadı, çünki Pentaqon icazə vermədi, amma Azərbaycana satdı.

2016-cı ilin Dördgünlük müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin ermənilərdən keyfiyyətcə üstünlüyü aydın göründü. Azərbaycanlılar, İsrail dronlarından əlavə, “Buratino” adlı ağır Rusiya alov sistemlərini erməni mövqelərinə tətbiq etdilər. Ermənilər üçün bu bir şok idi, o zaman olduqca ciddi itki verdilər. Ermənistana gəldikdə isə onların sovet tipli ordusu var. Onların bir çox ağır silahları var - tanklar, artilleriya, çoxlu raket sistemləri, ballistik raketləri... Rusiya Federasiyası da onları “İsgəndər”lər və eyniadlı alovlu maşınlarla təmin etdi. Prinsipcə, Ermənistan və “dqr” silahlı qüvvələri XX əsrin 80-ci illərinin səviyyəsində yaxşı təlim keçmiş Sovet tipli ordulardır. Həm Azərbaycanda, həm də Ermənistanda sovet hava hücumundan müdafiə sistemləri var. Ancaq təkrar edirəm, Bakı İsrailin daha keyfiyyətli və müasir silahlarına sahibdir. Unutmayaq ki, israillilər hazırda Rusiya T-90 səviyyəsində olan Azərbaycan T-72 tanklarını modernləşdiriblər. Bundan əlavə, Azərbaycan özünün kifayət qədər inkişaf etmiş müdafiə sənayesinə sahib olan müasir silahları da Türkiyədən alır. Ermənistanın pulu azdır, o nəyisə yalnız Rusiyadan ala bilər, o da yalnız Rusiyanın ona satmaq və ya hədiyyə etmək istədiyi bir şeyi. Ermənilər İrandan silah almırlar, çünki başa düşürlər ki, Amerikanın qara siyahısına düşə bilərlər.

Beləliklə, Ermənistanla Azərbaycan arasındakı barışıq baxımından vəziyyət həqiqətən ümidsiz görünür və indiki kimi bir münaqişənin daha böyük bir müharibəyə çevrilə biləcəyi ehtimalı yüksəkdir. Eyni zamanda, bu baş verərsə belə, qalibiyyətin sona qədər davam edəcəyini düşünmürəm. Nə Azərbaycan Prezidenti İlham Əliyev, nə də Ermənistanın Baş naziri Nikol Paşinyan riskə getmək istəyir. Lakin eskalasiyanın ciddi səviyyəyə qalxması olduqca mümkündür.

Tarix
2020.07.14 / 14:30
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla