Axar.az
Yuxarı

Axar.Az Logo

Savelyev: Qarabağ Azərbaycana inteqrasiya olunmalıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Azərtac-a istinadən Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevlə müsahibəni təqdim edir.

- Dmitri İvanoviç, Xocalı qırğınının törədilməsindən 29 il keçir, lakin hələ də dünyanın müxtəlif guşələrində həmin faciənin xatırlanması ilə bağlı tədbirlər keçirilir. Siz bu hadisənin belə güclü rezonans doğurmasını nə ilə izah edərdiniz?

- Mənim fikrimcə, Xocalının dinc sakinlərinə divan tutulması ötən əsrin dəhşətli faciələri – Xatın, Gernika və ya Xirosima hadisələri ilə müqayisə edilə bilər. Rəmzi haldır ki, planetin müxtəlif guşələrində insanlar onlardan uzaqda yerləşən Azərbaycanın ağrı-acısına şərik olduqlarını bildirirlər. Bu insanların hər biri başa düşür ki, əgər yeni müharibələrə rəvac vermək cəhdlərinə qarşı mübarizə aparılmasa, əgər bütün dünyada silahlı münaqişələrin qarşısı alınmasa, belə müsibətlər onların da başına gələ bilər. Milli zəmində dözümsüzlük və nifrətin necə ağır nəticələrə gətirib çıxara biləcəyini anlamaq üçün Xocalı qırğını barədə xatirəni gələcək nəsillər üçün qoruyub saxlamaq lazımdır. Etnik təmizləmələr prosesində 30 mindən çox azərbaycanlı, o cümlədən 613 Xocalı sakini həlak olub, bir milyondan çox insan öz yurdundan qovulub.

Bütün bunlara baxmayaraq, Azərbaycan həmişə multikulturalizm tərəfdarı olub, millətçiliyin təhlükəli olmasını daim insanlara xatırladıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasının əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Məhz bu informasiya kampaniyasının sayəsində dünyanın bir sıra ölkələri Xocalı hadisələrini soyqırım kimi rəsmən tanıyıblar.

- 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu üç yüzdən çox yaşayış məntəqəsini işğaldan azad edib, Azərbaycanın əzəli torpaqları öz qanuni sahibinə qaytarılıb, Qarabağ münaqişəsinin günahsız qurbanlarının qanı yerdə qalmayıb. Siz Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasına yönəlmiş səyləri necə qiymətləndirirsiniz?

- Vaxtilə Azərbaycan Dillər Universitetinin müəllimi Yusif Savalandan eşitdiyim bir söhbət məni həqiqətən sarsıtmışdı. Onun atası Böyük Vətən müharibəsi illərində Kerç yaxınlığında almanlara əsir düşüb və cəza düşərgəsinə göndərilib. Lakin almanlar qarşılarındakı gəncin müharibəyə qədər heç vaxt əlində silah tutmamış adi kəndli olduğunu görəndə onu güllələməyiblər. Ən faciəlisi budur ki, o vaxtdan yarım əsr sonra Xocalı qırğını zamanı 83 yaşlı qoca öz evində vəhşicəsinə öldürülüb və qatillərdən heç biri ona rəhm etməyi ağlına belə gətirməyib.

Bu əhvalat sizin sualınıza ən yaxşı cavab olar. 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsi Xocalıda mülki əhalinin qətlə yetirilməsini “müharibə cinayətlərinə və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan, xüsusi qəddarlıqla törədilən əməl” kimi tövsif edib. Buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını törədənlər öz cinayətlərinə görə məsuliyyətə cəlb edilməyib. Üstəlik, onlar Ermənistanın siyasi həyatında fəal iştirak edirlər. Ravvin İsrael Baruk “Xocalı: insanlıq əleyhinə cinayət” kitabında yazır ki, nasist hərbi canilərin, xüsusən öz cinayətlərinə görə lovğalananların beynəlxalq aləmdə qəbul olunmasını təsəvvür etmək mümkün deyil. Xocalı qırğınında təqsirkar olanlar beynəlxalq məhkəmə tərəfindən məsuliyyətə cəlb edilməli və faşistlər kimi cəzalandırılmalıdır.

Azərbaycan tarixi ədalətin planlı şəkildə bərpasına yönəlmiş siyasət yürüdür və mən inanıram ki, Qərbin səhnəarxası siyasi qüvvələri bu səylərə etinasız qala bilməyəcəklər, hərçənd Qərb Xocalıda etnik təmizləmələrlə bağlı faktlar haqqında hər vasitə ilə susmağı üstün tutur. Dünya ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri pisləyəcək, dinc əhalini qətlə yetirənlər müttəhimlər kürsüsündə əyləşəcək və layiqli cəzalarını alacaqlar. Belə cinayətlərə iddia müddəti tətbiq edilə bilməz.

- Siz Azərbaycanın işğal edilmiş ərazilərinin gələcəyini, o cümlədən Xocalı şəhərinin gələcəyini necə təsəvvür edirsiniz?

- Azərbaycan həlak olanların xatirəsini ehtiramla yad etməklə bərabər daha irəli getməlidir, axı işğaldan sonra qaytarılmış 8000 kvadrat kilometr ərazidə çox işlər görülməlidir. İşğal illərində Qarabağın şərq hissəsi səhraya çevrilib, Ağdam və ya Füzuli kimi rayon mərkəzlərindəki bütün binalar dağıdılıb. Dağlıq Qarabağın bir hissəsi erməni tərəfin nəzarəti altında qalır və oraya rusiyalı sülhməramlılar yerləşdirilib. Atəşkəs haqqında üçtərəfli Bəyanat imzalanıb, lakin gələcək sülh prosesinin bir sıra detalları hələ dəqiqləşdirilməlidir.

Bir məsələ aydındır: işğaldan azad edilmiş regionda normal həyatın bərpa edilməsi üçün Azərbaycan hələ çox iş görməlidir. Şəhərləri və kəndləri təzədən tikmək, tarixi abidələri və dağıdılmış məscidləri yenidən qurmaq, müasir avtomobil magistralları və dəmir yollar salınmalıdır. Füzulidə beynəlxalq aeroport tikintisinə başlanıb. Bu aeroportun birinci uçuş zolağı cari ilin sonuna qədər istifadə verilməlidir, Azərbaycanın mədəni paytaxtı Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı keçirilməsi nəzərdə tutulur. Əminəm ki, azərbaycanlılara xas olan əməksevərlik və işğaldan azad edilmiş ərazilərin abadlaşdırılmasına yönəlmiş səylər möcüzələr törədəcək.

Məcburi köçkünlərin doğma evlərinə qayıtması məsələsinə gəldikdə isə burada mürəkkəb məqamlar çoxdur: axı bir neçə onillik bundan əvvəl tərk edilmiş yaşayış evlərinin çoxu xarabalığa çevrilib. Buna görə qaçqınların çoxdankı arzularına çatması - Qağlıq Qarabağa qayıda bilməsi üçün şərait yaradılmalıdır. Xocalı sakini Məmməd Məmmədovun başına gələn əhvalat məni çox mütəəssir etdi. O, doğma yurdundan götürdüyü bir ovuc torpağı və bir qab suyu 28 il qoruyub saxlayıb, onları özünün yeganə fərəh mənbəyi hesab edib.

Məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və Xocavənd rayonuna qayıda bilmələri üçün Dağlıq Qarabağ rəvan şəkildə Azərbaycana inteqrasiya olunmalı, Azərbaycan və erməni icmaları arasında mehriban qonşuluq münasibətləri qaydaya salınmalıdır, ona görə ki, gələcəkdə dinc yaşamağın başqa yolu yoxdur. Xocalı isə hökmən memorial-şəhərə çevriləcək. Azərbaycan rəhbərliyinin elan etdiyi kimi orada “Xocalı soyqırımı” muzeyi açılacaq. Bu, Xocalı qurbanlarının xatirə yeri olacaq və gələcək nəsillərə bir daha xatırladacaq ki, Yer üzündə dözümsüzlüyə və millətçiliyə yol verilməməlidir.

Tarix
2021.02.25 / 19:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı müharibəyə hazır deyildi, Köçəryan bunu etməliydi - Video

Çaxmaqlı: İrəvana bu cür qayıdacağıq - Video

Qənimətlər Parkı İrəvanı sındırdı - Kuznetsov

Paşinyan ən ağır zərbə aldıqları əməliyyatdan danışdı

MQ-nin Qarabağ bəyanatında 3 həyasız məqam...

MQ-nin “qəfil gecə bəyanatı”nın səbəbi - Zülfüqarov

İrəvana qayıdış siyasəti: İnanmayanlar Şuşaya baxsın!

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Belarus sənədləri imzalandı

Qarabağda “status”dan qaçmağın iki yolu var - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla