Yuxarı

Prezident 2 sərəncam, 2 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:13

Prezident İlham Əliyev Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 (Cild I); 2025, № 4 (I kitab), maddə 379) ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Əsas icraçı orqan (qurum)” sütununa “(qurum)” sözündən sonra “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri əlavə edilsin;

1.2. 8.1.6-cı yarımbəndin “Əsas icraçı orqan (qurum)” sütununa “DGK” akronimindən sonra “, RİNN, AAYDA, ADY” akronimləri əlavə edilsin;

1.3. 8.5.2-ci yarımbəndin “Digər icraçılar” sütununa “DTA” akronimindən sonra “, ETN” akronimi əlavə edilsin;

1.4. 8.7.5-ci yarımbəndin “Əsas icraçı orqan (qurum)” sütununa “NMR NK” akronimindən sonra “, AAYDA” akronimi əlavə edilsin;

1.5. “AKRONİMLƏR VƏ İXTİSARLAR” hissəsinə “ADSEA – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözlərindən əvvəl “AAYDA – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1944 (Cild I) ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissə üzrə:

1.1.1. 1.1-ci bənddən “və bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq müəyyən edilən bölgüdə nəzərdə tutulan” sözləri çıxarılsın;

1.1.2. 1.4-cü bənd 1.5-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

“1.4. Dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər.”;

1.2. 2-ci hissə üzrə:

1.2.1. 2.1-1-ci bənd ləğv edilsin;

1.2.2. 2.7-ci bənddə “bank” sözü “xəzinə” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 240-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 8-2.5-ci, 8-2.6-cı (hər iki halda) və 8-2.7-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin ikinci cümləsində, 8-2.5-ci, 8-2.6-cı (ikinci halda) və 8-2.7-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 8-2.4-cü maddəsinin birinci cümləsində, 8-2.6-cı (birinci halda) və 8-2.7-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzərdə tutulur;

1.4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həmin Qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.2.1. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun 8-2.2-ci maddəsinin birinci cümləsinə, 8-2.4-cü maddəsinin ikinci cümləsinə, 8-2.5-ci və 8-2.6-cı maddələrinə uyğun olaraq, kazino oyunlarının təşkili və keçirilməsi üçün xüsusi ayrılan yerlərə dair tələbləri, kazino oyunlarının təşkili üçün lisenziya verilməsinin şərtlərini (tələblərini), kazino oyunlarının təşkili və keçirilməsi qaydasını, habelə kazino oyunlarının operatoruna dair tələbləri;

2.2.2. həmin Qanunun 8-2.7-ci maddəsinə uyğun olaraq, kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət qaydasını;

2.3. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 240-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, həmin Qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671 (Cild I); 2024, № 7, maddələr 788, 806, № 8, maddə 950; 2025, № 5, maddə 450) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.3.6-cı yarımbənddən “həyata keçirir” sözləri çıxarılsın;

4.2. aşağıdakı məzmunda 2.3.7-ci yarımbənd əlavə edilsin:

“2.3.7. həmin Qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş lisenziya tələb olunan fəaliyyət növü üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirir.”;

4.3. 2.7-ci bənddən “isə” sözü çıxarılsın və həmin bəndə “Nəqliyyat Nazirliyi” sözlərindən sonra “, həmin Qanunun 2 nömrəli əlavəsinin 8-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.

5. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841 (Cild I); 2024, № 8, maddə 938, № 12 (II kitab), maddə 1373) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3-cü hissədə “156” rəqəmləri “165” rəqəmləri ilə, “68” rəqəmləri “77” rəqəmləri ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə” üzrə:

5.2.1. 2.0.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

5.2.2. aşağıdakı məzmunda 2.0.7-ci, 2.0.8-ci və 3.0.30-8–3.0.30-10-cu yarımbəndlər əlavə edilsin:

“2.0.7. qanunla müəyyən edilmiş hallarda və qaydada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya vermək, lisenziya şərtlərinə riayət olunmasına nəzarət etmək;

2.0.8. kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət etmək.”;

“3.0.30-8. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kazino oyunlarının təşkili üçün lisenziya vermək, lisenziya şərtlərinə riayət olunmasına nəzarət etmək;

3.0.30-9. qanunla müəyyən edilmiş hallarda və qaydada lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müəyyən etmək, lisenziya müqaviləsi bağlamaq;

3.0.30-10. qanuna uyğun olaraq kazino oyunlarının keçirilməsi üçün kazino oyunları operatorunun cəlb edilməsinə dair müqavilələrin bağlanılmasına razılıq vermək;”.

6. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 90 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (I kitab), maddə 656) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.1-ci bənddə “və 9-cu maddəsində” sözləri “, 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 8-2.5-ci, 8-2.6-cı (hər iki halda), 8-2.7-ci (hər iki halda) və 9-cu maddələrində” sözləri ilə əvəz edilsin;

6.2. 1.2-ci bəndə “6.3-cü” sözlərindən sonra “, 8-2.2-ci maddəsinin birinci cümləsində, 8-2.4-cü maddəsinin ikinci cümləsində, 8-2.5-ci, 8-2.6-cı (ikinci halda), 8-2.7-ci (birinci halda)” sözləri əlavə edilsin;

6.3. 1.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. həmin Qanunun 8-2.4-cü maddəsinin birinci cümləsində, 8-2.6-cı (birinci halda) və 8-2.7-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzərdə tutulur.”.

Tarix
2025.07.29 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

Azərbaycan-Gürcüstan sərhədində problem?.. - Tiflisdən açıqlama

Ayxan Hacızadə iranlı səfirlə görüşdü

Nazir Sahil Həmidova yeni vəzifə verdi

Dünya daha da parçalanıb, tərəqqi isə azalıb - Qafarova

Əliyevin bu səfəri ilə yeni tarixi mərhələ açıldı - Mey

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Qovlar şəhərinin Baş planı təsdiqləndi

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla