Azərbaycan 10 aylıq fasilədən sonra Hindistana xam neft tədarükünü bərpa edib.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu ilin avqust ayında Azərbaycan Hindistana 781,52 min ABŞ dolları dəyərində 1 min 747,07 ton xam neft ixrac edib.
İxrac olunmuş məhsulun miqdarı bir il əvvəlki dövrün göstəricisi ilə müqayisədə 589 dəfə, dəyəri isə 827 dəfə azdır.
Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi neft ixracında payı 0,01 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 15 milyon 924 min 752,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 8 milyard 396 milyon 005,89 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb
Xatırladaq ki, ötən ilin oktyabr ayından Hindistan Azərbaycandan neft ixracını dayandırmışdı. 2024-cü ildə Azərbaycan Hindistana 729 milyon 796,92 min ABŞ dolları dəyərində 1 milyon 168 min 876,01 ton neft tədarük edib.