Yuxarı

İrəvana ilk ixrac: Bakı sülhü praktiki müstəviyə daşıyır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvana ilk ixrac: Bakı sülhü praktiki müstəviyə daşıyır

Azərbaycandan Ermənistana neft məhsullarının ixracına start verildi. Baş nazirin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın noyabrın 28-də Qəbədələ əldə etdiyi razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin bu gün İrəvana yola salınıb. Bu, sülh prosesində xüsusi əhəmiyyət kəsb edir.

Birincisi, Azərbaycan və Ermənistan arasında neft məhsullarının ixracı ilə bağlı razılaşma sülh prosesinin praktiki müstəviyə daşınmasıdır.

Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycanın təşəbbüsü ilə başlanan sülh danışıqlarında müəyyən razılaşmalar əldə edilsə də, prosesin praktiki müstəviyə keçməməsi sülh perspektivlərinə şübhələr yaradırdı. Vaşinqtonda əldə olunan razılaşmalara da belə yanaşma mövcud idi. Sülh təşəbbüsünün müəllifi olan Prezident İlham Əliyev oktyabrda işğal dövründən bəri Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması haqda qərar imzalamaqla prosesi praktiki müstəviyə daşıdı. Bu gün Azərbaycandan Ermənistana ilk ixracın həyata keçirilməsi sülh gündəliyinin perspektivləri baxımından tarixi əhəmiyyət daşıyır.

İkincisi, bu addım Azərbaycan və Ermənistan arasına etimad quruculuğuna mühüm töhfə verir.

Sülhün davamlı və dayanıqlı olmasını şərtləndirən əsas amil iki xalq arasında etimad mühitinin yaradılmasıdır. 30 illik müharibə dövrü və düşmənçilik bu məsələdə ciddi çətinliklər yaradıb və belə görünür ki, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulması üçün kifayət etməyə bilər. Bu kontekstdə neft məhsullarının ixracı – Azərbaycan və Ermənistan arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması düşmənçiliyin arxa fona keçməsində əhəmiyyətli rol oynayacaq, çünki dövlətlər arasında iqtisadi əlaqələr həm də cəmiyyətlərin yaxınlaşması, qarşılıqlı ticarətin yaranması deməkdir.

Üçüncüsü, burada Azərbaycan və Ermənistanın iqtisadi-ticarət əlaqələrinin hər iki ölkəyə və regiona verəcəyi siyasi-iqtisadi divident önəmlidir.

Azərbaycan Ermənistanın timsalında yeni bazar qazanır. Nəzərə almaq lazımdır ki, neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Bu, Azərbaycan üçün iqtisadi gəlir gətirəcək. Eyni zamanda, ikitərəfli ticarət əlaqələrinin qurulması ilə siyasi yaxınlaşma güclənəcək ki, sülh prosesinin tamamlanması üçün bu, vacib elementdir.

Azərbaycandan neft məhsullarını idxal etmək Ermənistana ilk növbədə enerji təhlükəsizliyini şaxələndirmək imkanı verir və məhdud mənbələrdən asılılığını azaldır. Və bu, həm də rəsmi İrəvanın daha müstəqil siyasət yürütmək perspektivlərini gücləndirir.

Bakı-İrəvan xəttində iqtisadi-ticarət əlaqələrinin yaranması həm də regionda yeni reallıqlara və sülh perspektivlərinə qarşı təhdidləri də aradan qaldırmaq imkanı yaradır. Bölgədə sülh prosesinə qarşı olan qüvvələr iqtisadi müstəvidəki rıçaqlarından da istifadə edir, xüsusilə Ermənistanın məhdud enerji mənbələrindən asılı olması belə riskləri artırır. Azərbaycanın Ermənistanın enerji bazarına daxil olması iki ölkənin regional sülhü ikitərəfli formatda inşa etmək planları fonunda da vacibdir.

Azərbaycanın Ermənistana ilk ixracatının yaratdığı siyasi və iqtisadi perspektivlər Zəngəzur dəhlizinin açılmasının regiona gətirəcəyi dividentləri ön plana çıxarır. Dəhliz layihəsinin reallaşmasından sonra bütövlükdə regionun nəqliyyat-tranzit potensialı güclənəcək və təkcə Azərbaycanla Ermənistan yox, region ölkələrinin hər biri bundan yararlanacaq. Dəhlizin həm də regional nəqliyyat xətlərində rəqabəti də gücləndirəcəyi gözlənilir. Hərçənd, bu rəqabət problemlər yox, inkişaf vəd edir, xüsusilə bölgədə nəqliyyat infrastrukturunun zəngiləşməsi fonunda.

Bu rəqabətə hazırlaşmalı ölkələrdən biri Gürcüstandır. Çünki münaqişə dövründə Ermənistanla kommunikasiya əlaqələrinin bağlanması Gürcüstanı regionun əsas tranzitinə çevirmişdi. Zəngəzur dəhlizinin açılması Ermənistan üçün regional tranzit imkanlarından pay əldə etmək imkanı yaradır, hərçənd, bu, Gürcüstanın tranzit potensialını zəiflətməyəcək. Əksinə bölgədə Gürcüstanla yanaşı, Ermənistandan keçən marşrutların işə düşməsi Cənubi Qafqazı Avrasiyanın nəqliyyat arteriyasına çevirə bilər. Belə bir perspektiv regionun hər üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan üçün yalnız müsbət perspektivlər vəd edir.

Gürcüstan Azərbaycan və Ermənistanın iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verə bilər. Gürcüstanın baş naziri bu ölkə ərazisindən Ermənistana neft məhsullarının ixracı ilə bağlı rüsumun ödənilməməsi qərarını verib. Bu, olduqca müsbət addımdır. Bu qərarın qüvvədə qalması və növbəti mərhələləri də əhatə etməsi, regional iqtisadi əlaqələrin güclənməsi imkanlarını artıra bilər. Təbii ki, regional əlaqələri güclənməsi həm bölgədəki sülh prosesinə töhfə verəcək, həm də Gürcüstan üçün də yeni iqtisadi perspektivlər aça bilər.

Tarix
2025.12.18 / 19:16
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

İlham Əliyev Qətər əmirini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla