Ana səhifə Toplum |
Sürüşmə, uçqun, və subasma ilə bağlı Ekologiya və Təbii
Sərvətlər Nazirliyinə daxil olan çoxsaylı müraciətlərlə əlaqədar
nazirliyin Geoloji Planalma Ekspedisiyası gücləndirilmiş iş
rejiminə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən
Axar.az-a verilən məlumata görə, ETSN-nin Geoloji Planalma
Ekspedisiyasının mütəxəssisləri tərəfindən Abşeron yarımadası və
respublika ərazisində aparılan monitorinq və müşahidələr
intensivləşdirilib.
Mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə
monitorinqlər keçirilir.
Respublika ərazisindəki mövcud sürüşmə sahələrinin bəzilərində, o
cümlədən Bakıda və Abşeron yarımadasında atmosfer yağıntılarının
təsirindən nisbi aktivlik müşahidə edilib, bəzi yerlərdə isə yeni
sürüşmə ocaqları qeydə alınıb.
Əhmədli və Masazır qəsəbələrində yağan yağışlar nəticəsində lokal
sahədə uçqun prosesi baş verib. Əhmədli qəsəbəsində uçquna məruz
qalmış sahənin uzunluğu 25 metr, hündürlüyü isə 4 metrdir. Masazır
qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu isə 35 metr,
hündürlüyü 3 metrdir. Zığ sürüşmə sahəsində nisbi aktivləşmə olsa
da, uçqun və dağıntı qeydə alınmayıb.
Sabunçu rayonunun Savalan qəsəbəsində, Daş karxanası yaşayış
massivində və Şuşa şəhərciyində isə əraziyə düşən atmosfer
yağıntıları nəticəsində qrunt sularının səviyyəsi qalxıb və subasma
hadisəsi baş verib. Binəqədi rayonunun Məlikaslanov küçəsində də
analoji hal müşahidə edilib. Badamdar, Bayıl və Əhmədli qəsəbəsinin
digər ərazilərində isə aktivləşmə qeydə alınmayıb.
Respublika ərazisində aparılan monitorinqlər zamanı Qobustan
rayonunun Poladlı kəndində sürüşmə prosesinin aktivləşməsi
nəticəsində kəndə yeganə girişi olan avtomobil yolu bağlanıb. Yolun
20-22 metr hissəsi tamamilə sıradan çıxıb.
İsmayıllı rayonunun İstisu kəndi ərazisində isə yeni sürüşmə
prosesi qeydə alınıb. Sürüşmə sahəsi təqribən 3 hektar ərazini
əhatə edib. Sürüşmə sahəsinin eni 400-500 metr, uzunluğu 600-650
metr, sürüşmənin qırılma daşının hündürlüyü 4-6 metr arasında
dəyişir.
Respublikanın digər yerlərində də, o cümlədən cənub bölgəsində
Lənkəran-Lerik avtomobil yolunun 17-19-cu kilometrliyində, həmin
avtomobil yolunun 45-ci kilometrliyində, Astara Deqədi Pəlikeş
avtomobil yolunun bir neçə kilometrliyində, Qobustan rayonunun
Poladlı sürüşmə sahəsində, Quba rayonunun Güləzi sürüşmə sahəsində,
Quba-Xınalıq yolunun 36-44 kilometrliyində, Quba-Qonaqkənd
avtomobil yolunun bir neçə kilometrliyində, Muğanlı-İsmayıllı
avtomobil yolunun 2-ci, 11-ci kilometrliyində, Bakı-Şamaxı
avtomobil yolunun 106-111-ci kilometrliyində, İsmayıllı rayonunun
Xankəndi sürüşmə sahəsində, İsmayıllı rayonunun Basqal-Sulut
avtomobil yolunun 9-cu kilometrliyində, Gədəbəy rayonunun Hacılar
(Əyridərə), Tovuz rayonunun Qarağatlı, Cəlilabad rayonunun Sadatlı
sürüşmə sahəsində ekzogen-geoloji proseslərin dinamikası üzərində
monitorinq və müşahidələr davam etdirilir.
Qeyd edək ki, monitorinqlərin nəticələri barədə bülletenlər
hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət
qurumlarına məlumat verilir.
Tarix
2016.10.19 / 20:29
|
Müəllif
Axar.az
|