Yuxarı

Alim vəfat etdi - Prezident nekroloq imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış alimi Maqsud Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb.

Axar.az-ın məlumatına görə, nekroloqda qeyd olunur:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Respublikanın tanınmış alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsi akademik-katibinin müavini Maqsud İsfəndiyar oğlu Əliyev 2016-cı il dekabrın 23-də ömrünün 93-cü ilində vəfat edib.

Maqsud Əliyev 1924-cü il avqust ayının 27-də Tbilisi şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1941-ci ildə Tbilisi Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, 1943–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirakı ilə əlaqədar ali təhsilini yarımçıq qoymuş və cəbhədən qayıtdıqdan sonra təhsilinə davam edib, 1947–1950-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində oxu.yub

Əmək fəaliyyətinə 1950-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda assistent kimi başlayan Maqsud Əliyev 1954–1957-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş müəllim, 1957–1961-ci illərdə isə Azərbaycan Dövlət Universitetində baş müəllim, dosent vəzifələrində çalışıb. O, 1961-ci ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq Fizika İnstitutunda 1966-cı ilədək baş elmi işçi, 1966–2013-cü illərdə laboratoriya müdiri işləyib, 1971-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsi akademik-katibinin müavini vəzifəsini icra edib.

Maqsud Əliyev 1957-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1967-ci ildə professor elmi adını alıb. O, fizika ixtisası üzrə 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.

Akademik Maqsud Əliyev Azərbaycanda fizika elminin inkişafında mühüm xidmətlər göstərib. Onun uzun bir dövrü əhatə edən səmərəli elmi fəaliyyətinin başlıca istiqamətini yarımkeçiricilərin fiziki xassələrinin öyrənilməsi təşkil edib. Yarımkeçiricilərin istilik keçirməsi probleminin həllinə yönəlmiş həmin araşdırmalar aktuallığı ilə səciyyələnərək bu sahədə bir sıra əsaslı məsələlərin aydınlaşdırılmasına zəmin yaradıb. Maqsud Əliyev selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların təsirinin ilk tədqiqatçılarından idi. Alimin apardığı fundamental tədqiqatlardan əldə olunan mühüm nəticələr mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Maqsud Əliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə daim ahəngdar şəkildə əlaqələndirib və Azərbaycanın bir sıra ali təhsil ocaqlarında yüksəkixtisaslı kadrların yetişdirilməsində fəal iştirak etmişdir. O, nüfuzlu beynəlxalq elmi simpozium, forum və konfranslardakı çıxışları ilə Azərbaycan elmini ölkənin hüdudlarından kənarda da layiqincə təmsil edib.

Maqsud Əliyev respublikamızda və xaricdə nəşr edilən 350-dən artıq elmi əsərin və 30 patentin müəllifidir. Alimin rəhbərliyi ilə yarımkeçiricilər fizikası və onun tədris metodikası üzrə 40-dan çox fəlsəfə və elmlər doktoru hazırlanıb.

Akademik Maqsud Əliyevin elmi fəaliyyəti lazımınca qiymətləndirilib. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müxtəlif orden və medallara layiq görülmüş, o cümlədən, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Qocaman alim, gözəl pedaqoq və səmimi insan Maqsud İsfəndiyar oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Akif Əlizadə, Mikayıl Cabbarov, Arif Paşayev, Tofiq Nağıyev, İbrahim Quliyev, İsa Həbibbəyli, Rasim Əliquliyev, Telman Əliyev, Çingiz Qacar, Cavad Abdinov, Bahadur Tağıyev və Firudin Haşımzadə imzalayıblar.

Mərhumun cənazəsi vidalaşmaq üçün 2016-cı il dekabrın 26-da saat 12:00-dan 15:00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaq.

Tarix
2016.12.24 / 16:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla