Abdulla Abdullayev "A.M.A.Y."dakı sahibkarlara 577 min
500 manat "atıb".
"A.M.A.Y." prezidentinin həbsindən sonra ticarət mərkəzinin
boşaldılması ilə bağlı göstəriş verilib; mağazalardan çıxan
alverçilərə "Sədərək"də yer ayrılıb.
Aprelin 5-də Bakının ən böyük ticarət mərkəzi sayılan
"A.M.A.Y."dakı mağazaların bəziləri boşaldılıb. "Yeni Müsavat"ın
məlumatına görə, mağazaların boşaldılması ilə bağlı qərar aprelin
4-də "A.M.A.Y." Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin
həbsindən sonra verilib.
Ticarət mərkəzində çalışanlardan qəzetimizə bildiriblər ki,
onlara şifahi şəkildə 3 iş günü müddətində mağazaların
boşaldılmasını tapşırıblar. Abdulla Abdullayevin həbsindən sonra
"A.M.A.Y."da baş verənlərlə bağlı məlumat almaq üçün ötən gün Xətai
rayonunda yerləşən həmin ticarət mərkəzinə baş çəkdik.
"Bütün mərtəbələr boşaldılıb"
"A.M.A.Y."da olarkən birinci mərtəbədə yerləşən mağazaların
çoxunun boşaldıldığının şahidi olduq. Ticarət mərkəzində çalışan
satıcılar bildirdilər ki, "A.M.A.Y." açılan gündən burada alver
zəif olub.
Sevinc Qafarova adlı satıcının sözlərinə görə, son iki ildir ki,
yalnız internet vasitəsi ilə satış həyata keçirirlər: "Facebookda
səhifə yaratmışıq, online olaraq malları satırıq. Başqa çarəmiz də
yoxdur. Ayda 1200 manat yer haqqı verirəm. Neçə aydır ki, ancaq
borca işləyirik. Abdulla müəllimin tutulmasından sonra inanmıram
ki, kimisə burada saxlasınlar. Artıq yuxarı mərtəbələrdəki
mağazaları bağlayıb, təhvil veriblər. Aprelin 5-də səhər
saatlarında birinci mərtəbədə yerləşən 8-ə yaxın mağazada çalışan
şəxslər mallarını çıxarıb, obyektin açarlarını Abdulla müəllimin
yaxın adamı Şakirə təhvil verdilər".
"Obyektlərimiz "Birlikbank"da girovluqda idi"
Satıcılarla söhbət zamanı öyrəndik ki, Abdulla Abdullayev
"Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləyən zaman
"A.M.A.Y."dakı mağazaların çoxunu ipoteka vasitəsilə ilə satıb.
2008-ci ildə həmin bank vasitəsi ilə ticarət mərkəzindən mağaza
alan Qafur adlı paytaxt sakini bildirdi ki, 2010-cu ildə Milli
Bankın qərarı ilə "Birlikbank"ın fəaliyyəti dayandırılıb.
Həmsöhbətimizin sözlərinə görə, Abdulla Abdullayev o
zaman bildirib ki, kreditləri
şəxsən ona ödəsinlər: "Biz ayda 1500 manat olmaqla, 11 ay
A.Abdullayevə kredit ödədik. Sonradan məlum oldu ki, Milli Bank
"Birlikbank"da qeydiyyatda olan kredit əməliyyatlarını bir neçə
banka yönləndirib. Banklardan birindən mənə zəng vurub dedilər ki,
sizin 11 aylıq gecikmə ilə banka borcunuz var. Dəli oldum, tez
A.Abdullayevin yaxın adamı Şakirlə görüşdüm. O, mənə dedi ki,
narahat olma, Abdulla müəllim pul məsələsini həll edəcək. Neçə
aydır ki, A.Abdullayevlə görüşüb, ona ödədiyimiz pulu geri almaq
istəyirdik. Onun 35 sahibkara ümumilikdə 577 min 500 manat borcu
var idi. Abdulla Abdullayevi tutdular, indi bu pulu kim
ödəyəcək?"
"A.M.A.Y."da olarkən öyrəndik ki, ticarət mərkəzini boşaldan
satıcılar "Sədərək"ə üz tutublar. Bakının Qaradağ rayonunda
yerləşən "Sədərək" bazarında yerləşdirilən ticarətçilərdən 6 ay
müddətində yer pulu alınmayacaq.
Qeyd edək ki, "A.M.A.Y." Şirkətlər Qrupunun prezidenti Abdulla
Abdullayev aprelin 4-də həbs edilib. Bu barədə Baş Prokurorluq
məlumat yayıb.
Baş Prokurorluqdan "musavat.com"a göndərilən məlumatda deyilir
ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək
Milli Fondundan A.Abdullayevlə bağlı daxil olan material Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
araşdırılıb. İlkin araşdırma zamanı toplanan sübutlar əsasında
Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və
308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə
cinayət işi başlanıb.