Avstriyanın Qrats şəhərində yazıçı Kamal Abdullanın alman dilinə
tərcümə olunmuş "Yarımçıq əlyazma" romanının təqdimatı olub. Qrats
Karl Frants Universitetinin Alman dili və ədəbiyyatı institutunun
təşkilatçılığı ilə keçirilmiş tədbir həmin universitetin
"Dradivaberl" adlı kitab evində reallaşdırılıb.
Tədbiri giriş sözü ilə açan Qrats Universitetinin Alman dili və
Ədəbiyyatı İnstitutunun rəhbəri, professor Paul Portmann-Tselikas
müəllif barədə məlumat verib, onu müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, tanınmış ədəbi
tənqidçi, ədəbiyyatşünas, dilşünas və mədəniyyətşünas alim kimi
səciyyələndirib.
Qeyd edilib ki, yazıçının bu əsəri indiyədək ingilis, rus, ərəb,
fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə edilərək,
ABŞ, Rusiya, Misir, Fransa, Polşa, Qazaxıstan, Braziliya və s.
ölkələrdə çap edilib və Qoldeqq nəşriyyatında Aygün Mehbalıyevanın
tərcüməsində işıq üzü görən bu roman yazıçının alman dilli məkanda
ilk debütü sayılır.
Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde
Hartmann romanın əsas mövzusu, onun aid olduğu tarixi dövrlər,
Azərbaycanda cərəyan edən hadisələrdən bəhs etmiş, yazıçının əsərin
ana qayəsini təşkil edən tarixi şəxsiyyətlər və hadisələrə yanaşma
tərzi, onları öz dili ilə ifadə üslubu barədə danışıb. O, eyni
zamanda bu əsərdə əksini tapan və alman ədəbiyyatının önəmli
əsərlərindən biri "Nibelunqlar nəğməsi" və "Kitabi Dədə Qorqud"
arasında səsləşən məqamlara da toxunub.
Almaniyanın Maynts Universitetinin professoru, "Kitabi Dədə
Qorqud" dastanının XX əsrdə alman dilinə son tərcüməçisi, tanınmış
türkoloq alim Hendrik Boeshotten romandakı Dədə Qorqud və Şah
İsmayıl Xətai personajların reallıqla uzlaşan məqamlarına
toxunub.
Tədbirdə çıxış edən Kamal Abdulla kitabın alman dilində ərsəyə
gəlməsində zəhməti olanlara təşəkkürünü bildirıb, bu əsərin səs və
sözə böyük qiymət verilən Avstriyada nəşr olunmasına görə
məmnunluğunu ifadə edib. Müəllif qeyd edib ki, bu romanın dünyanın
müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının
bir nümunəsi kimi maraqla qarşılanması və həmin əsərdə Azərbaycanın
görkəmli şəxsiyyətlərindən və tariximizin önəmli dövrlərindən bəhs
olunması onun üçün xüsusi əhəmiyyət daşıyır.
Romanın tərcüməçisi Aygün Mehbalıyeva əsərin alman dilinə
tərcüməsi ilə bağlı özünəməxsus məqamlara toxunub, tərcümə zamanı
orijinalın keyfiyyətlərini qorumaqla Dədə Qorqud, Şah İsmayıl və
müasir dövrlərə xas dil üslubuna xüsusi diqqət yetirildiyini
bildirib.
Sonra Azərbaycan və alman dillərində romandan parçalar
oxunub.
Sonda müəllif oxucuları maraqlandıran sualları cavablandırmış,
əsərin ədəbi-bədii keyfiyyətləri ilə bağlı diskussiya aparılıb.