İctimai Televiziyanın nəzdində sənədli, tarixi-sənədli
və digər müxtəlif səpgili filmlərin istehsalı ilə məşğul olan
"Carçı film" yaradıcılıq birliyi ətrafında qalmaqal
yaranıb.
Vaxtilə "Carçı film"in ərsəyə gətirdiyi ekran əsərlərində əməyi
keçmiş yaradıcı və texniki heyət İctimai Televiziya və Radio
Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin qoyduğu
qadağanın qurbanına çevriliblər. C.Quliyev İTV-nin özündən əvvəlki
tarixini silməyə cəhd edərək bu televiziyanın təkcə öz adıyla
bağlanmasını istəyir.
Telekanaldan verilən məlumata görə, Cəmil Quliyev keçmiş
rəhbərliyin dövründə çəkilən bədii, sənədli və televiziya
filmlərinin ekrana çıxarılmasını yasaqlayıb. Məlumatda o da
bildirilir ki, baş direktor daha da irəli gedərək arxivdə olan bəzi
filmlərin silinməsi haqqında göstəriş verib. Bu isə ekran
əsərlərində əməyi keçmiş yaradıcı və texniki heyətin qəzəbinə səbəb
olub. Nəzərə alsaq ki, keçmiş rəhbərliyin dövründə "Carçı film"
yaradıcılıq birliyində 600-dən çox bədii, sənədli və televiziya
filmi çəkilib və bu filmlərə dövlət tərəfindən külli miqdarda
maliyyə vəsaiti ayrılıb - o zaman Cəmil Quliyevin vəzifə
səlahiyyətlərindən sui-istifadə edərək dövlətin ayırdığı külli
miqdarda maliyyə vəsaitini israf etdiyini görmüş olarıq.
Mövzu ilə əlaqədar Milli Televiziya və Radio Şurasının sədri
Nuşirəvan Məhərrəmli ilə əlaqə saxladıq.
MTRŞ sədri bildirdi ki, İctimai Televiziya ayrıca qanunla öz
fəaliyyətini qurur:
"İTV üzrə ayrıca qanun və yayım şurası var. Yəni onların peşə
fəaliyyəti, yaradıcılıq işləri ilə onlar məşğuldular. Doğrusu, o
proseslərin içində deyiləm. Ona görə də sualı onlara versəz daha
doğru olar".
İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli
isə ənənəsinə sadiq qalaraq ona ünvanlanan suala belə cavab verdi:
"5 dəqiqəyə zəng edin, suallarınızı cavablayım".
Deyilən vaxtdan sonra dəfələrlə əlaqə yaratmağımıza baxmayaraq
Yayım Şurasının sədri zənglərimizi cavabsız qoydu.
Yayım Şurasının üzvü, millət vəkili Fuad Muradov sualımıza cavab
olaraq dedi ki, belə məsələlər telefonla həll olunmur: "Siz mətbuat
xidmətimlə əlaqə yaradın və sualınızı ona ünvanlayın. Mən də
sualınıza cavab verəcəm".
Millət vəkilinin tövsiyyəsinə əməl etsək də, gün ərzində
istədiyimiz cavabı ala bilmədik.
Yayım Şurasının digər üzvləri ilə əlaqə yaratmaq cəhdimiz baş
tutmadı.
Media eksperti Qulu Məhərrəmli hesab edir ki, təxminən 15-20
ildir televiziyalarda bu ənənə var:
"Yeni sədr gəlir, köhnə sədrin vaxtında çəkilən bütün maraqlı
işləri kənara qoyur. Özləri heç nə yarada bilmirlər, amma əvvəllər
çəkilmiş sənət əsərlərini ekran üzünə həsrət qoyurlar. Bu, adətən
sənədli filmlərdə, tamaşalarda belə olur. Yəni biz başa düşməliyik
ki, bu məsələlərin yaradıcılığa heç bir aidiyyatı yoxdur. Yəni mən
özüm də bu məsələlərdən zərər çəkən adamam. AZTV-də vaxtilə bir
neçə sənədli filmlərin müəllifi olmuşam, o cümlədən, Rövşən
Almuradlı ilə "Qobustan" kimi məşhur sənədli filmimiz var idi. İndi
o cür filmləri göstərmirlər və ya göstərəndə də sonda titrlərdə
adları yığışdırırlar. Mən qanuni tərəfləri bir yana qoyuram, amma
bu məsələnin bir əxlaq, etika tərəfi var. Əlbəttə bu,
arzuolunmazdır! Məsələn, vaxtilə AZTV-də Babək Hüseynoğlunun
zamanında 20-dən çox tamaşa çəkilib. Onların bir qisminin
rejissorları tanınan adamlardı, amma bu və ya başqa formada o
adamlar cəmiyyətdə öz mövqelərini sərbəst şəkildə ifadə edirlər.
Elə buna görə onların filmləri göstərilmir. Və yaxud Rüstəm
İbrahimbəyovun filmləri göstərilmir. Bu fəlakətdir! Bilirsiz, onsuz
da biz filmlərdə, tamaşalarda axsayırıq və üstəgəl, bu cür hazır
çəkilmiş səhnə əsərlərini, ekran əsərlərini yığışdıranda biz
tamamilə çılpaq vəziyyətdə görünürük".
Qulu Məhərrəmli həmçinin bildirib ki, bu xəstəlikdir və İTV-də
bunu tətbiq edənlər də həmin xəstəliyin, virusun
daşıyıcılarıdır:
"Əgər ekran əsərləri sənət meyarları ilə çəkilibsə, o tamaşa, o
ekran əsərinə heç kimin istəyindən asılı olmayaraq televiziyada
həmişə yer olmalıdır. Təəssüf ki, bizdə yeni sədrlər gələn kimi,
birdən-birə məşhur ssenari müəllifləri ola bilirlərmiş. Bunlar çox
gülməlidir. Vaxtilə Nizami Xudiyev də bu addımı atmışdı, İndi Arif
Alışanov da bu addımı atır. Təəssüf ki, özü yaradıcı adam olan
Cəmil Quliyev də bu oyunlara gedir".
Aktual.az