Millət vəkili Qənirə
Paşayeva parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş
13 noyabr tarixli iclasında tələbələrin yataqxana problemindən
danışmışdı:
"Məlum səbəblərdən yataqxanaların çoxunda qaçqın və məcburi
köçkünlər məskunlaşıblar. İndi dövlətimizin maliyyə imkanları xeyli
dərəcədə yaxşılaşıb və bu baxımdan yataqxanaların yenidən
tələbələrin istifadəsinə verilməsi önəmli məsələlərdəndir.
Tələbələrin böyük əksəriyyəti bahalı qiymətə başa gələn evlərdə
kirayələməli olurlar. Xüsusən də imkansız təbəqədən olan tələbələr
kirayə haqqı ödəməkdə əziyyət çəkirlər. Ona görə çox yaxşı olardı
ki, növbəti ilin büdcəsində tələbələrin yataqxanalarla təmin
olunması, yeni tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi
məsələsi mütləq əksini tapsın".
Bəs bu gün yataqxanalarda yerləşən tələbələrimizin gün-güzəranı
necədir? Bu suala cavab tapmaq üçün yolumuzu Bakı Dövlət
Universitetinin tələbə şəhərciyindən salıb, yataqxanadakı
vəziyyətlə maraqlandıq.
Açılmayan qapılar
Yataqxanaya girən kimi, tələbələrin qaldıqları otaqların
qapısını döyürəm. Heç kim məni otağına dəvət etmək istəmir. Hər kəs
müxtəlif bəhanələr gətirir.
Sonradan səbəb aydın olur: tələbələr yaşayış şəraitindən çox
utandıqlarına görə "buyurun" deyə bilmir.
Dəhlizdə bir-iki tələbəyə yaxınlaşıb danışmaq istəyirəm, amma
onlar da vaxt darlığını bəhanə gətirib, tələsik uzaqlaşırlar. Xeyli
foto çəkdikdən sonra biri yaxınlaşır:
"Hardan gəlmisiz, kimsiz?"- bu tipli müxtəlif suallar verdikdən
sonra, tələbələrlə yataqxana ilə, burdakı şəraitlə bağlı söhbət
etmək istədiyimi bildirirəm. Adını, hansı rayondan gəldiyini
soruşuram.
İki xoruz əlləşdi...
Həcər İbrahimova BDU-nun fizika fakültəsinin ikinci kurs
tələbəsi olduğunu, Şəki rayonundan gəldiyini deyir.
Rəsmən xahiş edirəm ki, məni içəri dəvət etsin.
Həcər əvvəlcə tərəddüd edir. Sonra razılaşır. Utana-utana
otaqlarını göstərir.
Otaq çox basırıq olduğundan elə qapı ağzında çarpayıda otururam.
Bu kiçik otaqda 4 nəfər qalır, bura onların mətbəxi, dərs çalışma
otağı, eyni zamanda yatdıqları yerdir. Yataq otağı yox, məhz
yatdıqları yer.
- Necə yaşayırsız?
- Özünüz görmürsüz? - Sualımıza sualla cavab verir. Və davam
edir: - Yataqxana bərbad gündədir. Antisanitariya baş alıb gedir.
Tarakanlar gəzir yerdə. Adam burda xəstəliyə düşməsə möcüzə olar.
Mətbəx də, hamam da eyni gündədir.
- Dörd nəfər üçün bir balaca otaq darlıq eləmir?
- Otaqlar çox sıxlıqdır. Tərpənmək mümkün deyil, bir-iki nəfər
üçün nəzərdə tutulan bu otaqda dörd nəfər tələbənin necə qaldığını
təsəvvür eləyin də. Amma nə edə bilərik, bizim ayrı seçimimiz
yoxdur. Kirayə də baha başa gəlir.
- Dərs oxuyanda necə, dörd nəfər bir otaqda necə yola gedir?
- Oxumaq mümkün deyil. İki nəfər oxuyanda birimiz də çıxıb,
soyuq dəhlizdə oxuyuruq.
Bura tələbələr üçün nəzərdə tutulsa da, maraqlıdır ki, əvvəldən
burda dərs oxumaq üçün ayrı yer nəzərdə tutulmayıb.
Daha sonra otaqda olan o biri tələbə də söhbətimizə qoşulur.
Aytən Namazova birinci kurs tələbəsidir.
O da yataqxanadakı şəraitin dözülməz olduğunu deyir.
Burda qaldıqları üçün nə qədər pul ödədiklərini soruşuram.
- İlinə yüz manat. Kirayədə qalmağa imkanım yoxdur. Həm də
tələbə istəyər ki, əsl tələbəlik həyatı keçirtsin. Burda isə bu,
mümkün deyil. Bura yaşayış üçün heç bir standarta cavab vermir. Biz
bu ölkənin gəncləriyik, amma görün gənclər harda və necə şəraitdə
dərs oxuyur, necə yaşayır.
İnstituta daxil olanda böyük xəyallarım var idi. Biz yaxşı
tələbə yataqxanasını ancaq filmlərdə, türk seriallarında görmüşük.
Çox arzulayardım ki, bizim ölkənin gənclərinin də elə tələbə həyatı
olsun. Burda isə hər şey tamamilə fərqlidir. Hər şey xəyallardakı
kimi deyil.
Gələn ilə ümid
Yataqxanada nə qədər tələbə danışdırırsan-danışdır, fərqli cavab
ala bilməyəcəksən. Ona görə də otaqda foto çəkiliş edib onlarla
sağollaşırıq. Ümid gələn ilin büdcəsinə qalır.