Bu günlərdə V.S. Təlim və
Psixologiya Mərkəzində milli mətbuat günü ilə əlaqədar olaraq
jurnalistlər üçün "NLP Public" adlı seminar təşkil
edilib.
Teleqraf.com xəbər verir ki, seminarı aparan Neyro Linqivistik
Proqramlaşdırma (NLP) mütəxəssisi Babək Bayramov jurnalistlərə bu
proqramın özəlliklərindən və insanlara verdiyi motivasiyadan
danışıb. Qeyd edək ki, NLP-nin məqsədi insanlara düzgün çıxış
yollarını göstərməkdir. Proqramın insanın məhdudlaşdırıcı
inanclarından və istəmədiyi vərdişlərdən azad olmasında çox böyük
rolu var.
B.Bayramov NLP-nin mənası və nəzəri cəhətdən açıqlaması haqqında
jurnalistləri məlumatlandıraraq bildirib ki, insanın daxilindəki
qorxulardan qurtulmasında bu proqramın böyük əhəmiyyəti var. NLP
texnikaları illərlə davam edən fobiyanı, daim narahatlıq törədən
daxili səsi, insanı məhdudiyyətlər içərisində saxlayan vərdişləri
bir neçə seansa, hətta bir neçə dəqiqəyə silməyə və dəyişdirməyə
qadirdir. Hipnotik ünsiyyətlə inanılmaz nəticələr əldə etmək,
sonsuz sayda sözləri cəmi bir dəfə eşidərək və ya oxuyaraq eyni
ardıcıllıqla uzun müddət yadda saxlamaq, yalançını bir neçə
dəqiqəyə aşkar etmək NLP vasitəsilə tam mümkündür.
B.Bayramov dilin məqsədəuyğun şəkildə istifadə edilməsində
NLP-nin faydalarını açıqlayıb. Diqqətə çatdırıb ki, yalnız doğru
ünsiyyət arzuolunan reaksiyanı yarada bilər. Qarşıya qoyulan
hədəflərə çata bilmək üçün dil - duyğu və düşüncənin sistematik
olaraq təsirli istifadəsidir. Bu mənada hədəfə çatmaq üçün xüsusi
bir şəkildə düşünmək, danışmaq və davranmaq lazımdır. Hər bir
fərddə öz həyatını uğurlu, xoşbəxt, zəngin edəcək resurslar var.
Önəmli olan bu resursların fərqində olmaq və bunları bilərək,
istəyərək, məqsədli şəkildə istifadə edə bilmək bacarığına
yiyələnməkdir. NLP isə insanlara öz resurslarını istifadə etdirən
önəmli bir ünsiyyət, düşüncə və davranış formasıdır.
NLP metodları iş dünyası, təhsil, idarəetmə, hüquq, siyasət,
tibb və idman sahələrində istifadə edilir. NLP texnikaları ilə
insanlar həyat səviyyələrini yüksəldə, ünsiyyətdə uğurlarını artıra
və stresin qarşısını ala bilərlər. NLP vasitəsilə öyrənməni
asanlaşdırmaq, yaddaşı gücləndirmək, özünəinamı ən yüksək həddə
çatdırmaq tez və effektiv şəkildə mümkündür. Lakin NLP-nin
faydaları bununla da bitmir.
Seminar yüksək motivasiya ilə müşayiət olunub və dinləyicilər
tərəfindən maraqla qarşılanıb. Tədbirdə 50-yə qədər jurnalist
iştirak edib. - See more at:
http://teleqraf.com/news/14838#sthash.o9M9g0wF.dpuf