Oljas Süleymanov Rusiyaya lazım olan anda üzdə
olur
"Atatürk və Türk milləti" uluslararası simpoziumu öz işini başa
çatdırdı. Toplantıda türk xalqlarının bu günü və sabahı müzakirə
olundu. Simpoziumun iştirakçılarından olan Türk Dünyası Xalqları
Assambleyasının genəl başqanı Yermentay Sultanmurad "Axar.az" ın
qonağı oldu. Onunla müsahibəni "Axar.az"ın oxucularına təqdim
edirik.
- Yermintay bəy, bir-neçə gündür Bakıdasız, şəhərimiz
xoşunuza gəldimi?
- Bakı gözəl şəhərdir. Bütün dövrlərdə bu şəhər öz gözəlliyi ilə
seçilib və fərqlənib. İndinin Bakısının isə tamam fərqli bir
gözəlliyi var.
- Necə düşünürsünüz, məruzəçisi olduğunuz simpoziumun
işini uğurlu saymaq olarmı?
- Əlbəttə. Belə simpoziumlar, toplantılar türk xalqlarının daha
da yaxın olmasına, özünüdərkinə doğru atılan addımlardır. Mən Türk
Dünyası Xalqları Assambleyasının genəl başqanı olaraq bunu və
gələcəkdə də bu istiqamətdə görüləcək işləri alqışlayıram.
- Bu toplantılar türk xalqlarına nə
verəcək?
- Bilirsiniz, bütünlüklə Qərb ölkələri və digər ölkələr üçün
türk dünyası bir münbit sərvət və onların qidalandığı yerdir. Biz
Böyük Türk dünyasının birliyinə nail olmaqla bu işğalçılıqdan xilas
olmalıyıq. Sərvətlərimizə sahib olmaq, özümüzü idarə etmək gücündə
olmalıyıq. Bizim bəzi ideoloji təxribatlara meylli olmağımızdandır
ki, torpaqlarımız düşmən əsarətindədir. Bu qorxu indi də var,
baxmayaraq ki, türk dövlətləri özlərinin müstəqilliyini elan
ediblər. Türk dövlətlərindən birinə olunan basqıya göz yummaq, bunu
mənim dövlətimə zərəri dəyməz anlamında fikirləşmək düzgün deyil.
Biz türklər öz aramızda bütün ölkələrimizi və təşkilatlarımızı bir
ideya ətrafında birləşdirməliyik. Türkün əski şöhrətini özünə
qaytarmaq gərək. Avropanın mərkəzinə qədər böyük bir imperiya
yaratmış bir xalq zaman keçdikcə sanki kiçilməkdədir. Əslində isə
bu, belə deyil. Türk xalqları artıq böyük türk dünyasının, Turan
dünyasının astanasındadır.
- Sizin təmsilçisi olduğunuz Qazaxıstanda artıq "Turan"
adlı yeni bir şəhər tikilir. Bu şəhər yaranmaqda olan Böyük Türk
Dünyasının mərkəzi sayıla biləcəkmi?
- Turan şəhəri 3 böyük Türk dövlətinin sərhədində tikilir.
Qazaxıstan, Qırğızıstan və Türkmənistanın. Bu, respublikaların
paytaxtına demək olar ki, eyni məsafədir. İnanıram ki, yeni salınan
şəhər Turan ideologiyasına xidmət edəcək bir şəhər olacaq. Bu
baxımdan həm də Türk dünyasının nüfuzlu adamlarının xidmətləri
təkzibolunmazdır. Türkün böyük oğlu, bizim sevimlimiz Sabir
Rüstəmxanlının və digərlərinin xidmətlərini xüsusi ilə qeyd
etməliyəm.
- Zaman-zaman türk dünyasının işıqlı adamları Turançılıq
ideologiyası ilə məşğul olmuş, bunun gerçəkləşməsi üçün var
gücləriylə çalışmışlar. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və
digərləri. Çağdaş dünyamıza qədər də bu ideyanın daşıyıcıları olub.
Onlar daima təqib olunub, sürgünə göndəriliblər.
- Elədir. Turançılıq elə bir ideya, elə bir sevdadır ki, buna
çatmaq çətin olduğu qədər də şərəflidir. Türk xalqı savaş xalqı
olub. Yəni işğalçı olmasa da, işğalçılara yerini göstərməyi
bacarıb. Bu bir tarixdir və bu tarixi bu günümüzə fikir adamları,
yazarlar gətirib çıxara bilib.
- Muxtar Şaxanov, Oljas Süleymanov... Bunlar təkcə qazax
xalqının yox, həm də türk dünyasının sərvətləridir.
- Muxtar ağa vətənpərvər və türkçü bir şairdir. Onu çox
sevirlər. Hələ sovetlər dönəmində o SSRİ Ali Sovetinin deputatı
olarkən Moskvada Ali Sovetin sessiyasında çıxış üçün söz istəyəndə
onun millətçi olmasını nəzərə alıb söz verməmişdilər, o isə rəyasət
heyətini aldadıb, "ekologiya ilə bağlı söhbət edəcəm" deyib,
tribunaya qalxandan sonra isə Qorbaçova üzünü tutaraq çıxış edib:
siz aşkarlıqdan danışırsız, amma milyonlarla türk xalqının haqsız
olaraq deportasiya olunmasına göz yumursuz. Krım tatarlarından bəhs
edib, onların əzəli torpaqlarına qaytarılmasının vaxtı çatdığını
deyib. Həm də əlavə edib ki, nədənsə bu qadağalar, haqsızlıqlar
yalnız SSRİ-də yaşayan türk dilli dövlətlər üçün nəzərdə tutulur.
Baxın, o vaxt Oljas Süleymanov da orda idi, deputat idi. Lakin onun
səsinə səs vermədi. Ona təzyiqlər davam etdi.
Haşiyə: Bu yaxınlarda Qazaxıstandan olan nüfuzlu bir
yazarla söhbətimiz zamanı o da bu məsələyə toxunmuşdu. Və qeyd
etmişdi ki, indi ölkənin prezidenti olan Nursultan Nazrbayev həmin
vaxt Qazaxıstan Nazirlər Kabinetinin sədri olmaqla yanaşı həm də
SSRİ Ali Sovetinin deputatı imiş. Muxtar Şaxanovun həmin çıxışının
SSRİ prezidenti Mixail Qorboçovun qəzəbləndirdiyini görüb, fasilə
zamanı şairi şillələməyə başlayıb ki, niyə millətçi söhbəti
edirsən?
- Oljas ağanın "Az i Ya" kitabı zamanında çox böyük bir
səs-küyə səbəb oldu. Türkçülük, türkün özünüdərki bu əsərdə önəmli
yeri tutur.
- Mən bilirəm, Oljas Azərbaycanda böyük avtoritetə malikdir. Onu
tanıyır, oxuyur və sevirlər. Bir yazıçı olaraq onun yaxşı yazar
olmasına heç bir şübhə yoxdur. Onun xanımı bir yəhudi qızıdır və
O.Süleymanov yəhudilər tərəfindən idarə olunur. Oljasın adını
çəkdiyin kitabı Moskvanın düşünülmüş reaksiyası olmasaydı, sıradan
bir kitab kimi qalacaqdı. Onun "KQB" yaratdı, fikir versəniz,
görərsiniz ki, Oljas Rusiyaya lazım olan anda üzdə olur, lazım
olmayanda onun millətçi çıxışlarına təsadüf belə etməzsən. O,
paytaxt uşağı olub. Qazaxca belə danışa bilmir. Daima aulda doğulan
qazaxa yuxarıdan baxıb və birdən-birə millətçi olub. Hanı bəs indi
Oljas, onu da Turan ideyasına dəvət etmişik, amma o, yoxdur. Oljas
sözünü tuta bilməyən yaramazdır.
- Hər halda mən belə deməzdim, biz Türkün birliyindən,
böyüklüyündən bəhs edirik və türkün dünya şöhrətli yazarına
ittihamlar irəli sürürük.
- Hər kəs öz fikrində qalsa yaxşıdır. Mən Oljas Süleymanovun
böyük və istedadlı yazıçı olmasını danmıram. Mən deyirəm ki, Oljas
və onun kimilər türkçülüyə ləkədir.
- Yermintay bəy, artıq simpozium arxada qaldı. Qarşıda
hansı planlarınız var?
- Bir planımız var - Türk dünyasının birliyinə nail olmaq.
Türkiyə, Qazaxıstan, Azərbaycan, İran və digər Türk dövlətlərinin
birgə Gömrük fəaliyyətini yaratmaq, istehsalatda, idxal və
ixracatda bacardıqca birgə fəaliyyət göstərmək. İqtisadi birliyə
nail olduqdan sonra siyasi cəhətdən də birgə ola biləcəyik. O da
düzdür ki, bu istiqamətdə bizə mane olanlar çox olacaq.
- Çox sağ olun ki, vaxt ayırıb, redaksiyamızın qonağı
oldunuz.
- Siz sağ olun