Ötən gün Bakının Nəsimi rayonu ərazisində məmurun dostu
ilə birləşərək 44 yaşlı kişini döydüyü iddia edilir.
Bu barədə döyülən şəxsin qardaşı Səməd Müseyibov "Anspress"ə
məlumat verib. Onun sözlərinə görə, 44 yaşlı qardaşı Rövşən
Müseyibov axşam saatlarında Heydər Əliyev Sarayının yaxınlığında
iki nəfərin hücumuna məruz qalıb. Onlardan biri İcra Hakimiyyətinin
əməkdaşı Emin Əhmədlidir.
Səməd Müseyibovun sözlərinə görə, qardaşı hazırda Travmatologiya
İnstitutundadır.
Məsələni araşdırmaq üçün Rövşən Müseyibovun özü ilə əlaqə
saxladıq. Onun anspress-ə verdiyi məlumata görə, hadisə axşam saat
23:00-da "Qış bulvarı"nda çay içən zaman baş verib. Emin Əhmədli və
onun yanında olan tanımadığı biri ilə görüşüb. Görüş zamanı Eminlə
aralarında anlaşılmazlığı aydınlaşdırmaq istəyib.
Problem mənzillə bağlı olub. Belə ki, Rövşən Müseyibovun
bankların birinə 37 min manat borcu olub. O, krediti verə bilmədiyi
üçün onun Ayna Sultanovada mənzili müsadirə edib. Rövşən
Müseyibovun ailəsilə birlikdə mənzildən çıxarılmasına isə Binəqədi
rayonunun əməkdaşı Emin Əhmədli nəzarət edib.
Rövşən Müseyibov deyir ki, əslində evinin qiyməti 100 min
manatdır. Lakin Emin haqsızlıq edib, ona evini sataraq borcunu
qaytarmağa imkan verməyib.
"Biz görüşən zaman mən ona dedim ki, adam kişi olar. Məni 2
övladımla birlikdə çölə atdın. O isə burada adam çoxdur, kənara
çəkilib danışmağı təklif etdi. Tinə çəkilən zaman Emin başladı mənə
şillə-təpik vurmağa. Yanındakı dostu də ona köməyə gəldi. Birləşib
məni möhkəm döydülər".
Hazırda xəstəxanada müalicə aldığını deyən Rövşən Müseyibov
məsələnin Nəsimi Rayon Polis İdarəsi 21-ci polis bölməsi
əməkdaşları tərəfindən araşdırıldığını də əlavə edib.
Polis bölməsində bildirdilər ki, bu barədə şikayət daxil olub.
"Məsələ araşdırılır. Bundan artıq məlumat verməyə ixtiyarımız
yoxdur".
Emin Əhmədli isə deyilənləri yalan adlandırıb. Məmurun sözlərinə
görə, Rövşən Müseyibov ona şər atır.
"Mən dünən onunla heç bir yerdə görüşməmişəm. Rövşən Müseyibov
məni şərləyir. Bununla bağlı heç başqa heç bir açıqlama vermək
istəmirəm".