"Rusiyadan qonaq gəlmiş qardaşımın hədiyyə etdiyi mobil
telefonu qeydiyyatdan keçirmək üçün dünən Mobil Cihaz Qeydiyyatı
Sisteminə müraciət etdim. Mərkəzdə məni mədəni qarşılayıb pasport
məlumatlarımı və telefonun məlumatlarını yazdılar".
Problemini Axar.az-a danışan tanınmış qələm sahibi, ədib Məti
Osmanoğlu bildirdi ki, müraciətindən bir gün sonra MCQS-dan SMS
vasitəsilə onun mobil cihazının qeydiyyata alınmadığı məlumatını
veriblər.
Bu məsələ son vaxtlar aktual olduğundan, biz də yaranan sualları
cavablandırmağa çalışdıq.
Evdən də qeydiyyat mümkündür
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparıcı
məsləhətçisi Zakir Qasımov Axar.az-a bildirdi ki, mobil qurğuların
qeydə alınması Nazirlər Kabunetinin 2011-ci il dekabrın 28-də
təsdiq etdiyi "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"
ilə tənzimlənir:
"Həmin sənəddə ölkəyə xaricdən gətirilən mobil cihazların hansı
formada qeydiyyata alınması göstərilib. Vətəndaşlar ərizə ilə
MCQS-ya və ya hər hansı mobil operatorun xidmət mərkəzlərinə
müraciət edərək xaricdən aldıqları telefon və digər cihazları
asanlıqla qeydiyyata aldıra bilərlər. Eyni zamanda evdən çıxmadan
"Elektron hökumət portalı"nda da bu prosesi həyata keçirmək
olar".
Ölkələrə yox, şirkətlərə qadağa qoyulub
Qeyd edək ki, NK-nın təsdiq etdiyi qaydalar saxta mobil
qurğuların ölkədə istifadəsinə imkan vermir. Belə ki, Beynəlxalq
GSM Assosiasiyasında İMEİ kod alaraq qeydiyyatdan keçməyən
şirkətlərin istehsal etdiyi cihazlar Sistemə qəbul olunmur.
Məsələn, Almaniyada qeydiyyatdan keçərək İMEİ kod alan
istehsalçının məhsulları asanlıqla qəbul olunur. Lakin ondan
xəbərsiz həmin kodu qeyri-qanuni yolla əldə edərək başqa bir ölkədə
eyni markalı mobil cihazları istehsal edirlər. Həmin şirkətlərin
İMEİ kodları Beynəlxalq GSM Assosiasiyasında qeydiyyatdan
keçmədiyindən onların ölkəmizdə istifadəsi də qadağan edilib. Məhz
bu səbəbdən əhali arasında belə bir fikir formalaşıb ki, bəzi şərq
ölkələrindən gətirələn mobil qurğular Azərbaycana buraxılmır.
Bunun yalnış fikir olduğunu vurğulayan Z.Qasımov konkret hansısa
ölkəyə deyil, saxta istehsalla məşğul olan şirkətlərə qadağa
qoyulduğunu deyib.
M.Osmanoğlunun qaldırdığı problemə gəlincə, Z.Qasımov məsələnin
araşdırıldığını bildirərək qeyd etdi ki, yazar ərizəsində mobil
telefonun modelini yanlış qeyd etdiyindən, onun müraciəti mənfi
cavablandırılıb.
Z.Qasımov bu məsələdə də müraciət edənlərin diqqətli olmasının
vacibliyini vurğuladı və ədibin yenidən quruma müraciət etməsini
məsləhət bildi.
Onu da vurğulayaq ki, "Mobil cihazların qeydiyyatının aparılması
Qaydası" satış məqsədilə ölkəyə gətirilən mobil cihazların
qeydiyyatını da nəzərdə tutur. Sənədə əsasən, satış və digər
sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal
edən hüquqi və fiziki şəxslərin məlumatları qeydiyyat mərkəzi
tərəfindən 3 iş günü ərzində araşdırılır və Dövlət Gömrük
Komitəsindən MCQS-ya elektron formada göndərilən İMEİ nömrələri ilə
müqayisə edilir. Sənədlərdə çatışmazlıq olmadıqda, təqdim edilmiş
məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə İMEİ kodlar dərhal ağ
səhifəyə daxil edilir və bu barədə ərizəçiyə yazılı məlumat
verilir. Abunəçilər mobil cihazların qeydiyyata alınması və digər
məsələlər barədə məlumatları qeydiyyat mərkəzinin internet
informasiya ehtiyatından da əldə edə bilərlər. Həmin internet
informasiya ehtiyatında İMEİ nömrələrinin qeydiyyatda olub-olmaması
yoxlanıla bilər.