Dünya Azərbaycanlıları Konqresi (DAK) "Yaxın Şərq
olayları və İraq türkmənlərinin taleyi" mövzusunda dəyirmi masa
keçirib.
Axar.az-ın məlumatına görə, tədbirdə çıxış edən DAK-ın həmsədri,
millət vəkili Sabir Rüstəmxanlı dünyadakı siyasi, etnik və dini
zəmində konfliktlərə diqqəti yönəldib.
Din pərdəsi altında terror aktlarının həyata keçirildiyini deyən
S.Rüstəmxanlı bildirib ki, təkcə Kərkükdə hər gün yüzlərlə insan
qırılır: "Dünya dövlətləri isə bu insanlara yardım etmir. Türkiyə
və Azərbaycan da daxil olmaqla, təəssüf ki, heç kimin bu məsələ ilə
bağlı səsi çıxmır. Orada olan başqa millətlərə kömək var, ancaq
məhz türkmanlara, İraq azərbaycanlılarına heç bir kömək
yoxdur".
S.Rüstəmxanlı deyib ki, bu terrorçu təşkilatlara ABŞ və
İsraildən dəstək göstərilir: "İsrail kürdlərə dəstək verir.
Açıq-aşkar görsənir ki, ortaya atılmış "Böyük Orta Doğu projesi"nin
reallaşdırılmasına çalışılır".
İnternet vasitəsilə tədbirə qoşulan DAK İdarə Heyətinin üzvü,
İraq-Türkman Yazarlar Birliyinin sədri Əkrəm Fevzi Dərzioğlu
bildirib ki, Azərbaycanda türkmanların taleyinin müzakirə olunması
sevindirici haldır. Onun sözlərinə görə, İraqda türkmanlara zülm
edilir, onlara kommunal problemlər yaradılır, çörək verilmir:
"Kimi çadırlarda, kimi məktəblərdə yatır. Yurd-yuvasından
didərgin düşən İraq türkmanları və kərküklər yer üzərindən silinir.
BMT və beynəlxalq təşkilatlar hüquqları tapdanan türkmanlara heç
bir yardım etmirlər. 2003-dən bu günə kimi İraq azərbaycanlılarına
zülm edilir. Buna görə də biz
bütün türk dünyasına səslənir, onlardan kömək
istəyirik".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə çıxışında
bildirib ki, Qarabağda gedən proseslər bu gün İraqda baş verir:
"Heç kim üçün sirr deyil ki, nə İŞİD, nə də Əl-Qaidə müsəlmanların
işi deyil. Bu təşkilatların başında dayananların əksəriyyəti
qeyri-müsəlmanlardır. Onlar islam və türk dünyasını məhv etmək
məqsədi güdürlər. Bu gün İraqda baş verənlər hadisələrin birbaşa
Azərbaycana da təsiri ola bilər. Yaradılacaq kürd dövləti alət kimi
türklərə qarşı istifadə olunacaq. Bu baxımdan, DAK dövlət
səviyyəsində bu məsələnin qarşısını almaq üçün təşəbbüs
göstərməlidir".
Sonda DAK adından qurumun həmsədri, millət vəkili Sabir
Rüstəmxanlı dünya birliyinə, beynəlxalq təşkilatlara Şərqdə baş
verən hadisələrlə bağlı müraciət edib.