15 sentyabr tarixi azərbaycanlıların həyatında dönüş
yaratmış bir tarixdir. Qafqaz İslam Ordusunun Bakını daşnaklardan
təmizləyərək Azərbaycana qaytarmasından 96 il ötür.
Axar.az həmin tarixi Bakı Avrasiya Universitetinin professoru
Ədalət Tahirzadə ilə birgə vərəqləyib. Söhbət zamanı professor
indiyədək oxuculara məlum olmayan bir sıra faktları açıqlayıb.
Onlardan biri diqqətimizi xüsusilə cəlb edib.
Ədalət müəllim Qafqaz İslam Ordusunun Bakını azad etməsindən
sonrakı ilk günlərdə şəhərdəki durumla bağlı ermənilərin qaldırdığı
hay-küyə toxunaraq maraqlı məqamlara işıq salıb:
"1921-ci ildə İstanbulda erməni terrorçusu Torlakyanın şəhid
etdiyi Behbud ağa Cavanşirin qətli ilə bağlı məhkəmə keçirilərkən
həmin məhkəmədə "azəri tələbə Səməndər bəy" şahidlik edib. O,
ermənilərin Bakıda törətdikləri vəhşiliyi ifşa edib və Nuru Paşa
qoşununun şəhərdə nizam-intizam yaratdığını sübut-dəlillərlə
təsdiqləyib".
Qeyd edək ki, məhkəmənin materialları Türkiyədə ayrıca kitab
şəklində nəşr olunub və həmin kitabı professor Vilayət Quliyev
Azərbaycan türkcəsinə uyğunlaşdıraraq 2008-ci ildə Bakıda "Behbud
xan Cavanşirin məhkəmə prosesi" adı altında nəşr etdirib. Ancaq
istər Türkiyə, istərsə də Bakı nəşrlərində şahid tələbə Səməndərin
kimliyi naməlum qalıb.
Bəs Səməndər əslində kimdir?
Ə.Tahirzadə müəyyənləşdirib ki, o, Azərbaycan Cümhuriyyəti
hökumətinin 1920-ci ildə xaricə oxumağa göndərdiyi 100 tələbədən
biri olan Səməndər Axundzadədir. Səməndərin atası Axund Zəki
Hacızadə uzun illər Qubanın qazisi işləyib və çox mütərəqqi
ruhanilərdən biri olub; məsələn, qız məktəbinin açılmasında Hacı
Zeynalabdin Tağıyevə dəstək verib.
"Səməndər Axundzadə Almaniyada – Frayberq şəhərində Dağ-Mədən
Akademiyasında oxuyaraq oranı bitirib. 1920-ci ildə Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra uzun müddət xaricdə oxuyan
tələbələrimiz təqaüd ala bilməyib və olduqca ağır həyat keçiriblər.
Almaniyada oxuyanlar 1921-ci ilin mayında Səməndəri başqa bir
tələbə ilə birlikdə Bakıya nümayəndə kimi göndəriblər. Onlar
Azərbaycana gələrək hökumət başçılarına vəziyyəti izah ediblər.
Hökumət Bəhram bəy Axundovu xaricdə oxuyan bütün tələbələrin
vəziyyəti ilə tanış olmaq üçün müvəkkil təyin edərək Avropaya
göndərib və ona müəyyən miqdarda valyuta malları (xalça, kürü və
s.) ayırıb ki, sataraq pullarını tələbələrə versin. Səməndər
Axundzadə və tələbə yoldaşı da Bəhram bəy Axundovla birgə Avropaya
geri dönüb. Onlar Batuma, oradan İstanbula gəliblər".
Könüllü şahid erməniləri susdurdu
İstanbulda iki ay yarım ləngiməli olublar. Burada öyrəniblər ki,
Behbud xan Cavanşir şəhid edilib və indi bununla bağlı məhkəmə
prosesi keçirilir. Həmin məhkəmədə ittiham şahidlərinin üçüncüsü
"azəri tələbə Səməndər bəy"dir. O, könüllü şəkildə ifadə verməyə
gedib və məhkəmədə cəsarətli, ağıllı və məntiqli çıxışlarıyla
erməni tərəfini susdura bilib, onları çətin duruma salıb.
Vilayət Quliyevin nəşr etdiyi kitabdan aşağıdakıları
oxuyuruq:
Səməndər Axundzadə prokurorun suallarına cavabda deyir: "Adım
Səməndərdir. Azərbaycan türklərindənəm. 1918-ci ilin mart ayında
Bakıda idim. Təqribən 3-4 ay Bakıda qaldıqdan sonra İstanbula
gəlmək məqsədilə oranı tərk etdim. Hazırda Sirkəçidə, Rəşidiyyə
otelində qalıram".
1918-ci ilin martında Bakıda ermənilərin müsəlmanları
qırdıqlarını öz gözləri ilə gördüyünü söyləyən S.Axundzadə 1918-ci
ilin sentyabrında Türkiyə qoşunları Bakıya girməzdən öncə şəhərin
təslim edilməsi üçün əhali arasında 2 dəfə elan yaydığını bildirir
və o zaman şəhər üzərində nəzarətin ermənilərin, Daşnaksütun
partiyasının əlində olduğunu deyir. O, türklər gələndən sonra
şəhərdə qayda-qanun yaradıldığını və əhalidən silahların
yığıldığını söyləyir:
"Mən də əhalidən əllərdə olan silahları toplayanların arasında
olduğumdan, xalqın bütün silahları təhvil verdiklərini gördüm".
Canaqqaladakı əsgər niyə edam edildi?
S.Axundzadə söyləyir ki, Nuru Paşanın təyin etdiyi şəhərin yeni
polis baş müdiri Bəhaəddin bəy erməni mənzilinə girmək istəyən üç
müsəlmanı, talançılıq edən əsgəri yerindəcə güllələyib, başqa bir
soyğuncu əsgəri teleqraf dirəyindən asdırıb və üstündə də ermənicə
və rusca bu sözləri yazdırıb:
"Bu əsgər Çanaqqalada savaşdı. Millətin təhlükəsizliyini təmin
etdi. Qalitsiyaya getdi. Oradan da şərəflə döndü. İndi edam olundu,
çünki bir erməni evindən bir dəst camaşır götürmüşdü".
Şahid Səməndər Axundzadənin bu dediklərinin məhkəmə üçün böyük
əhəmiyyəti vardı, çünki ermənilər 1918-ci ilin sentyabrında türklər
gələrkən Bakıda ermənilərin kütləvi şəkildə qırılması haqqında
hay-küy qaldırmışdılar, S.Axundzadənin ifadələri isə bunun əksini
göstərir, türklərin necə qayda-qanun yaratdığını sübut edirdi.
"Sizin haqqınız yoxdur"
Erməni vəkillə onun arasında bu cür sorğu-sual gedir:
– Məşğuliyyətiniz?
- Tələbəyəm.
- Hansı ixtisas üzrə təhsil alırsınız?
- Dağ-Mədən Akademiyasında oxuyuram.
- Mədən nə deməkdir?
- Mədənin nə demək olduğunu bilirəm.
- Mən də sizi imtahan etmək istəyirəm.
- Sizin məni imtahan etməyə haqqınız yoxdur.
- …Maraqlıdır, hələ də 1918-ci ilin martında ermənilərin
müsəlman qırğını törətməsi məsələsində israr edirsiniz?
- Bəli, israr edirəm. 1918-ci ilin martında ermənilər
müsəlmanları qətlə yetirdilər".
Bundan sonra S.Axundzadə ermənilərin xəyanətləri haqqında
danışır, onların Müsəlman Milli Şurasının sədri Əlimərdan bəy
Topçubaşovla görüşərək müsəlmanlarla bolşeviklər döyüşəcəyi halda
ermənilərin bitərəf qalacağını bəyan etdiklərini, ancaq az keçməmiş
bolşeviklərlə birgə müsəlmanları qırdıqlarını bildirir.
Tələbə erməni vəkili susdurdu
Erməni tərəf Behbud xanın qatili Torlakyana haqq qazandırmaq
üçün dəridən-qabıqdan çıxır. Onunla S.Axundzadə arasındakı söhbətin
bu hissəsi də maraq doğurur:
Erməni vəkil:
- …Halbuki burada ittiham olunan şəxsin (Torlakyanın) bütün
ailəsini sizin adamlarınız məhv etmişlər. Lakin siz ifadənizdə
həmin hərəkəti artıq həyatda olmayan adamların adı ilə bağlamağa
çalışdınız.
- Mən bura gəldim. Atam da, anam da sağdırlar, yaşayırlar. Lakin
siz bir dəfə Bakıya gedib hər şeyi öz gözünüzlə görün. Orada elə
bir ev, elə bir yuva tapmayacaqsınız ki, yandırılmamış,
uçurulmamış, yaxud ailə üzvlərindən birini itirməmiş olsun".
Axundzadəni anası həbsdən xilas etdi
Ədalət Tahirzadə "azəri şahid"in bir fotoşəklini bizə bağışladı
və bildirdi ki, Səməndər Axundzadə təhsilini bitirib Azərbaycana
qayıtdıqdan sonra bütün həyatını maarifə həsr edib:
"Onu 1933-cü ildə ÇK həbs edib, ancaq Qubada böyük nüfuzu olan
anası Seyid Məsumə xanım Bakıya gələrək birbaşa Mircəfər Bağırovun
yanına girib və oğlunu da, onunla birgə həbs edilənləri də
buraxdırıb".
Səməndər Axundzadənin övladları da atalarına layiq şərəfli
insanlar olub. Məsələn, ikinci oğlu Sənan Axundov Bakı Kondisioner
Zavodunun ilk baş direktoru, 1982-1987-ci illərdə yerli sənaye
naziri, 1987-1990-cı illərdə Moskvada Azərbaycanın səlahiyyətli
nümayəndəsi, sonra isə Dövlət Standartlaşdırma Komitəsinin sədri
vəzifəsində çalışıb.