İslam dünyasının ən müqəddəs bayramlarından sayılan
Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd
olunur.
Axar.az xəbər verir ki, Azərbaycan müstəqillik əldə etdikdən
sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli
"Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən
Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram
edilir.
Bu gün həmçinin Azərbaycanda Qurban baramı tətili başlayır.
Qurban bayramı bu il ölkəmizdə oktyabrın 4 və 5-də qeyd edilir.
Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə
mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan
təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə
tutulurdu.
Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin)
ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa
məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə islam
aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik,
başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib.
Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən
əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə
oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün)
əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə
hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda
yazılıb.
Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən
İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca
Allah bunu öz elçisinə rəva bilməyib və qurbanlıq üçün ona bir qoç
göndərib. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana
"İsmayıl qurbanı" da deyirlər.
Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması
peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin
bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə
Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir
ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür
səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı
zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!
Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki,
İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur.
İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə
rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda
yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını
göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək
adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz
olunmaq üçün uşaqları suya atırdılar.