Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt
şəhərində sələfilərlə xəvariclər arasında baş vermiş silahlı
münaqişə ilə əlaqədar həbs olunanların məhkəmə prosesi
başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi
ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, ötən il dekabr ayının 11-də, saat 20:30 radələrində
Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən "Soltan" çay
evində odlu silah və bıçaq işə düşüb. İki qruplaşma arasında dini
baxışlarında olan fikir ayrılığı cinayətlə nəticələnib. Hadisə
zamanı Sumqayıt şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov
bıçaq xəsarətləri, Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və
Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri
istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində
hadisədə təqsirli bilinən Elçin Əkbərov, Əhməd Salmanov, Anar
Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar
Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin
Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elşən Musayev, Elnur
Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar. Keçirilən baxış zamanı
Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar
maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini
ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd "F-1"
qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla
qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk
aşkar edilərək götürülüb.
"Qıldığım namaz sünni təriqətinə məxsusdur"
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 120.2.4-cü
(qəsdən adam öldürməyə cəhd), 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz
olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik
vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma)
maddələri ilə ittiham ediliblər.
Məhkəmədə ifadə verən xəvariclərin əmiri, "Mamed" ləqəbli Elçin
Əkbərov və sələfilərin lideri, "Hamza" ləqəbli Elşən Musayev elan
olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Xəvariclərin
əmiri Elçin Əkbərov 2005-ci ildən ibadətlə məşğul olduğunu deyib:
"Qıldığım namaz sünni təriqətinə məxsusdur, məzhəbin rəsmi adı
"əhli sünnə vəl cəmaə" adlanır. Sumqayıt şəhərində yaşayan əqidə
qardaşlarımla münasibətim həmişə yaxşı olub, aramızda ayrı-seçkilik
olmayıb. Onlara hər hansı bir formada rəhbərlik etməmişəm,
göstərişlər verməmişəm. Dostlarım və əqidə qardaşlarım arasında hər
hansı vəzifə, yəni dində nəzərdə tutulan hər hansı bir camaatın
əmiri və rəhbəri olmamışam. Elşən Musayevi tanısam da düşmənçiliyim
olmayıb. Elşən də mənim kimi eyni əqidənin davamçısıdır, əhli sünnə
kimi namaz qılır. O, Sumqayıt şəhərində reklam işləri ilə məşğul
olur. Dini ləqəbi "Hamza"dır".
"Hər şeyi sülh yolu ilə həll edəcəyik"
Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 11-də, günorta
saatlarında ət məmulatları mağazasında olarkən dostu Elmar Məmmədli
"Hamza" ləqəbli Elşən Musayevlə aralarında dini mövzu ilə bağlı
mübahisənin düşdüyünü, sonradan zəng vuraraq ona hədə-qorxu
gəldiyini deyib: "Elşənin hərəkəti Elmana çox pis təsir etdiyindən
qəzəblənmişdi. Başa düşdüm ki, bunun axırı pis qurtaracaq, ona görə
də bu məsələyə aydınlıq gətirmək və onları barışdırmaq istədim.
Elmara dedim ki, sən çəkil kənara, əqidə qardaşlarımızla söhbət
edib və hər şeyi sülh yolu ilə həll edəcəyik. Elşənin təklifi ilə
çay evinə görüş təyin etdik. Bu barədə Zaur və Elnurla da söhbət
etdim. Elnur çay evində çoxlu adam olduğunu, ora getməməyi məsləhət
gördü. Amma Zaur israrla gedəcəyini dedi, mənə qulaq asmadı. Bundan
sonra Zaur Paşayev, Elmar Məmmədli, Maqsud, Anar Rəhimov və Elçin
Mirzəyev çay evinə tərəf getdilər. Hava qaranlıq idi. Bir müddət
sonra mənimlə yanaşı Əhməd Salmanov, Amil Tağıyev, Vüqar Abdullayev
və Firudin Musayev piyada onların arxasinca çay evinə getdik. Ora
çatarkən atəş səsləri eşitdim. Dərhal oradan uzaqlaşdıq. Atəşin kim
tərəfindən açıldığını görmədim. Atəşdən sonra çay evindən çıxdım və
oradan qaçan Anar Rəhimovu gördüm. Digər əqidə qardaşlarımdan heç
kimi görmədim. Nə məndə, nə də dostlarımda hər hansı bir silah
olmayıb. Hadisə zamanı Elmar Məmmədli və Anar Rəhimova bıçaq
xəsarətlərini kimlərin yetirdiyini bilmirəm. Axtarış zamanı
yaşadığım mənzildən aşkar edilən iki ədəd qumbara mənə məxsus
deyil. Ora hansı yolla düşməsi barədə heç nə deyə bilmərəm".
"Hər qrupda da təxminən 7-10 nəfər üzv
olub"
Elçin Əkbərov daha sonra bildirib ki, Sumqayıt şəhərində yaşayan
din əqidə qardaşları birləşərək toplum yaradıblar və buna İslam
dininə uyğun olaraq "camaat" deyilir. Onun sözlərinə görə, camaatın
təxminən 100 nəfərə yaxın üzvü var və üzvlər yığışaraq təxminən
2009-2010-cu illərdə onu rəhbər seçiblər. O, əlavə edib ki rəhbəri
olduğu camaatda təxminən 3-4 qrup var: "Həmin qrupun birinə Yusif,
birinə Amil, birinə Radik, birinə isə "İxlas" ləqəbli Zaur başçılıq
edib. Hər qrupda da təxminən 7-10 nəfər üzv olub".
Digər təqsirləndirilən Əhməd Salmanov ona elan olunan ittihamla
özünü təqsirli bilməyib. O, ifadəsində camaatın əmirinin əvvəllər
Azər Misirxanov olduğunu, lakin sonralar cihadda iştirak etmək üçün
Əfqanıstana getdiyindən öz yerinə Elçin Əkbərovu təyin etdiyini
deyib: "Elmarla "Hamza"nın aralarındakı dini fikir ayrılığına səbəb
müqəddəs Qurani-Kərimin "ən-Nisa" surəsinin 60-cı ayəsi ilə bağlı
olub. Sumqayıt şəhərində olan hər iki camaatın arasında bu dini
fikir ayrılığının olduğunu bir neçə ay əvvəl bilirdim. "Ən-Nisa"
surəsinin 60-cı ayəsinə görə, hökm yalnız Allaha məxsusdur. Elşən
Musayevin camaatının üzvləri isə bu fikri qəbul etmir, qeyd olunan
ayəyə başqa cür şərh verirdilər".
Qeyd edək ki, məhkəmə iclası davam edir.