Azərbaycanda cinsi azlıqların törətdiyi cinayətlər heç
də normal oriyentasiyaya malik insanların qətllərindən az deyil.
Adətən cinsi azlıqlar arasında münaqişələr qısqanclıq zəminində
yaranır və ölümlə nəticələnir.
Axar.az xatırladır ki, bəzi hallarda onlar intihar yolunu
seçirlər. Məsələn, LGBT üzvü İsa Şahmarlının intiharını qeyd etmək
olar. Amma statistika onu deməyə əsas verir ki, mavilər və
lezbiyanlar qətlə daha çox meyillidirlər, nəinki intihara.
Məsələn, ötən həftə 20 yaşlı Pərvanə Nuriyevanın bacısının
başını kəsərək öldürməsinin ardınca ilkin ifadəsində buna səbəb
kimi Günelin cinsi azlıqlarla münasibətinə son qoymadığını
göstərməsi bir çox suallar ətrafında düşünməyə rəvac verir. Eyni
zamanda, bu kateqoriyaya aid insanlarla bağlı cinayətləri yada
salmağı zəruri edir.
Bu il oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Yasəmən
Salıyeva adlı qadını öldürməkdə təqsirli bilinən 1966-cı təvəllüdlü
Hüseynova Sevinc Məhərrəm qızının cinayət işi bağlı məhkəmə prosesi
keçirilib. Ölən qadının qonşusu ifadəsində mərhumla 4 ildən çox
müddətdə eyni binada yaşadığını deyib:
"Mən 1991-ci ildən o binada yaşayıram. Yasəmən isə 4 il olar
bizim binaya köçüb. Çox sakit qadın idi. Ailəsi yox idi. Başını
aşağı salıb sakit gedib-gələrdi. Evinə tez-tez qadınlar gəlirdi.
Biz həmin qadınları qohumları bilirdik.
Öldürüldüyünü eşidəndə inana bilmədim. Nəyə görə öldürüldüyünü
bilmirəm. Ancaq onu deyə bilərəm ki, onu öldürən qadın demək olar
ki, hər gün Yasəmənin evində idi. Görünür, ciddi problemləri
olub".
Hadisə bu ilin martın 29-da Binəqədi rayonunda baş verib. Bakı
şəhər sakini Sevinc Hüseynova M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov
küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək, onu
kapron corabla boğaraq öldürüb.
Vesti.az onların hər ikisinin cinsi azlıq nümayəndəsi
olduqlarını yazıb. Elə hadisənin qısqanclıq zəminində baş verdiyi
bildirilib.
Belə dəhşətli qətlləri təkcə lesbiyanlar yox, mavilər də
törədib. Misal üçün, ötən il öldürülən 53 yaşlı cinsi azlıq
nümayəndəsi Mətləb Məmiyev. O, Biləcəridə döyülüb və bıçaqlanıb.
Yasamalda isə 33 yaşlı İslam Abdullayev 16 yaşlı həmcinsi ilə intim
münasibət zamanı mübahisə yaranıb və öldürülüb.
Başqa bir fakt - Zamiq Qasımov və Yadigar Kuzmin adlı şəxslər
yaşadığı mənzildə qətlə yetiriliblər. Onların mavi olduğu
bildirilir.
Bu ilin mayında isə Sabunçu rayonunda meyiti tapılan kişini
öldürməkdə təqsirləndirilən şəxs saxlanılıb. 1964-cü il təvəllüdlü
İltifat Mehrəliyevi qətlə yetirən şəxsin Gürcüstan vətəndaşı,
1991-ci il təvəllüdlü Turqay Bədəlov olduğu müəyyənləşib. Mayın
13-də metronun "Koroğlu" stansiyası yaxınlığındakı gecəqondu tipli
evlərdən birində kişi meyiti tapılıb. Evdən kəskin qoxu hiss edən
qonşular polisə xəbər veriblər. Lent.az-ın yaydığı məlumata görə
isə mərhum və qətli törədən şəxs cinsi azlıqların nümayəndəsi olub.
Sayt hadisənin qısqanclıq zəminində baş verdiyini yazıb.