Bakıda iki nəfəri zəhərləyərək öldürməkdə təqsirli
bilinən Astara sakini, 59 yaşlı Aydın Qəhrəmanova ömürlük həbs
cəzası verilib.
A.Qəhrəmanov Bakı sakini Aidə Yəhyayeva və onun qardaşı qızı
Samirəni qurğuşunla zəhərləyib öldürməkdə təqsirləndirilib.
A.Qəhrəmanovla bağlı Axar.az-a daxil olan xəbərdə bildirilir ki,
qurğuşun təkcə Aidə və Samirəni yox, onun özünü də zəhərləyib.
Məlumata görə, məhbus uzun müddət müalicə olunub. Xəstəxanadan
çıxandan sonra qeyri-rəsmi nikahda yaşadığı Aidənin də qurğuşundan
zəhərləndiyini görüb. Lakin Aidə və Samirənin həyatını xilas etmək
mümkün olmayıb.
Bundan sonra Türkiyədə yaşayan Nazilə Yəhyayeva bacısının
öldürülməsi iddiası ilə məhkəməyə müraciət edərək Qəhrəmanovu həbs
etdirib. A.Qəhrəmanov deyib ki, buna qədər Yəhyayevlər ailəsində
Aidənin digər yaxınları da qurğuşundan zəhərlənərək ölüblər.
Üstəlik, onları öldürmək niyyəti olsaydı, özü də zəhərlənməzdi.
Məhkum baş verən hadisəni Aidə ilə birlikdə tikdirdiyi mənzillə
əlaqələndirib. Deyib ki, Aidənin digər bacısı İndira evə
sahiblənmək üçün hamını zəhərləyib. Ancaq istintaqın yekununda
məhkəmə ona ömürlük həbs kəsib. A.Qəhrəmanov ölkə başçısı, baş
prokuror, ombudsmana müraciət edərək kömək istəyib. O, hökmü
ədalətsiz hesab edir və özünü günahsız sayır.
Qeyd edək ki, bu iş üzrə əvvəlcə Cinayət Məcəlləsinin 125-ci
(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib və barəsində
Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə,
habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından
istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya
daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, nə istintaq zamanı, nə də məhkəmə prosesində Aydın
Qəhrəmanov ona elan olunmuş ittihamlarla razılaşıb. O, heç kimi
öldürmədiyini, əksinə, hər iki mərhumun, hətta onun özünün də
İndira Yəhyayeva tərəfindən qurğuşun tozu ilə zəhərləndirildiyini
bildirib.