Goranboyun Səfikürd kəndində 7 nəfəri qətlə yetirən
Rafiq Hüseynovun qardaşının intiharı və atasının qəfil ölümünün
təfərrüatı məlum olub.
Axar.az-a yerli sakinlərdən verilən məlumata görə, intihar edən
1989-cu il təvəllüdlü Afiq Müzəffər oğlu Hüseynov ailəli olub. Onun
iki övladı var. Kənd camaatı Hüseynovlar ailəsində onu istisna
edərək tərbiyəli, sakit bir insan kimi xarakterizə edirlər.
Məlumatda bildirilir ki, məlum hadisələrdən sonra polis hər
hansı insident baş verməsin deyə, Hüseynovları Səfikürdə
buraxmırdı. Lakin noyabrın 3-ü günorta saatlarında Afiq Hüseynov
kəndə gəlməyə müyəssər olub. O, atasının yaşadığı evin həyətinə
girib və özünü burada asıb. İntihar xəbərini alan atası Müzəffər
Hüseynov isə onu özünü asmış vəziyyətdə görəndə ürəyi dayanıb.
İntihar edən gəncin ailəsində hər hansı problemi olmadığı
bildirilir. Onun intiharına səbəb kimi qardaşının törətdiyi cinayət
və kənd yerində qətliamdan sonra ailənin gözdən düşməsi olub. 25
yaşlı oğlan bu ağır faciəni qəbul edə bilməyib, nəslin adına ləkə
gətirildiyini düşünərək intiharı seçib.
Asifin intihardan əvvəl atası Müzəffər ciddi mübahisə etdiyi
haqqında da xəbər yayılıb. Bildirilir ki, Asif ailənin bu hala
düşməsində həm də atasını suçlayıb və buna artıq dözmədiyini
bildirib.
Axar.az-a gələn xəbərə görə, onların dəfn mərasimi sabah -
noyabrın 4-də öz kəndlərində təşkil olunacaq.
Yada salaq ki, Hüseynovlar ailəsində bu, ikinci belə intihar
hadisəsidir. Yeddi nəfərin qətlindən daha əvvəl Müzəffərin Şaiq
Hüseynov adlı oğlu da özünü asıb. Buna səbəb kimi onun ailədaxili
problemlərinin olması göstərilir.
İntihar edən Afiq Hüseynovun qardaşı Rafiq Hüseynov bu ilin
oktyabrın 1-də bir ailənin 7 üzvünü qətlə yetirib.
Qətlə yetirilən şəxslər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı
Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova,
1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il
təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü
Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq
Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu
Məmmədov və Günel Məmmədovadır.