Təhsil eksperti Kamran Əsədov nəticələr açıqlandıqdan sonrakı mərhələdə edilməsi vacib olan məqamları açıqlayıb.
Axar.az-a açıqlama verən ekspert universitetə qeydiyyatın zamanına və bunun üçün hansı sənədlərin tələb edildiyinə aydınlıq gətirib.
K.Əsədov bildirib ki, abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı, yəni I mərhələ 15 avqustda başlayır və 27 avqustda sona çatır:
“Lazım olan sənədlər:
Orta təhsil haqqında sənəd (attestat), subbakalavrlar (kollec) diplomu; 4 foto (ölçü 3x4 sm); tibbi arayış (sağlamlıq haqqında); təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün); şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti; tələbənin FİN kodu və parolu (iş nömrəsi); ağ qovluq (sənədlər üçün).
18 yaşa çatmamış tələbələrlə müqavilə bağlanması üçün valideynlərindən birinin qeydiyyatda iştirakı mütləqdir”.
Ekspert bildirib ki, qanunda nəzərdə tutulan ödənişdən azad olunanlar ödənişdən azad olunmalarını təmin edən sənədin əslini təqdim etməlidirlər. Bundan başqa, ekspert bildirib ki, bəzi ali təhsil müəssisələri əlavə sənəd tələb edə bilər:
“Bu barədə məlumatı həmin ali təhsil müəssisələrindən (həmçinin Feysbuk səhifələrindən) əldə edə bilərlər”.
K.Əsədov bildirib ki, boş qalan yerlərə ixtisas seçimi isə 15-19 avqust tarixlərində həyata keçiriləcək:
“Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust - 2 sentyabr tarixlərində olacaq”.