Yorğun olması sifətindəki
qat-qat qırışdan bilinirdi. Mənə elə gəldi ki, onun gözlərinin yaşı
axsa, bu cızıqlar bir nohur kimi həmin suyu canına çəkəcək,
çənəsinə qədər gedib çatmayacaq.
Dərdli adam olması da uzaqdan oxunurdu. Ağır-ağır nəfəs alan bu
ixtiyar kişinin əyin-başı da nimdaşdır. Yazıq və miskin forması
var. Ona fikir verdiyimi sezib deyəsən, arada gözucu mənə tərəf
baxır. Ondan nəzərimi çəkmədiyim də narahatçılığına səbəbdir
deyəsən.
Bir az da yaxın gəlirəm, salam verirəm, "əleyk"i ləngitmir. Səsi
də yorğundur. Maraqlanıram:
- Hara gedirsən, ağsaqqal?
Əlini zeytun bağlarına sarı tuşladı, Zığ kəndi tərəfi
göstərdi:
- Aşağı gedəcəm, kənddə işim var.
- Bəs avtobus keçdi axı, niyə minmədin?
- Mənə "44" nömrəni deyiblər. Başqasını tanımıram, elə o avtobusla gedirəm.
Bu kişinin çəkincək danışığı, dərdli siması çox üzüntülərin
şahidi olmasından xəbər verirdi. Söhbət edim, dərd-sərini
vərəqləyim deyə düşündüm:
- Gedək aparım səni, mən də ora gedirəm.
Əlüstü razılaşır. Maşında oturan kimi uydurduğum yalanı deyirəm.
Tanışlığın təməl daşını qoymaq üçün:
- Mənim bir əsgər yoldaşım vardı, səni onun atasına
oxşatdım.
- Mənim dörd oğlum əsgər gedib. Bəlkə də biri elə səninlə olub.
Harada "slujit" etmisən?
- Qərbi Sibirdə...
- Ora haradır?
- Tomsk, Novosibirsk, Omsk.
- Yox, mənimkilər ora qədər getməyib.
Başuva xeyir, özüm batmışam e...
Beləcə, söhbətimiz alındı. Adının Davud olduğunu deyən kişi
mənim də haralı olduğumu öyrəndi və yerlilərim haqda xeyli xoş
sözlər dedi. Hiss etdim ki, bu, sadəcə mənə, onu yolda qoymadığıma
görə edəcəyi minnətdarlığın bir hissədir. Söhbəti ona tərəf
çəkirəm:
- Amma elə bil dəryada gəmin batıb.
Cibindən çıxardığı qırışıq cib yaylığı ilə ağız-burnunun suyunu
sildi. Burnunu yaylığın arasında elə sıxdı ki, deyərdin yerindən
qoparmaq istəyir.
- Başuva xeyir, gəmi ha... Özüm batmışam e... Məni Vərəm
dispanserinin yanında düşürərsən.
- Yaxşı, - deyirəm. - Xeyir ola? Heç xəstəyə
oxşamırsan.
- Yox, ay oğul, mən xəstə deyiləm.
Sonra küfr edir:
- Mən dağılmışam, məni bir yerə toplamaq, adam eləmək heç
Allahın da işi deyil. Xəstə olan oğlumdur, nəvələrimdir. "Podval"da
qalmaqdan vərəmlədilər...
Xəstəxananın həyətində onu tək qoymaq istəmədim. Ona görə də
içəri birlikdə keçdik.
Öskürməyimə baxma, ciyərlərim təmizdir
- Davud dayı, istəyirsən, həkimə tapşırım, deyim
jurnalistəm, xəstəyə yaxşı baxsınlar.
- Həkim neynəyəsidir ki? Bunların ciyərləri çürüyüb gedib.
Əlinin arxası ilə burnunu silir. Kəsik-kəsik öskürür:
- Heç olmasa uşaqlar sağala. Öskürməyimə baxma, ciyərlərim
təmizdir, - ehtiyatlanır ki, birdən xəstə olduğunu düşünərəm.
- Uşaqlar da burdadır?
- Yox, onlar Ağciyər Xəstəlikləri İnstitutundadır. Əli İnsanov
açdırmışdı ha, ordadır uşaqlar. Dərmanları pulsuzdu. Yemək də
verirlər. Amma Allah kəssin o yeməyi... Oğlumun vəziyyəti pisdir
deyə, gətirib atıblar bura.
Davud kişinin dərdi təkcə bu deyilmiş. Oğlunun, nəvələrinin
müsibətindən daha çox gəlininin vəfasızlığı ona yer eləyib.
Axır ki danışdıra bilirəm.
- Bəs sən niyə bu yaşında gəlirsən, özünü yola
vurursan?
- Bəs kim gəlsin? Qocam (arvadını nəzərdə tutur) çoxdan canını
tapşırıb. Qalmışam tək. O biri uşaqlarım da öz ailəsi ilə hərəsi
bir tərəfdə olur.
- Bəs gəlinin?
- Nə gəlin? Gəlin var? Onu yuyub əski üstünə qoyanın...
Qaçqınlar yaxşı yerləri zəbt etmişdi...
Davud kişinin ağzıbağlı söz boğçasının açılmasında gəlinini
soruşmağımın xüsusi rolu oldu. Çözələdi dərdini. Uzun çəkən
söhbətdən məlum olan həm də bu oldu:
- Biz qaçqın düşəndən sonra gəldik Bakıya. Birtəhər yerləşdik.
Bizdən qabaq qaçqın düşənlər yaxşı yerləri zəbt etmişdilər.
Bəxtimiz heç bunda da gətirmədi. Hərəmiz bir yerə girdik. Oğlum da
bir yarımzirzəmi qaraladı, orada özünə yer elədi. Dolanırdı. Pis
deyildi. Evli idi. Elə həmin zirzəmidə üç oğlu dünyaya gəlmişdi.
Özü daş karxanasında işləyirdi. Arvadı da bir marketə işə düzəldi.
Sonradan onun aeroportda - Binə bazarında işlədiyini eşitdik. Nə
isə uzun söhbətdi.
Gəlinim oğlumu kişi kimi görmədi
Davudun qəzəbi, səsinin xırıltısında daha açıq hiss olunurdu.
Gəlininin, onu dünyaya gətirib süd verənin ardınca söyüşlər
yağdırdı. Toxtaq olmağa çağırdım:
- Əşi, bəsdir, kim olsa da adınız üstündədir. Kim istər
ki, uşağından, ərindən ayrı olsun? Bəlkə elə nə isə bir səbəb
var?
- Var, səbəb var. O, daha rahat olmaq istədi. Amma istəmədi ki,
ailənin ağırlığını birgə çəksin oğlumla. Oğluma xəyanət elədi.
Harınladı. "Binə"də işləyəndə Çinə mal gətirməyə gedirdi.
Həftələrlə evdə olmurdu. Pul qazanırdılar, guya. Torpaq aldılar ki,
ev tiksinlər. Amma gəlin başqası ilə yaşadı. Oğluma kişi kimi
baxmadı.
Uydu birinə, başladı yava gəzməyə
- Bəs gərək oğlun da imkan verməyəydi. Görəndə ki, evdən
yoxa çıxır, qarşısını alaydı.
- Oğluma demişdi ki, 3-4 qadın yığışıb gedir mal dalıyca.
Suriya, Çin qoymadılar, "şmotka" dalıyca gedirdilər. Pul
yığırdılar. Zirzəmini də satıb, guya yaxşı bir yurd-yuva
quracaqdılar. Uydu birinə, başladı yava gəzməyə. Axırı da belə.
Davud kişi deyir ki, ondan sonra oğlu özünə qəsd elədi. Daş
karxanasının yayda tozu, qışda soyuğu onu içəridən "yedi".
- Pul tapa bilmədi özünü müalicə etdirsin. Uşaqlar da onda
balaca idi. İki böyük uşaq məktəbə, balaca isə bağçaya gedirdi.
Yeməyinə, içməyinə baxa bilmirdi. Oğlum bir həftə karxanada olurdu,
bir həftə evdə. Bax onda o it südü əmmişin qızı uşaqları tək
qoyurmuş, gecələr yoxa çıxırmış. Nəm yerdə uşaqların da ciyərləri
"stroydan" çıxıb. Gec xəbər tutmuşuq. Sonra da gədəni (oğlunu
deyir) heç adam yerinə qoymadı, arvadlıq da eləmədi ona.
Oğlum gözüyləgörmüş çıxdı
- Ay Davud, oğlun bir zor göstərəydi, əl bulayaydı,
kişiliyini göstərəydi.
- Daş oğlumun başına, gözüyləgörmüşün biri çıxdı. Arvadı ilə
fırlanan kişini evin dostu kimi görürdü. Qardaşları demişdi ki, bu
adamdan gözümüz su içmir. Bizim də dostlarımız var. Aylarla
bir-birimizdən xəbər tutmuruq, bu nədir hər gün arvadın onun
maşınında olur. Görürsən zəng edir, gəl məni apar filan yerə.
Görmüşük işçi müdirin sözü ilə oturub-durar, bu, müdirinə buyurur.
Mən başı batmışın oğlu da az-az gəlirdim. Bir neçə dəfə gədə
karxanada olanda gəldim qalam bunlarda. Gəlin gecədən keçmiş
gəlirdi. Deyirdim, a bala, bu qədər işləmək olmaz, özünə balalarına
heyfin gəlsin. Kimə deyirsən... Gedim, həkimə baş çəkim, dərmanlar
yazacaq, onları alım.
- Gedərik bir yerdə. Həkim burdadır da. Yaxşı, axırı nə
oldu?
- Axırı budur da. Özü burda çürüyür, balaları orada.
- Bəs balaların anası?
- Anaları indi əvvəlki kimi cavan deyil. Yaşı qırxı keçib. Binə
bazarının girişində yer var, orda peraşki bişirir. Nəvələr
böyükdür. Amma nə olsun, xəstədir. İkisinin vəziyyəti yaxşıdır.
Balacanın isə sağalmağı hələ çəkəcək.
- Harada qalır gəlin?
- Həmin zirzəmidə. Gəlib oğlanlarına hər gün baş çəkir.
Yemək-içmək də gətirir. Balaları görüşmək istəmir. Ancaq o əl
çəkmir.
Gəlinin bacısı qızını "işlədir"
- Anadır da... Bəs onun dostu buna kömək
etmir?
- Nə dost, başı xeyirli. Həmin adam indi bunun cavan bacısı
qızını satıcı götürüb özünə, gecə gündüz işlədir. Buna heç baxmır
da...
Davud kişi söhbət zamanı dedi ki, o gün bir kəndçimiz rəhmətə
getmişdi. Hüzrdə elə bildim, hamı mənə baxıb gülür. Otura bilmədim.
Gəlinin qardaşları, əmisi uşaqları da orada idi. İmkan tapıb dedim
ki, bacınızla maraqlanırsızmı? Dedilər, indi kimin vaxtı, imkanı
var ki, kiminləsə də maraqlansın? Hər kəs özünə, öz ailəsinə
cavabdehdir.
Davud kişi Vərəm Dispanserinin binasına tərəf getdi. Ardınca
getmək istəsəm də, geri döndüm. Onun iztirab çəkən, xəyanətin
qurbanı olan oğlunu görmək istəmədim. İstəmədim ki, bu adamın
içində çəkdiyi əzabı sifətindən oxuyam...