"Hazırlıq kursu" layihəsində
Dahilərin təcrübəsindən öyrənməyə və öyrəndiklərimizi də
körpələrimizə təlqin etməyə həmişə ehtiyacımız var. Bu sirli-sehrli
aləmin sirlərini çözməkdə övladlarımıza ən yaxın yardımçı və ən
böyük dəstək olmaq üçün öyrənək və öyrədək! Bu dəfə Jan Pol
Sartrdan...
Biz heç bilmirik ki, balaca Sartra oxumağı necə öyrədiblər, daha
doğrusu, hansı üsulla. Ancaq onun öz oxu vərdişini necə inkişaf
etdirdiyindən xəbərdarıq. Jan Pol oxu prosesini imitasiya edərək
əzbər bildiyi kitabları özü özünə söyləyərdi. Kağız üzərində
sözlərin yazılması haqqında təsəvvürü artıq var idi. Və o, mətnin
hər hansı bir hissəsində hansı sözün işləndiyini təxmini bilərək
sözləri sanki "tanıyırdı". Yəni o özünü təkmiləşdirmək üçün bütöv
söz üsulundan istifadə edirdi:
"…Mən hələ oxuya bilmirdim, ancaq artıq öz kitablarımın olmasını
arzulayırdım. Babam fırıldaqçı naşirin yanına yollandı və ordan
şair Moris Buşorun "Nağıllar"ını – uşaqlar üçün işlənmiş folklor
süjetləri – alıb gətirdi. Mən yubanmadan və hər şəkildə kitablara
sahiblənməyə can atırdım. İki balaca cildi götürüb iylədim, əllimi
üzərində gəzdirdim, bir qədər laqeydliklə "lazım olan səhifəni"
açdım. Əbəs yerə məndə belə bir hiss var idi ki, kitablar mənim
deyil. Onlarla oynamaq cəhdi – kukla kimi yatırtmaq, öpmək,
silləmək - müvəffəqiyyətlə nəticələnmədi. Ağlamaqdan özümü güclə
saxlayaraq axırda onları anamın dizləri üstə qoydum. O, əlindəki
tikişdən gözünü qaldırdı: "Əzizim, sənə nə oxuyum? Mələklər
haqqında?"
…Anam oxuyub qurtaranda mən cəld kitabı dartıb ondan aldım və
qoltuğuma vurub apardım.
Yavaş-yavaş mən bu anları sevməyə, sözlərin ciddi ardıcıllığına
tədricən alışmağa başladım – hər bir yeni mütaliədə onlar
təkrarlanırdılar, "sədaqətlə", dəyişilməz qaydada – mən onları
gözləyirdim.
Mən anama həsəd aparırdım və onun rolunu əlindən almağa qərar
verdim. "Çinlinin Çində fəlakəti" adlı bir kitab tapıb anbara
getdim; açılıb-bükülən çarpayıya uzanaraq özümü sanki oxuyurmuş
kimi təsəvvür etdim: birini də ötürmədən gözlərimi qara sətirlərin
üstü ilə gəzdirərək ucadan öz-özümə hansısa nağılı söyləməyə
başladım, həm də az qala hər bir hecanı ciddi-cəhdlə səsləndirməyə
çalışırdım. Məni qəflətən yaxaldılar – bəlkə də mən özüm
yaxalanmağımı təşkil etdim - ah-vaylar başladı və qərara alındı ki,
mənə oxuyub-yazmaq öyrətməyin vaxtı yetişib. Mən dəli bir bütpərəst
kimi səy göstərirdim; ciddi-cəhd göstərdiyim qızğın çağlarda özüm
özümə özəl dərslər keçirdim: əlimdə Gektor Malonun əzbər bildiyim
"Ailəsiz" romanı ilə çarpayıya sərilərək onu əvvəldən axıra kimi,
yarısını söyləyərək, yarısını da höccələyərək oxuyurdum; axırıncı
səhifəni örtəndə artıq sərbəst oxuya bilirdim".
J.P.Sartrın "Söz" kitabından
Tərcümə etdi: Təhminə C.B.