Azərbaycan və Pakistan iki ölkə arasında iqtisadi
əməkdaşlığın inkişafına yönəldilmiş sənədlər zərfini
imzalayacaqlar. Sənədlər arasında hava əlaqəsi haqqında saziş də
var. Bunu Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov
deyib.
Onun sözlərinə görə, Pakistan Prezidentinin Azərbaycana
qarşıdakı rəsmi səfərinə sanballı sənədlər paketi hazırlanıb:
"Paket iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə
edəcək".
D.Şikarov qeyd edib ki, hazırlanmış sənədlər layihəsi arasında
məhbusların mübadiləsi, təhsil sahəsində əməkaşlıq,
ticar.t-iqtisadi əməkdaşlıq və s. haqqında sazişlər də var.
Sənədlərin Pakistan Prezidenti Məmnun Hüseynin martın 11-14-nə
Azərbaycana planlaşdırılan rəsmi səfəri zamanı imzalanması nəzərdə
tutulur.
Diplomat vurğulayıb ki, bundan başqa, ikitərəfli sənədlər
layihəsi zərfinə hava əlaqəsi haqqında saziş də daxildir.
İki ölkənin hökumətləri Bakı və İslamabad arasında hava
əlaqəsini bərpa etmək niyyətindədir. Saziş ya "Azərbaycan Hava
Yolları" QSC-nin hava əlaqələrini bərpa etməyə imkan verəcək, ya da
reysləri həyata keçirmək hüququ Bakı-İstanbul-İslamabad marşrutu
üzrə "Türkiyə Hava Yolları"na veriləcək.
Onun sözlərinə görə, səfər zamanı danışıqlarda əsas diqqət iki
ölkənin iqtisadi əməkdaşlığının perspektivlərinin müzakirəsinə,
iqtisadi əlaqələrin siyasi səviyyəyə yüksəldilməsinə ayrılacaq:
"Pakistan Prezidentinin Bakıya səfərində onu bu ölkənin iş
adamlarından ibarət geniş qrup müşayiət edəcək. Səfər çərçivəsində
iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forum
keçiriləcək".
D.Şikarov əlavə edib ki, iki ölkənin iqtisadi əməkdaşlıq üzrə
böyük perspektivləri var: "Pakistan tekstil, Avropa və dünya
çempionatlarında, demək olar, bütün idman yarışlarında istifadə
edilən idman avadanlığının ixracı üzrə dünyanın üç qabaqcıl ölkəsi
sırasına daxildir. Azərbaycanlı biznesmenlər bu kateqoriyadan olan
malların ticarəti ilə maraqlana bilərlər".
O bildirib ki, qarşıdakı səfər ümumilikdə iki ölkə arasında
iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edə bilər.