Bu gün Nəsimi Rayon
Məhkəməsində BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının
(Niftəliyevanın) ölüm işi ilə bağlı növbəti proses
keçirilib.
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi
nümayəndəsi Səməd Vəkilov məlumat verib. Məhkəmə prosesindən
danışan S.Vəkilov qeyd edib ki, bu prosesdə şahid Fərəculla İdrisov
ibtidai istintaqa verdiyi ifadələrindən imtina edib:
"Şahid Fərəculla İdrisov polis orqanları tərəfindən məhkəmənin
qərarı ilə dindirilməsi üçün məcburi şəkildə məhkəməyə gətirildi.
Prosesə qatılmaqdan imtina etdiyi üçün ötən prosesdə onun məhkəməyə
məcburi gətirilməsi ilə bağlı hakim qərar çıxarmışdı. Bu prosesdə
yenidən ifadə verdi. Həmçinin, zərərçəkən Anar Niftəliyevlə
Fərəculla İdrisovun ziddiyyət təşkil edən ifadələri üzləşdirildi.
Prosesdə Fərəculla İdrisov ibtidai istintaq zamanı verdiyi
ifadələrdən imtina etdi. O, ibtidai istintaq zamanı bildirmişdi ki,
anestezioloq Firuz İbrahimov mərhum Elnarə Niftəliyevanın
vəziyyətini nəzarətdə saxlamadığına görə ölüm hadisəsi baş verib.
Ancaq məhkəmə istintaqı zamanı tamamilə başqa ifadə verdi və
bildirdi ki, belə bir şey olmayıb. Həmçinin, zərərçəkənin
dələduzluq ittihamı ilə bağlı da ifadələr verildi. Onun bu
ifadələrindən imtina etməsilə məsələ bir daha aktuallaşdı".
S.Vəkilovun sözlərinə görə, artıq bu cinayət işinin təkrar
ibtidai istintaqa göndərilməsi müzakirə mövzusudur:
"Zərərçəkmiş tərəfin mövqeyi belədir ki, bu ziddiyətin aradan
qaldırılması üçün iş təkrar ibtidai istintaqa göndərilməlidir. O
cümlədən, Fərəculla İdrisovun ibtidai istintaqa yalan ifadə verməsi
Cinayət Məcəlləsinə görə məsuliyyət yaradır. Növbəti prosesdə
istintaqın obyektiv nəticəyə gəlməsi və Fərəculla İdrisovun
istintaqa yalan ifadə verməsi ilə bağlı məsuliyyət məsələsini
qaldıracağıq. Hesab edirik ki, işin obyektiv və qərəzsiz
araşdırılması üçün məhkəmə bu vəsatətləri təmin etməlidir. Növbəti
proses mart ayının 18-i saat 10:30-a təyin edildi. Növbəti prosesdə
iş üzrə sonuncu ekspert rəyini vermiş həkimlər də dəvət olunacaq
ki, ekspert rəyi müzakirə olunsun".
Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də
"Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı
zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də
Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb.
2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq,
Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına
verilib. Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə
Həsənovanın icraatındadır.
Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq
Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və
320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə
ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent
Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa
cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar
müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi
Rayon Polis İdarəsinə göndərilib.
Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət
işi açmaqdan imtina etdiyi üçün hazırda zərərçəkən tərəf Nəsimi
Rayon Prokurorluğuna şikayət verib.