Ana səhifə Toplum |
Novruz bayramı ilə əlaqədar Bakı şəhərində əhalinin kənd
təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının ödənilməsi və
istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət
artımının qarşısının alınması məqsədi ilə martın 14-dən 19-dək
yarmarkalar təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli
Hacıyevin Publika.az-a verdiyi məlumata görə, ənənəvi keçirilən
ünvanlar olduğu kimi qalır, lakin onların sayının artırılması da
nəzərdə tutulur:
"Ayın 14-dən alıcılar Xətai rayonu - Ukrayna dairəsinin yanı,
Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə bazarın ərazisi, Yasamal
rayonu - Şərifzadə küçəsi 1, Rabitə Kollecinin arxası, Nərimanov
rayonu - "Gənclik" metro stansiyasının yanı, Səbail rayonu -
Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası,
Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, "V" yaşayış massivi,
Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12 və Binəqədi rayonu -
Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, "Elit" Ticarət Mərkəzinin
yaxınlığında açılmış yarmarkalara gələ bilərlər. Bu günün sonu və
ya sabah əlavə yarmarkalar barədə qərar qəbul ediləcək. Əlavə
yarmarkarların yaradılması barədə təşkilati işlər aparılır.
Ünvanlar bəlli olanda məlumat veriləcək. Əlavə yarmarkalar əsasən
əhalinin sıx olduğu yerlərdə təşkil ediləcək. Bütün yarmarkaların
tam müasir tələblərə cavab verəcək".
Yarmarkalardakı qiymətlərə gəlincə, M.Hacıyev bildirib ki, yarmarka
başlayan vaxt girişdə lövhələr qoyulacaq və həmin lövhələrdə
yarmarkada satılan bütün məhsulların qiymətləri öz əksini
tapacaq:
"Nazirliyin əməkdaşlarından ibarət işçi qrup da yarmarkalarda
müşahidələr aparacaq, nəzarət edəcək. Ancaq insanlar özü də qiymət
artımları ilə mübarizə aparmalıdırlar. Qiymətlər lövhələrdə əksini
tapacaq. Alıcılar hər hansı neqativ hallarla qarşılaşarsa,
nazirliyin "16-52" çağrı mərkəzinə zəng vura bilərlər. Eyni
zamanda, nazirliyin həmin ərazidə müşahidə aparan nümayəndələrinə
də müraciət edə bilərlər. Amma yarmarkalarda qiymətlər bazarlardan
20-30%-ə qədər ucuz olacaq. Lakin hələ ki, yarmarkalarda satılacaq
məhsulların qiymətini müəyyən etməmişik. Nazirlik əməkdaşları
bazarlarda monitorinqlər aparır. Bu həftənin cümə gününə qədər
həmin monitorinqlər başa çatacaq. Yarmarkalarda qiymətlər həmin
qiymətlərə uyğun tənzimlənəcək.".
Nazirlik rəsmisinin sözlərinə görə, yarmarkaların mütəşəkkil
keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupu
yaradılıb və onlar yarmarkalara təhkim olunacaqlar: "Onlar satılan
məhsulların keyfiyyətinə, istehlak üçün yararlı olmasına,
qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa
çıxarılan bitki və heyvan mənşəli məhsulların sanitar və baytarlıq
nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün
yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq."
Qeyd edək ki, yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat
və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə
kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi
nəzərdə tutulub.
Tarix
2015.03.11 / 10:58
|
Müəllif
Axar.az
|