Naftalan şəhərində olduq.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun
ənənəvi görüşlərindən biri bu kurort şəhərində
keçirildi.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədovu və Fondun üç
əməkdaşını Naftalan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və
humanitar məsələlər üzrə baş məsləhətçisi Afət Mustafayeva
qarşıladı.
Şəhərə axşam saatlarında çatdıq. İlk dayandığımız yer Naftalan
sanatoriyası oldu. Afət xanım bizə Nafatalan sanatoriyası barədə
məlumat verdi. Öyrəndik ki, şöhrəti dünyanı dolaşan Naftalan
neftinin möcüzəsini ilk dəfə bir dəvə aşkara çıxarıb. Karvandakı
dəvələrdən biri xəstələnir, sarvan məcbur olub onu səhrada qoyub
yoluna davam etməli olur. Qotur tutan dəvənin tez bir zamanda
öləcəyi güman edilir. Karvan mənzil başına çatır, mallarını satıb
geri qayıdanda görürlər ki, həmin dəvə sapsağlam səhrada gəzişir.
Kiçik araşdırmadan sonra məlum olur ki, dəvə Naftalan gölməçəsinə
düşüb. Bununla da qoturu heç olmamış kimi yoxa çıxıb.
Afət xanım öz gözləri ilə gördüyü möcüzədən də danışdı.
Avropadan, MDB ölkələrindən, daha çox Rusiyadan, sanatoriyaya
çəliklə gələnlər 15-20 gündən sonra çəliklərini qoyub geri
qayıdıblar. Beləliklə, sahibsiz çəliklərin sayı çoxalıb və "Çəlik"
adlı muzey yaranıb. Müəyyən səbəblərdən həmin muzey fəaliyyətini
dayandırıb. Ancaq xeyli sayda çəlik, şəfa tapanların minlərlə
təşəkkür məktubları qorunub saxlanır. Yaxın gələcəkdə muzeyin
yenidən bərpa olunacağı planlaşdırılır.
Səhər şəhəri gəzirik. Hər yerdə iş gedir: binaların fasadları
yenilənir, qarşısındakı meydançalar yaşıllaşdırılır; Mənzillər
istilik sistemi ilə tam təmin olunub, kommunikasiya xətləri
kökündən yenilənib. Bütün bu işlər tam formada yekunlaşandan sonra
ara yollarının asfatlanmasına başlanacaq. İşləri yerində yoxlayan
başçının tapşırığı da var: asfalt örtüyü bir dəfə çəkilməlidir.
Naftalanlıların ali məqsədlərindən biri şəhərin əvvəlki
şöhrətini özünə qaytarmaqdır. Proses belə davam etsə, ildə 80 min
ziyarətçisi olan şəhərin tarixi təkrar olunacaq.
Məktəblərdə və baxçada oluruq. Faiq Rüstəmovun direktoru olduğu
İmadəddin Nəsimi adına 1 saylı və Adilə Bağırovanın rəhbərlik
etdiyi Səməd Vurğun adına 2 saylı tam orta məktəblərdə yuxarı və
aşağı sinif şagirdləri ilə apardığımız qısa söhbətlərdən,
sullarımıza aldığımız cavablardan olduqca məmnun qalırıq.
Azərbaycan və rus bölmələrinin şagirdləri kifayət qədər
hazırlıqlıdırlar.
Şəhərin yeganə baxçası - Kəmalə Hüseynovanın müdiru olduğu
Naftalan şəhər V.Namazov adına körpələr evi-uşaq baxçası barədə isə
hansı xoş sözləri işlətsək, azdır. Girişindən tutmuş çıxışına
qədər, hər yer – dəhliz, otaqlar, mətbəx, hamam otağı əla
vəziyyətdədir. Uşaqların səviyyəsinə yalnız "möhtəşəm" kəlməsi ilə
qiymət vermək mümkündür. Rus dilində şeir dedilər, ingilis dilində
oxudular, səhnəcik göstərdilər, salamlaşdılar, sağollaşdılar, bir
sözlə, bizi uşaqlığımıza qaytardılar. Kəmalə xanıma böyük
minnətdarlıq edərək, oradan ayrıldıq. Xüsusi qeyd: Kəmalə xanım
yaradıcı və olduqca yüksək dünyagörüşə malik şəxsdir.
Afət xanımla yanaşı, İcra Hakimiyyətinin İnformasiya təminatı və
təhlil sektorunun müdiri Ülfət Əliyev bizi şəhər barədə geniş
məlumatlandırır. Onun verdiyi bilgilərdən aydın olur ki,
Nafatalanda ağacəkmə kampaniyasına xüsus diqqət ayrılır. Nəticədə
şəhər şam ağaclarının əhatəsinə düşüb. Bu da oksigen bolluğudur ki,
hər nəfəs alanda hiss edirdik.
Naftalan şəhər icra başısı Natiq Aslanovla maraqlı görüşümüz baş
tutdu. Səmimi, işgüzar, intellektual və orijinal düşüncə sahibi
olan Natiq müəllim Azərbaycan Prezidenti İlham Əliyevin şəhərə
göstərdiyi müstəsna qayğısından söz açdı. Bildirdi ki, prezident
sonunci səfərində şəhərdə görülən işlərdən o dərəcədə məmnun qalıb
ki, fərəhini açıq büruzə verib və bu da bütün rayon əhalisində ruh
yüksəkliyi yaradıb. Bilik Fondu barəsində geniş bilgiyə malik
olduğunu diqqətə çatdıran başçı əməkdaşlığa böyük ehtiyac olduğunu
bildirdi. Şəhərin infrastrukturunun məhz turistlərə xidmət
göstərmək üçün nəzərdə tutulduğunu xatırladan icra başçısı bu
istiqamətdə təhsil verən texniki peşə məktəblərinin vacibliyinə
diqqət çəkdi.
Öz növbəsində Bilik Fondunun içraçı direktoru Oktay Səmədov
müxtəlif formalarda əməkdaşlığa hazır olduqlarını dedi. İcraçı
direktor bildirdi ki, rəhbərlik etdiyi qurum Naftalanın İcra
Hakimiyyəti və digər strukturları ilə layihələrə başlaya bilər.
Başçı ilə görüşdən sonra Heydər Əliyev Mərkəzində şəhər
ictimiyyəti ilə maraqlı fikir mübadiləsi aparıldı. Oktay Səmədov
Bilik Fondunun fəaliyyəti barədə geniş məlumat verdi və hər kəsi
Fondla əməkdaşlığa çağırdı. İcraçı direktor vurğuladı ki, Fondun
təşkil etdiyi mühazirələrdə yerli mütəxəssislərə üstünlük
veriləcək. Kim bu işdə yaxından iştirak edə bilərsə, Bilik Fondu
tərəfindən dəstək alacaq. Görüşdə səsləndirilən suallar da
cavablandırıldı, təkliflər qeydə alındı.
Fondun beynəlxalq layihəklərindən aparıcı məsləhətçi Sərxanbəy
Xudiyev danışdı. Mətbuat katibi Ceyhun Musaoğlu isə Könüllülər
Birliyi barəsində ətraflı məlumat Verdi və Naftalan sakinlərini
Fondun könüllüəri olmağa dəvət etdi.
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri
Hatəm Qocayev Bilik Fondunun qısa müddət ərzində geniş fəaliyyət
sferasını əhatə etməsindən razılıqla danışdı. YAP sədri bildirdi
ki, şəhər sakinləri Fondun layihələrində iştirak etməyi
arzulayırlar.
Naftalandan qayıltdıq. Amma təəssüratı bizimlədir...