Siyasətin görünməyən içi
İllər boyu bizə təlqin olunan nəzəri siyasətlə praktik siyasət
arasında böyük fərq olub. Sıravi siyasətçi olan zaman bunu
onilliklər keçsə belə bəzən qavraya bilməyəcəksən.
Amma liderlərə yaxın olduqca, siyasətin iç üzünü daha yaxşı
görür və reallıqları dərk edirsən. O zaman əsl siyasi sifətləri
görürsən. Çünki bağlı qapı arxasında danışdığın başqa, üzvlərə
dediyin başqa. Özünün zərrə qədər inanmadığın məsələni partiya
yoldaşlarına, tərəfdarlarına və xalqa başqa cür çatdırımalısan.
Onlara özünü inanmış kimi göstərməli, inamlı və pafosla
danışmalısan.
Bizim ünlü siyasilərin düşüncəsi belədir və ətraflarında olan
hər kəsi də buna məcbur edirlər. Əgər onlarla tərəf müqabil
olursansa, sən də bu məcburiyyətdə qalırsan. Yox, əslində buna
məcbur edilirsən. Qısa haşiyə çıxaq.
Milli Şura yaranan zaman dramaturq Rüstəm İbrahimbəyov
şəxsiyyəti ətrafında böyük hay-küy yarandı. Doğrudan da hər kəs
dəyişikliyə inanmışdı. Daha doğrusunu desək, pafos - yuxarıda
dediyimiz, özünün zərrə qədər də inamadığı, amma sıravilərə və
xalqa aşıladığın pafos - o inamı yaradırdı. Pafosu inamlı edən
həzin küləyin belə uçura biləcəyi qum təpəciyi sayıla bilən bircə
şərt vardı ki, ilk dəfə olaraq müxalifətlə Rusiya dövlət başçısı
Vladimir Putinin maraqları üst-üstə düşmüşdü. Hər kəs inanmağa
başlamışdı ki, Putin YAP hakimiyyətinin dəyişilməsində maraqlı, bir
az da israrlıdır.
Əslində, biz də bu məsələdə Putinə kömək etmək istədik. Elə bir
az da həqiqət payı olan bu məqam Milli Şuranın rusiyapərəst olması
fikrini ictimai şüura yeritdi. Lakin haqq naminə demək lazımdır ki,
AXCP rəhbərliyinin yerinə demək mümkün olmasa da, AXCP üzvlərinin
əvəzində tam iddia etmək mümkündür ki, bu partiyanın putinpərəst
olması mümkün deyil. Sadəcə, maraqlarımız üst-üstə düşmüşdü.
Sonunda Putin özü maraqlarımızın üstündən QARA xətt çəkdi. Ola
bilsin ki, hakimiyyət özü də ciddi manevrlər etdi, Milli Şuraya
Rusiya ilə oyun qurmağa imkan vermədi.
Bir məsələni də qeyd edim ki, hörmətli şəxs olaraq Rüstəm
İbrahimbəyovun da rusiyapərəst olması düşüncəsində deyiləm. Hesab
etmirəm ki, onun hakimiyyətə gəlmək iddiası bizim Putinlə bərabər
hərəkət etməmiz anlamına gələ bilərdi. Yaxud, o, birbaşa bu
missiyanın daşıyıcısı idi. Amma reallıq bu idi ki, maraqlar
üst-üstə düşürdü. Milli Şuranın geniş spektrdə formalaşmasının da
sadə bir düsturu vardı ki, müxalif düşüncəli kəsimin maraqları
Milli Şurada qismən də olsa təmin olunmuşdu. İslamçılar belə bu
prosesə qoşulmuşdular.
Putinin 2013-cü ilin avqust ayının ikinci ongünlüyündə Bakıya
səfəri ilə hər şey dəyişdi, planlar alt-üst oldu. Bütün ümidlər
sındı. Amma məhz siyəsətin mərkəzində dayananlar və siyasəti
cızanlar üçün. Sıravi müxalifətçilər isə böyük ümid və cəsarətlə
hələ də oktyabr ayına dəyişiklik ayı kimi baxırdılar. Çünki təlimat
belə idi. Elə yüksək eşalonunda qərarlaşdığım AXCP-nin içində də
təlimat belə idi. Üzvlərdə yalançı qələbə ümidi yaratmaq,
müxalifətçiləri eyforik vəziyyətdə saxlamaq. Sadə cəbhəçilər və
müxalifətçilərdən fərqli olaraq, AXCP və Milli Şuranın
rəhbərliyində təmsil olunanlar seçkinin taleyini əvvəlcədən
bilirdi. Amma təlimata uyğun olaraq, üzvlərimizə və xalqa başqa
sözlər deyirdik. Ənənəvi yalan sözlər və yalan vədlər. Başqa
yolumuz da yox idi, axı təlimatlar həmin o bağlı qapının arxasında,
dörd divar arasında hazırlanır və seçilmiş emissarlar vasitəsilə
üzvlərə çatdırılırdı. Hətta bir sıra məqamlarda onlara deyilirdi
ki, kim çox çalışsa, o, daha böyük vəzifə alacaq.
Artıq 15-20 nəfər arası fəal hansı vəzifə istədiyini də
müəyyənləşdirmişdi…
Bəzilərinə başqa vədlər verilirdi. Üzvlər isə sadəlövhlüklə bu
vədlərə inanır, təlimatı çatdıranlar isə onların bu sadəlövhlüyünə
bığları altda, yaxud dodaq boyaları arasından istehzayla
gülürdü.
Bəli, vəzifəmiz özümüzün belə inanmadığımız hadisələrə,
dəyişikliyə, dəyərlərə və perspektivə digərlərini, ümidini bu
liderlərə bağlayanları, fanatikcəsinə inananları inandırmaq idi.
Çox şeyi bacarmayanlar bu missiyanı çox asanlıqla bacarırdılar…
Mübarizəni imitasiya edənlər, demokratiyanın zahirdə əvəzsiz,
batində birqəpiklik nəsnə olduğunu deyənlər sadəlövh olduğu qədər
də təmiz, əqidəli insanları, illərini mübarizəyə həsr edən
cəbhəçiləri belə aldadırdılar…
Hələ Milli Şura ideyası gündəmə gələndə AXCP sədri Əli Kərimli
vahid namizəd olmaq üçün çox düşünürdü. Milli Şuranın yaranması
haqqında ideyalar gerçəklik olanda da bu fikri unuda bilmirdi. Hər
an, ən kiçik müzakirədə belə ən çox dartışılan mövzu bu olurdu.
Bizim də fikirlərimizi soruşur, vahid namizəd olmağın
perspektivlərini müzakirə edirdi. İçi mən qarışıq Rəyasət Heyətinin
üzvləri də onu vahid namizəd olmağa ruhlandırırdıq. Mövqeyi bəlli
idi. Vahid namizəd olmaq niyyətini gizlətmirdi, amma son qərarını
verməyə tələsmirdi, düşünürdü. Tərəddüdləri həm də mübarizənin
öncədən bilinən nəticəsinə görə idi. Özünün namizdəliyini
səsləndirməməkdə tərəddüdləri həm də başqa məsələlərdən
qaynaqlanırdı. Birincisi, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri
Mirmahmud Mirəlioğlu və Eldar Namazov buna razı olmayacaqdı,
ikincisi, nəticəsi öncədən bilinən seçkidə iştirak edib uduzmaq İsa
Qəmbərlə bərabərləşmək idi. Bunu faciə sayırdı. Onun qorxduğu ən
böyük təhlükə bu idi - seçkinin nəticəsi, mübarizənin fəlsəfəsi
yox. O, İsa Qəmbərlə seçki məğlubiyyəti məsələsində bərabərləşmək
istəmirdi. Özünün namizəd olmayacağı, seçkinin uduzulduğunu Əli
Kərimli mart ayından yəqin etməyə başlamışdı. Buna görə də mart
ayından sonra özünün vahid namizəd olacağı fikrindən imtina etdi.
Vahid namizəd ideyası gündəmdə qalsa da, artıq özüylə bağlı bu
iddianı arxa plana daşıdı. İndi qarşısında duran əsas məsələ İsa
Qəmbərin namizədliyinə əngəl yaratmaq idi. Ətrafa da bu ideya
yayılırdı. İsa Qəmbərin də namizəd olmasına yol vermək olmaz. Səbəb
isə aydın idi. İsa Qəmbərin vahid namizəd olacağı təqdirdə
hadisələrin necə inkişaf edəcəyini bilmək olmazdı.
İki variant var idi. Ya o birdəfəlik siyasətdən silinir, ya da
seçki sonrası vahid müxalifət liderinə çevrilir. Ağırlıq ikinci
variantın üzərinə düşdüyündən, İsa Qəmbərin vahid namizəd olması
məsələsinə xaç işarəsi qoyduq. Seçkini bilmək olmazdı, birdən
yaranan siyasi fəallıq davam edər və proses dəyişikliyə apara
bilərdi. İsa Qəmbərə rels verilsəydi, o zaman onun qatarını
dayandırmaq çətin olacaqdı.
Amma yenə də biz xalqa başqa şeylər deməyə başladıq.
Siyasətçinin, hər hansı partiya liderinin vahid namizəd olması
ziyalıları və digər təşkilatları prosesdən uzaqlaşdırır. Məsələ
burasındadır ki, Əli Kərimlinin vahid namizəd olacağı təqdirdə
dəyərlər və format dəyişəcəkdi. Digər siyasi təşkilatların mövqeyi
nəzərə alınmayacaq, onlardan heç fikir belə soruşulmayacaqdı. Çünki
onlar çox xırda və gücsüzdürlər. Rüstəm İbrahimbəyovun namizədlik
məsələsi alınmayanda, yeni variant iş düşdü. Hörmətli professor
Cəmil Həsənlinin namizədliyi üzərində gəlişmə aparıldı. Cəmil
müəllim mübarizə adamıdır. O, saf niyyətlə mübarizə meydanına
qayıtdı və biz bunu etməklə İsa Qəmbərin vahid namizədliyinin
qarşısını bütünlükdə aldıq - mətbuatda, sosial şəbəkələrdə qurulan
piarla. 2013-cü ilin hansısa dəyişiklik ili olmasının qarşısını da
belə aldıq.
Üzvlər də inandı, elə həmişəki kimi - 2003-də, 2005-də, 2010-da
olduğu kimi. Pafos və bəlağət bu dəfə də qalib gəldi. Səmimi və
əxlaqlı siyasət əvəzinə oyunbazlıq oldu. Üzvlər aldadıldı. Çünki
partiyada üzvlərlə bağlı bir kredo var. Onları daim eyforiyada
saxlamaqla, ac-yalavac olmanın da mübarizənin fəlsəfəsi olmasına
inandırmaq. Guya ki, əsl və real müxalifətçinin xalq üçün
göstəricisi budur. Yalnız bu kriteriyalarla yaşayanlar, özünü bu
kriteriyalarla yaşamağa öyrədənlər əsl müxalifətdir, qalanlar
satılıb.
Müxalifətçilik imici
Müxalifətçilik imicinin Əli Kərimli doktrinası belədir:
Müxalifət ac olmalıdır, müxalifətçi təzə paltar ala bilməz. O,
avtomobil və ya təzə ev alırsa, demək ki, satılıb. Müxalifət
nümayəndəsi bahalı yerdə toy edə bilməz. O toyuna, əgər fərqli
düşüncəyə məxsus qohum-əqrəbası varsa, dəvət edə bilməz. Əgər
onları Əli Kərimli və ətrafında fırlanan eyni düşüncəli insanlar
toyda görsə, demək ki, o yazıq müxalifətçi bu toyu da hakimiyyətin
pulu ilə edir. Əgər cəbhəçi toya gedə və pul yazdıra bilirsə və
bunu dediyimiz ətrafdan kimsə görübsə, demək ki, onların
müxalifətçiliyində nəsə başqa nüanslar var. Deməli, o müxalifətçi
şübhə altında olmalıdır. "Toya atmağa pulun haradandır" sualı adi
və elə bil ki, kefini soruşurlarmış kimi soruşulacaq. Əgər toya
pulun varsa, bəs niyə cəbhəyə xərcləməyə yoxundur? Əgər varsa,
haradandır, kimə işləyirsən?.. Bu qədər absurd və cəhalət…
Rusiyada da avtoritar rejimdir. Amma orada müxalifətin imici
fərqlidir. Müxalifət partiyaları çox varlıdırlar. Qardaş Türkiyədə
müxalifət tam olaraq hakimiyyət bölgüsündə iştirak edir. Müxtəlif
vasitələrlə hakimiyyət içərisinə adamlarını yerləşdirir və s. Amma
AXCP başda olmaqla Azərbaycan müxalifətinin təfəkkürü bunu qəbul
etmir. Müxalifət nümayəndəsi ac olmalı və məhrumiyyətlər
çəkməlidir. Nəinki kiməsə arxa dura bilər, heç öz ailəsini belə
saxlaya bilməz.
Burada bir çox məntiqi suallar ortaya çıxır: Ac və gücsüz insan
hakimiyyətə gələ bilərmi? Yaxud, bunu tələb edənlər və az-çox
imkanı olanları "satqın" elan edənlər özləri ac və ya bir tikə
çörəyə möhtacdırmı? Bəlkə, onların avtomobilləri yoxdur? Bəlkə
evsiz-eşiksizdirlər? Bəlkə övladlarının təhsil xərcini ödəyə
bilmirlər? Bəlkə övladları sıravi müxalifətçilərin övladları kimi
hökumətin repetitora möhtac orta məktəblərində təhsil alır?
Pulsuz-parasız hakimiyyətə gəlmək olarmı?
Belə bir praktika mövcud deyil. İnqilab da, seçki də maliyyə
vəsaiti tələb edir. Dünyada qəbul olmayan normayla Azərbaycanda
nəsə etmək olarmı? Təbii ki, yox.
Belə bir nümunəni heç yerdə, heç bir qitədə müşahidə etməmişəm.
Hakimiyyət içərisinə inteqrasiya etmədən və hakimiyyəti bölüşmədən
dəyişiklik yaratmaq mümkün deyil. Pulsuz-parasız hakimiyyət
dəyişikliyi olmur.
İnqilab olsa, hakimiyyətə kim gələcək?
Olduğumuz düşərgədə inqilab ab-havası düşüncəsi hər zaman
dəbdədir. Elə müxalifətçi dostlarımın arasında da inqilab həvəsində
olanlar çoxdur. Amma hər zaman düşüncəm eyni olub. İnqilab
fəlakətdir və Azərbaycanda inqilab olarsa, ilk zərbəni alan ənənəvi
müxalifət olacaq. Az qala 30 ildir simasını gördüyümüz, bəzən
sadəlövhcəsinə inandığımız müxalifət liderlərindən heç kim dövlət
başçısı ola bilməyəcək. Xaosa bürünən cəmiyyətdə papaq altından elə
oğlanlar çıxacaq ki, onların da birinci işi elə bu zümrəni aradan
götürmək olacaq.
İkinci ssenari isə elə hakimiyyətin içindən kiminsə dövlətin
sükanına yiyələnəcəyidir. Çünki Qərb üçün də 20 ildir əməkdaşlıq
etdiyi komanda içindən birisi ilə anlaşmaq daha asandır və praktik
siyasətin ən sadə elementidir.
Mən müxalif düşüncəni və yaradacağım təşkilatı necə
görürəm?
Siyasət təkcə siyasətçilər üçün deyil. Xalq da, üzvlərimiz də
siyasətimizin formalaşmasında iştirak etməlidirlər. Bağlı qapı
arxasında, dörd divar arasında danışdığımızla xalqa dediyimiz
ismarıc arasında fərq olmamalıdır. Açıq siyasət aparmağa borcluyuq.
Sosial bazamızı genişləndirmək, itirdiyimiz inamı bərpa etməyin
yeganə yolu budur. Müxalifət imici qaragünlü, həbs olunan və polis
dəyənəyi altında inləyən olmamalıdır. Müxalifətçi işsiz və ailəsi
yanında üzüqara olursa, bu siyasətin uğurlu gələcəyi inandırıcı
deyil. Müxalifət doğru danışdığına və hakimiyyətin inikası deyil,
aynası olduğuna görə xalq tərəfindən hörmət görməli,
dəstəklənməlidir. Bu, yeni demokratiya tezisidir. Bu tip
mübarizənin, düşündüyünlə dediyinin fərqli olduğu ruhu daşımaq
olmaz. Bu tip siyasətin inikası deyil, aynası olmaq lazımdır. Bu
yolda mübarizəmiz davam etməlidir. Klassik siyasətin uçuruma
apardığı bizlər yeni demokratiya yoluna – xalqa söykənən, xalqa əsl
həqiqəti söyləyən və onunla birgə çıxış yolu tapılan demokratik
cəmiyyət yoluna çıxmalıyıq. Xalqa söykənən, onun istəklərini,
arzularını, azad və xoşbəxt cəmiyyətdə parlaq yaşamasına dəstək
verməklə.