Müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin nümayəndə
heyəti ilə görüşüb.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda
rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin tibb
komandanı - Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, korpus
generalı Ömər Paçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Görüş iştirakçıları əvvəlcə Azərbaycan Tibb Universitetinin
Hərbi tibb fakültəsində tədris, təlim, praktiki məşğələlər üçün
yaradılan Simulyasiya Mərkəzi, tədris laboratoriyası, kompyuter
sinfi, kitabxana, həmçinin yataqxana kompleksi ilə tanış
olublar.
Tanışlıq zamanı bildirilib ki, Hərbi tibb fakültəsində yeni
yaradılan Simulyasiya Mərkəzi dünyanın qabaqcıl ölkələrində
istehsal olunan müasir tədris vasitələri-manikenlər (mulyaj) ilə
təchiz edilib. Bu manikenlər üzərində fakültənin kursant və
rezidentlərinə magistral damarların pulsasiyası, pataloji ürək
tonları, ürək ritminin və ağciyər tənəffüsünün pozulması halları,
həmçinin torokosintez, traxeyanın intubasiyası, plevra boşluğunun
drenaj edilməsi, venapunksiya kimi əməliyyatlar öyrədilir. Bu
tədris vasitələrinin köməkliyi ilə gələcək hərbi həkimlər yüksək
praktik vərdişlərə yiyələnəcəklər.
Sonra brifinq salonunda şəxsi heyətlə görüş keçirilib.
Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib
ki, hərbi tibb təhsilinin bütün formalarının mərkəzləşdirilməsi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən,
2000-ci ildə Tibb Universiteti nəzdində Hərbi tibb fakültəsinin
yaradılması qərara alınıb. 2015-ci ilin fevral ayında Müdafiə
nazirinin tapşırığı və dəstəyi ilə nəticəsində fakültənin əsaslı
təmiri başlanıb. Hazırda fakültədə təhsil alan kursantlar Silahlı
Qüvvələrin şəxsi heyətinin tibbi təminatının müasir tələblərinə
cavab verən peşəkar hərbi tibbi kadrlarının əsasını təşkil
edirlər.
Ölkəsinin hərbi tibb tarixi haqqında məlumat verən korpus
generalı Ö.Paç Azərbaycana səfərindən şərəf duyduğunu,
dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi hərbi tibb
istiqamətində də əməkdaşlığın yüksək səviyyədə qurulduğunu və daim
genişləndiyini vurğulayıb.
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov da bu günün
Hərbi tibb fakültəsinin tarixində əlamətdar gün olduğunu və yeni
binada kursantlar üçün bütün şəraitin yaradıldığını bildirib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti
cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı
Qüvvələrin hər bir sahəsində olduğu kimi hərbi tibb sahəsinin də
sürətlə inkişaf etdiyini vurğulayıb. Türkiyə ilə hərbi tibb
sahəsində əməkdaşlığa toxunan nazir bu istiqamətdə təhsil, təcrübə
mübadiləsi və digər görülən işləri, qardaş ölkənin daim dəstəyini
yüksək qiymətləndirib.
Müdafiə naziri son vaxtlar cəbhədəki gərgin vəziyyətə, düşmənin
təxribat törətmək cəhdlərinə diqqət yetirərək hərbi tibb
mütəxəssislərinin dərin biliklərə, geniş təcrübəyə malik olmalarını
xüsusi qeyd edib.
"Hər bir hərbi həkim bilməlidir ki, şəxsi heyətin sağlamlığı,
əsgərə ilkin tibbi yardımın göstərilməsi döyüş tapşırığına,
ümumilikdə döyüş hazırlığına təsir edən əsas faktorlardan biridir.
Məhz bu səbəbdən də torpaqlarımızı işğaldan azad etməyə hazır olan
Silahlı Qüvvələrimizdə xidmət edən hərbi həkimlərimizin döyüş
meydanında rolu əvəzsizdir və danılmazdır", - deyə Müdafiə naziri
bildirib.
Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənovun və korpus
generalı Ö.Paçın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü keçirilib.