Bakının Yasamal rayonunda 5 gün əvvəl bıçaqlanan
prodüser Hamlet Cahangirov xəstəxanada ölüb.
Publika.az 2 ay
əvvələdək prodüseri olduğu Səidə Sultanın məsələyə münasibətini
öyrənib:
"Problemli adam olmasa da, dili dinc durmurdu. Allah rəhmət
etsin. Mən də xəbəri hamı kimi eşidib pis olmuşam. 2 ay idi
işbirliyimizə son qoymuşduq. 8 ay mənim prodüserim olub. Heç bir
şou nümayəndəsi ilə problemi olmayıb. Heç kəsdən də şübhələnmirəm.
Çox yaxşı uşaq idi. Mənə elə gəlir dilinin bəlasına düşüb. Bəlkə
də, küçədə söz atıblar, bu da söyüb. Bilinmir günahkar kimdir.
Mayın 1-də biz görüşüb konsert üçün məkana beh verməli idik. Ayın
biri çəkilişə gedəndə zəng etdim ki, oyaqsansa, gəl, birlikdə
gedək. Onda bildim ki, bıçaqlanıb".
Səidə Sultan prodüserinin borclu olması ilə bağlı fakta da diqqət
çəkərək onu da bir ehtimal hesab edib:
"Borcu olub. Amma borca görə adam öldürərlər? Bir qıza 8 min manat
borcu var idi. Həmin pulu ödəyə bilmirdi. Məbləğin yarısını
vermişdi, yarısı qalmışdı. Qız da onu divara dirəyirdi ki, pulumu
ödə. Qız da pula görə polisə müraciət etmişdi. Onun qətli nədirsə,
başqa bir şeydir".
Müğənni Axar.az-a açıqlamasında isə polis tərəfindən
çağırıldığını deyib:
"Hər hansı bir izahat tələb etmədi. Cinayətkarlar tez bir
zamanda yaxalandı. O, sakit təbiətli, "kruq"u olmayan, gecə həyatı
yaşamayan bir adam idi. Onun öldürülməsinin nə şəxsi həyatı ilə, nə
də başqa bir şeylə bağlı olduğunu düşünürəm. Sadəcə, hadisə gecə
vaxtı baş verib. O, aqressiv, tez cavab qaytaran oğlan idi. Yəqin
ki, küçədə ona sataşıblar, ya nəsə söz atıblar, o da cavab verib və
hadisə belə baş verib. Onunla
uzun müddət işləməyimə baxmayaraq, haqqında o qədər də çox məlumata
sahib deyildim. Bircə bilirdim ki, "Sovetski"də yaşayır. Amma evini
tanımırdım. Əzizlərini belə tanımıram ki, zəng vurub başsağlığı
verim".
İddialara görə, qətlə yetirilən Hamlet Cahangirov homoseksual
olub.
Xatırladaq ki, Yasamal Rayon Prokurorluğundan verilən məlumata
görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Hamlet Cahangirov
mayın 1-də Mətbuat prospektində bıçaqlanıb. O, Kliniki Tibbi
Mərkəzə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb və
mayın 4-də xəstəxanada keçinib.