Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis
əməkdaşlarına silahlı basqın etməkdə təqsirləndirilən dəstə
üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb.
APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, 6 nəfər 14 il, 1
nəfər 13 il, 1 nəfər 12 il, bir nəfər isə 9 il müddətinə azadlıqdan
məhrum edilib.
İstintaq zamanı məlum olub ki, Radif Ağamuradov Qusarda vəhhabi
təriqətinə aid olan şəxslərdən "Ömər" ləqəbli Faiq Şahmuradov, "Əbu
Hənifə" ləqəbli Ramiz Rəhimxanov, "Seyfullah" ləqəbli Edik Rüstəmov
və digərləri ilə mütəşəkkil dəstə yaradıblar. Onlar valyutadəyişmə
məntəqələrində və digər biznes sahələrində işləməyin və gəlir
götürməyin haram olduğunu bildiriblər. Belə fəaliyyətlə məşğul olan
şəxslərə basqın edib külli miqdarda pul əldə etmək qərarına
gəliblər. Bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında
Dağıstandan istintaqa məlum olmayan mənbədən silah-sursat alaraq
Azərbaycana gətiriblər. Həmin silahla silahlanaraq oktyabrın 16-da
Sadir Mustafayev adlı şəxsə hücum edib, ondan külli miqdarda pul
götürüblər. Həmin cinayət işi ilə əlaqədar Edik Rüstəmov polislər
tərəfindən saxlanılıb. O, oğurladıqları pulu qaytarmaq adı ilə
polis əməkdaşlarını aldadaraq meşəyə gətirib. Orada polis
əməkdaşları ilə dəstə üzvləri arasında atışma baş verib. Həmin
atışmada dəstə üzvləri polis əməkdaşı Qalib Quliyevi öldürüblər.
Digər polislər Mövlud Əliyev, Cəmil Nəsirov, Məhəmməd İbrahimova
isə ağır bədən xəsarətləri yetiriblər. Həmin atışma zamanı dəstə
üzvlərindən Edik Rüstəmov, Faiq Şahmuradov və Ramiz Rəhimxanov
öldürülüb. Digərləri isə həbs edilib.
Qeyd edək ki, dəstə üzvləri - Radif Ağamuradov, Cavad Məhərrəmov,
Murad İsayev, Elxan İsrafilov, Elnur Musayev, Bağır Ağayev, Şamil
Manafov, Tərlan Salmanov, Osman Mustafayevdən "Makarov" və "Naqan"
tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd
qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli
məişət əşyaları aşkar edilərək götürülüb.
Onlar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə)
maddəsinin müxtəlif bəndləri, 177-ci (oğurluq) maddəsinin müxtəlif
bəndləri, 29, 120-ci (qəsdən adam öldürməyə) cəhd maddəsinin
müxtəlif bəndləri, 228-ci (qanunsuz olaraq odlu silah saxlama),
217-ci (banditizim) maddəsinə və digər maddələrə əsasən ittiham
olunurlar.