Son illər Masallı rayon İcra Hakimiyyəti ölkənin, eləcə
də regionun aparıcı jurnalistləri ilə ardıcıl görüşlər keçirir. Bu
görüşlərdən biri iyunun 13-14-də Masallı rayon İcra Hakimiyyətində
təşkil olunub.
Axar.az xəbər verir ki, ölkənin 15 qəzet və sayt redaktorlarının
iştirak etdiyi görüşdə Masallıda icra olunan yeni infrastruktur
layihələrindən söz açılıb.
İcra başçısı Rafil Hüseynov əvvəlcə Yaponiya hökumətinin maliyyə
dəstəyi ilə Seybətindəki 4 hektarlıq zibilliyin ləğv olunaraq
yerində bərk tullantılar üçün sex tikildiyini qeyd edib.
İnşası davam etdirilən Masallı park-bulvarından danışan icra
başçısı bildirib ki, hazırda layihə üzrə sahilbərkitmə işləri
aparılır: "Burada işi elə qurmağa çalışırıq ki, həmin ərazi təkcə
istirahət yeri yox, həm də daşqın zamanı rayonun təhlükəsizliyinə
xidmət etmiş olsun".
İcra başçısı Masallıda həyata keçirilən yeni layihələr sırasında
"ASAN XİDMƏT" Mərkəzini xüsusi vurğulayıb. Görüşdə "Azərsun
Holdinq"in Masallıda icarəyə götürdüyü ərazilərdə (Qızılağacdakı
tərəvəz - 100 ha, Kolatanda çay plantasiyası - 100 ha) görülmüş
işlərdən bəhs olunub.
İcra başçısı qeyd edib ki, 1-2 ucqar kənd istisna olmaqla
rayonun bütün kəndlərinin qazlaşması ilin sonuna kimi başa
çatdırılacaq. Bundan başqa, içməli su problemi də tamamilə aradan
qaldırılacaq.
"Biz turizmdən daha böyük fayda əldə etməyi hədəfləyirik" -
deyən R.Hüseynov gələcəkdə Qodman və Qəriblər kəndlərinin arasında
turizm kəndinin salınmasının da planlara daxil olduğunu
bildirib.
Daha sonra jurnalistlər Qızılağac kəndindəki 100 hektarlıq
tərəvəz sahəsi ilə tanış olublar. "Azərsun Holdinq"in Türkiyədən
gəlmiş aqronomu Tofik Salih qonaqlara məlumat verib ki, istifadəsiz
qalmış bu ərazini qısa müddətdə canlandırıblar. Burada pomidor,
xiyar, badımcan, kartof və sair tərəvəz məhsulları əkilib.
Jurnalistlər Kolatan kəndinin mərkəzindən 6 kilometr aralıda -
dağlar qoynunda salınmış çay plantasiyalarına da baş çəkiblər. İcra
başçısının müavini Nəsir Muxtarlı bildirib ki, çox çətin ərazidə
yerləşən bu sahəyə daxili imkanlar hesabına yol çəkilib:
"Tam istifadəsiz sahədə "Azərsun Holdinq" 100 hektarlıq çay
plantasiyası salıb. Bu sahədə yaxın vaxtlarda 500 nəfərin
işləyəcəyi gözlənilir. Burada yetişdirilən çay mütəxəssislərin
fikrincə, dünyanın ən keyfiyyətli çaylarından olacaq. Bu əraziyə
görə də "Azərsun Holdinq" kənd bələdiyyəsinə icarə haqqı
ödəyir".