Yuxarı

Mübariz İbrahimovun ev muzeyi açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mübariz İbrahimovun ev muzeyi açıldı - Foto

Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinin açılışı olub.

Axar.az Report-a istinadən xəbər verir ki, bu münasibətlə qəhrəmanın doğulduğu Biləsuvarın Əliabad kəndində tədbir keçirilib.

Açılış mərasimində deputat Fəzail İbrahimli, rayon rəsmiləri, şəhid valideynləri, yerli sakinlər və qəhrəmanın yaxınları iştirak edib.

Açılışdan əvvəl tədbirdə çıxış edənlər qəhrəmanın həyat və döyüş yolundan söhbət açıblar. Eyni zamanda məktəblilər qəhrəmana həsr olunmuş şeirlər səsləndirib.

Daha sonra Milli Qəhrəmanın ev muzeyinin açılışını bildirən qırmızı lent kəsilib. Tədbir iştirakçıları muzeyi ziyarət ediblər.

Ev muzeyi 1 mərtəbədən ibarət olan sərgi zalından ibarətdir. Burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyatını əks etdirən eksponatlar yer alıb.

Bu gün həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı oğlu balaca Mübarizin ad günüdür.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib.

M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. O, bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.

Hərbçimizin meyitini qaytarmaqdan Ermənistan tərəfi uzun müddət boyun qaçırıb və onun cəsədini 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib.

2010-cu ilin noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində M.İbrahimovla vida mərasimi keçirilib. M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub.

İgidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.

Tarix
2021.07.08 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla