Bakı Apellyasiya
Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsi ilə
nəticələnən yol qəzasına səbəb olan Xalid Mədətovun barəsində olan
hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa
çatıb.
APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara
görə, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, ötən il martın 15-də saat 00:30 radələrində
Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun
idarə etdiyi "VAZ-2106" markalı, 10-NB-466 dövlət qeydiyyat nişanlı
avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi
"Mercedes-Benz G-55" markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı
avtomobilin toqquşub. Nəticədə "VAZ-2106"da olan sərnişinlər -
1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü
Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü
Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə
müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik
xəstəxanasına yerləşdiriliblər. Sürücü X. Mədətov narkoloji tibbi
müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu
vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət
Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin
istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini
idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan
iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif
olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X. Mədətov 5 il
nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12
il müddətinə azadlıqdan məhrum edilib. Nəqliyyat vasitələrini idarə
etmək hüququndan məhrum edilmə cəzası azadlıqdan məhrum edilmə
cəzası çəkiləndən sonra tətbiq olunacaq.
X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar
Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur.
Həmin hadisədən 2 gün sonra isə ölkə prezidentinin sərəncamı ilə
Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs
olunub.