Bu il iyunun 25-dən 26-na keçən gecə keçmiş həyat
yoldaşı Natəvan Əliyevanı xüsusi amansızlıqla qətlə yetirən Samir
Əliyev haqda məlumat əldə etmişik.
Axar.az xəbər verir ki, mərhum Natəvan Əliyeva Samir Əliyevin
doğma dayısı qızı olub. Evlilikdən bir neçə il sonra Samirin
ailəsində narazılıqlar baş qaldırıb. Ailəyə qarşı biganəlik, başqa
qadınla münasibət Natəvanın haqlı narazılığına səbəb olub.
Samir isə başqa qadınla birgə yaşamağa davam edib. O, evə nadir
hallarda gəlirmiş. Mənbəmizin məlumatına görə, Samirin qeyri-qanuni
yaşadığı qadından bir uşağı var.
Bütün bu səbəblərdən Natəvan Samirdən boşanmağa qərar verib,
ailəsinə Samirlə bir yerdə yaşaya bilməyəcəyini bildirib.
Qanuni nikaha xitam verildikdən sonra Samirdə qısqanclıq baş
qaldırıb. Bir müddətdən sonra Natəvanın özünə avtomobil alması isə
Samirin səbr kasasını doldurub. Cinayətin də məhz bu səbəbdən
törədildiyi ehtimal olunur.
Natəvan Əliyeva ilə Samir Əliyevin anası Rəhimə Əliyeva Xətai
rayonu ərazisində yerləşən eyni binada yaşadığından, keçmiş ərə
niyyətini həyata keçirmək o qədər də çətin olmayıb. Qətli həyətdəki
qarajda törədən S.Əliyev sonradan meyiti hadisə yerindən
uzaqlaşdıraraq, Xızıya aparıb və Bakı-Quba yolunun 55-ci
kilometrində, yolun sağ hərəkət hissəsində yandırıb. Meyiti iyulun
6-da Xızı Rayon Polis Şöbəsi əməkdaşları aşkarlayıb.
Bakıdakı 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyevanın
oğlu Samir Səməndər oğlu Əliyev bu gün həbs olunub. O, Cinayət
Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsində
ittiham olunub və barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri
seçilib.
Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva
paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim
işləyirdi, üç övladı var.