O, 1920-ci ildə Qırmızı ordu
əsgərinin qapını sındırıb onun evinə girməsini özünə təhqir hesab
edərək, əvvəl əsgəri, sonra da özünü güllə ilə vurur.
Onu Əmircanda tikdirdiyi məscidin həyətində dəfn edirlər.
Zirzəmidə gizlənən həyat yoldaşı Liza xanım isə İstanbula, oradan
da Berlinə köçür və ömrünün axırına qədər haqq-ədalətin öz yerini
tapacağına inanır.
Söhbət Xalq Cümhuriyyəti devriləndən sonra əmlakı müsadirə
olunan Bakı milyonçusu Murtuza Muxtarovdan gedir.
...Quyuya enirik. Bu, tarixin dibinə enmək kimi həyəcanverici
bir hiss idi. Yuxarıdan aşağı düşdükcə, sanki o başından zəif işıq
görünən tunelə daxil olursan. Hara gedəcəyini bilsən də, gedib
qayıtmaq şansının olub-olmaması sual altındadır. Qarşıda səni
gözləyən rütubətdən çürümüş dəmir pilləkənlər, mamır basmış
divarlar, su quyusunun üstündəki çatlamış beton örtük də elə tarix
qədər sirli, etibarsız idi - bəlkə də hər şey görünən kimi deyildi,
hər an nəsə dəyişə bilərdi.
Mən Bakı milyonçusu Murtuza Muxtarovun Mərdəkandakı bağının
darvazasından içəri girib nəzarətçiyə özümü təqdim etdim, bu məşhur
bağ haqqında məlumat almaq üçün bələdçi istədim. Nahar fasiləsi
olduğundan, gözləməli olduq. Nəhayət, burada tərcüməçi işləyən bir
nəfər bizi müşayiət edəcəyini bildirdi. Söhbətə başlar-başlamaz
bağdakı ağaclar, bitkilər barədə bildiklərini danışdı. Hiss
olunurdu ki, məlumatı səthi idi. Bunu görməzlikdən gəlib, məkanın
yalnız tarixi ilə maraqlandığımı söylədim. Hansı ağacın hansı
xəstəliyə faydası olduğundan, hansı bitkinin haradan
gətirildiyindən danışsaq, gərək bir kitab yazam. Bələdçimin bağın
tarixi ilə bağlı məlumatlarının da kifayət qədər olmadığını
görüncə, sadəcə, lazım olan yerləri göstərməsini istədim...
1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi
bağı olmuş bu ərazi indi Azərbaycan Milli Elmlər Akademiyasının
Dendrologiya İnstitutudur. 1870-ci ildə Balaxanı-Zabrat kəndləri
ətrafındakı mədənlərin birində fəhlə kimi işə başlayan Muxtarov
1895-ci ildə metal ştanqlarla qazma dəzgahını qurur və bu ona "Bakı
qazma" sistemi adını verir. Sonradan bu dəzgaha dövlət patenti də
alır. Uzun əziyyət və çətinlikdən sonra sahibkara çevrilən
M.Muxtarov şəxsi qazma kontorunu açır. Bir müddət sonra icad etdiyi
taxtayonan dəzgah isə hazırda Sankt-Peterburqdakı Dağ-mədən
İnstitutunda saxlanılır. Vladiqafqazda və Əmircan kəndində məscid,
Pirallahı yaxınlığında Mayak, məktəb və Bakı Şəhər İcra
Hakimiyyətinin binalarını, Səadət Sarayını tikdirən Murtuza
Muxtarov Mərdəkandakı bu bağ evini xanımı Liza ilə İtaliyanın
Venesiya şəhərini gəzəndən sonra inşa etdirir. Cəmi bir ilə tikilən
bina 1925-cı ildə dövlət mülkiyyətinə keçir və müxtəlif vaxtlarda
müxtəlif təşkilatların tərkibində olur.
Ümumi sahəsi 24 hektar olan və Xəzər dənizinin təqribən 3,2
kilometrliyində yerləşən bağın hovuzunun dərinliyi üç metrdən
artıqdır. Hovuzun suyundan bağdakı ağacların suvarılmasında
istifadə olunur. Ağacların vətənindən, bitkilərin faydasından
danışan bələdçi Eldar şamlarının dəyərli olduğunu xüsusi vurğuladı.
Dediyinə görə, vərəm sanatoriyalarında ən çox əkilən ağac Eldar
şamıdır.
Mənim isə diqqətimi M.Muxtarovun evinin qarşısındakı Ginkobiloba
ağacı çəkdi. Bu bitkidən alzqeymer xəstəliyinin müalicəsində
istifadə edilir.
Torpaq qatı əkin üçün yararsız olduğundan, M.Muxtarov bağa gəmi
və arabalar vasitəsilə Lənkərandan torpaq gətizdirməyə qərar verir.
Yeri gəlmişkən, "Arşın mal alan", "Qorxma, mən səninləyəm", "Başsız
atlı", "Vəziri-xani-Lənkəran" filmlərinin müəyyən kadrları da bu
bağ evində çəkilib.
Burada vaxtilə böyük zəhməti olmuş botanik-alim, akademik
İ.N.Vavilovun da muzeyinin olduğunu öyrəndim.
Sergey Yeseninin ev-muzeyinin qapısı bağlı idi, bunun səbəbini
təmirə bağlanması ilə əlaqələndirdilər. İrana getmək arzusunda olan
rus şairi Sergey Yesenin yanlış olaraq 1924-cü ildə Bakıya gəlir və
bir il burada yaşayır. Elə bu səbəbdən də bağda bir neçə əsərini
Bakıda yazıb-yaratmış şairin həyat və yaradıcılığına həsr olunmuş
xatirə-ev muzeyi yaradılıb. Bağın mərkəzində qoyulmuş iri dəmir
lövhədə Yeseninin "Fars motivləri", "Balaxanı mayı" və "Əlvida,
Bakı" əsərlərini burada yazdığı qeyd olunub.
Bələdçi sözarası M.Muxtarovun ev-muzeyinin olduğunu demişdi.
Amma bina ilə tanış olanda gördük ki, kitabxananınkı və AMEA-nın
konfarans zalınınkı da daxil olmaqla, bütün qapılar bağlıdı.
Sonradan öyrəndik ki, milyonçunun ev-muzeyi, ümumiyyətlə, yoxdur.
90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş, milyonçuya aid
şəxsi əşyalarla zəngin olan ev-muzey naməlum səbəblərdən yanıb.
Otuz metr dərinliyi olan su quyusunun isə nə vaxt qazıldığı
məlum deyil. Vaxtilə bir dəfəyə otuza qədər turistin düşə biləcəyi
quyunun yüz on pilləkəni var. İndi təhlükəli vəziyyətdə olduğundan,
qapısı bağlı idi. Bələdçi açarı, bizim, sadəcə, yuxarıdan çəkiliş
etmək istədiyimizi düşündüyünə görə gətirdi. Qapını özüm açdım.
Onun: "Xəbərdarlıq edirəm, aşağı düşmək təhlükəlidir", - deməsi
quyunun ecazkarlığını artırırdı. Başımıza gələcək kiçik macəra
quyunun tarixini zənginləşdirməsə də, quyu özümüzə inamın, qorxunu
yenməyin, bir növ rəmzi oldu.
Bələdçi açıq şəkildə aşağı enməyimizə qarşı idi. Aşağıya sarı
boylanmağımdan anladı ki, quyunun dibinə təkbaşına düşməkdə
israrlıyam. Yuxarıdan görünən mənzərə qorxulu yuxulara bənzəyirdi.
Öndə bələdçi, arxasınca mən, daha sonra fotoqraf qız quyunun dibinə
yollandıq. Elə iki-üç pillə düşmüşdük ki, temperaturun kəskin
dəyişdiyini, sərinlik gəldiyini hiss elədik. Amma qorxuya üstün
gəlmək istəyi hər şeydən güclü idi. Bir də nəm divarların üzərini
örtən bitkilər torpağın altında səyahət edirmişsən kimi gəlirdi
adama. Bir sözlə, indiki vəziyyətində bu quyuya düşmək heç məsləhət
deyil... Quyudan çıxdıq.
Buranın bağbanları və 90-cı illərdə quyunun restavrasiya
işlərində yaxından iştirak etmiş yaşlı işciləri ilə görüşdük.
Aralarındakı ən yaşlı adam dedi ki, quyunun dibindəki yeraltı keçid
vaxtilə üç istiqamətə aparırmış. Onlardan birinin Mərdəkan
qalasına, digərinin dəniz istiqamətinə, üçüncüsünün isə Şüvəlana
çıxışı varmış. Bu yollardan təhlükə zamanı, əsasən, gizli yollar
kimi istifadə olunubmuş. O, şaxtaçılarla birlikdə həmin yolla
dənizə çıxdığını da dedi. Bu zəhmətkeş, qorxmaz adamlardan hansının
bizimlə quyunun dibinə qədər düşə biləcəyini soruşanda, heç birinin
səsi çıxmadı. Ağsaqqal: "İndi nəinki pilləkənlər təhlükəlidi, hətta
quyunun üstündəki beton örtük də çatlayıb. Qırılıb suya düşsə,
ordan adam çıxartmaq çətin olar", - dedi. Elə bu vaxt işçilərdən
biri: "Nə olar, olar" - deyib, ətrafda yaranan qorxulu auranı
sındırdı və yenidən quyunun qapısını açdı. Fotoqrafı düşməyə
qoymadım və tapşırdım ki, məni yuxarıdan çağırmasın. Beləcə,
haradan yapışacağımı götür-qoy edə-edə, nəhayət, yerin ən soyuq,
nəmli yerinə qədər endik. Çatlamış betona ayaq qoymaq köhnəlmiş
pilləkənlərlə düşməkdən heç də təhlükəsiz deyildi. Bir-iki şəkil
çəkib, yeraltı keçidə tərəf yeridim. İçimdəki "bir dəli şeytan"
yeraltı keçidə düşən pilləkənlərə ayaq qoyub içəri boylanmağımı
istədi. Amma "lənət şeytana" deyib, geri qayıtdım. Bu fədakarlıq
isə heç kimə lazım deyildi, nə mənə, nə də tarixə.
Aydın Yol